vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 5 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
“Portcoin” “Portmanat”dan çıxmadı 17:09 | 5 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 51 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Portcoin” “Portmanat”dan çıxmadı

Azərbaycanın ilk qanuni kriptovalyutasını nə üçün ləğv edib

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ekosistemin tanınmış simalarından biri olan, “Portmanat” brendinin sahibi, “Portcoin” layihəsinin rəhbəri Telman Axundov “Portcoin” (PTC) kriptovalyutasının ləğv edildiyi haqqında sosial hesablarında açıqlama verib.

Düzü, çox təəccübləndiricidir.

Mərkəzi Bankın bununla bağlı rəsmi məlumatın olmaması çox düşündürücüdür.

Çünki “Portcoin” layihəsi və digər 3 maliyyə layihəsi məhz Mərkəzi Bank tərəfindən dəstəklənən “Sandbox” layihəsi (“Xüsusi Tənzimləmə Rejimi”) çərçivəsində reallaşmışdı. Bu, Azərbaycanın kripto və maliyyə ekosistemi üçün böyük bir hadisə idi.

“Portcoini” istifadəçilər məhdud sayda və məhdud məbləğdə “Portmanat” tətbiqi vasitəsilə alqı-satqı edə, manatla dəyişə bilirdilər.

Bununla bağlı Mərkəzi Bankın ayrıca qərarı vardı. Bank rəsmilərinin iştirakı ilə böyük təqdimat mərasimi olmuşdu. İçi mən qarışıq burada çıxışlar, təbriklər, təqdimatlar etmişdik və layihəyə xeyir-dua vermişdik.

İndi görəsən birdən birə nə baş verib ?

Nə üçün Mərkəzi Bankın bu haqda rəsmi açıqlaması yoxdur ?

Görünən odur ki, Mərkəzi Bank bu layihəni davam etdirmək istəməyib və bununla bağlı layihə rəhbərini xəbərdar edib.

Təəssüf ki layihə rəhbəri də yalnız “Portcoin”in ləğv ediləcəyi və indiyədək bunla bağlı olan ödənişlərin Portmanat vasitəsilə geri qaytarılacağını açıqlayıb.

Bu, Mərkəzi Bank layihəsi olduğundan düşünürəm ki, “Portcoin” hesablarında olan vəsaitlərin geri qaytarılmasıyla bağlı istifadəçilər üçün heç bir narahatçılıq olmayacaq.

Amma burda digər düşündürücü məqamlar var.

Fikrimcə belə bir innovativ layihənin bağlanması təsadüfi ola bilməz.

Ola bilər ki Mərkəzi Bank hansısa ciddi riskləri görüb, yaxud da elə ehtiyatlanaraq və nəticəni gözləməyərək ləğv etməyə üstünlük verib.

Ola bilər ki, Mərkəzi Bank “Portcoin”lə bağlı əvvəlcədən özünün müəyyən etdiyi limitlərin aşmasını müəyyən edib.

Tanıdığımız birjalarda “Portcoin listinq” edilməsə də, qlobalda blokçeyn vasitəsilə “Portcoin” müxtəlif yollarla alına bilərdi. Amma Mərkəzi Bank da bunu müşahidə edə bilir və əgər belə hallar olardısa bunun qarşısı alına bilərdi.

Bəlkə də MB “Portcoin” üçün müəyyənləşdirdiyi limitlərə nəzarət etmək imkanı olmayıb.

İstənilən halda, düşünürəm ki, belə bir innovativ layihənin ləğvi Azərbaycanın kripto və innovasiya ekosistemi üçün neqativ bir yanaşmadır.

Bu geriyə doğru addım hesab oluna bilər. Xatırladıram ki, Qazaxıstanda, Özbəkistanda, Gürcüstanda və digər region ölkələrində kripto ekosistemin inkişafı istiqamətində ciddi addımlar atılır və qanunla tənzimlənir.

Həm də, bir neçə gün öncə Mərkəzi Bank sədri Taleh Kazımovun ekspertlərlə görüşündə mən məhz bu məsələ ilə bağlı, “Sandbox”un sonunun necə olacağıyla bağlı, məhz virtual aktivlərlə bağlı sual vermişdim.

Maraqlıdır ki, Mərkəzi Bank sədri yalnız Virtual aktivlər haqqında qanun layihəsinin hazırlanmaqda olduğu və tez bir zamanda başa çatdırılacağını bildrimişdi. “Sandbox” layihələri haqqında fikir bildirməmişdi.

Bütün bunlardan sonra belə qanunun qəbulunun da hansı əhəmiyyəti ola biləcəyi də sual altındadır.

Düşünürəm ki, “Portcoin” komandasının bu layihəni batmağa qoymaması, qlobalda və regional bazarda davam etdirməsi, qlobal birjalarda listinqə çıxartması, blokçeyn əsaslı açıq birjalarda saxlaması və bunun inkişafı üçün investorlar axtarması daha məntiqli və doğru olardı.