vaxtlı-vaxtında oxuyun! Cümə, 16 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9190 AZN
1 Rusiya rublu 1 RUB = 0.0250 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2078 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3101 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər  bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ARAŞDIRMA  
23:22 | 19 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 893 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Saxta içkilər bazarı

Şayiələr və reallıq: Yenə də şadlıq evləri…

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verildiyi kimi, Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən əməliyyat yolu ilə saxlanılıb. Araşdırmalar zamanı saxta aksiz markalarının çatdırıldığı qanunsuz fəaliyyət göstərən xüsusi məkanlarda keyfiyyətsiz spirtin su ilə texniki qarışığından əldə edilməklə əhalinin fiziki sağlamlığına zərərli olan və kütləvi satışa çıxarılan saxta araqların istehsal olunduğu müəyyən edilib. Virtualaz.org saytının etibarlı mənbələrdən əldə etdiyi məlumatlara əsasən, keyfiyyətsiz spirt saxlanılan çoxlu sayda çənlər aşkar olunub. Təkcə bir ünvanda içərisi keyfiyyətsiz spirtlə dolu 16 ədəd çən tapılıb.

DTX-nın bu əməliyyatı Azərbaycanda saxta alkoqollu içkilər bazarını yenidən gündəmə gətirir. İllərdir bazardakı spirtli içkilərin 50 faizinin saxta olduğu, xüsusilə də araqların gizli fəaliyyət göstərən sexlərdə hazırlandığı iddia olunur.

Virtualaz.org saytı problemin aktuallığını nəzərə alaraq, spirtli içki bazarındakı vəziyyəti araşdırıb.

 

Bir ayda 38 nəfər araqdan zəhərlənib

 

Səhiyyə Nazirliyinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva virtualaz.org saytına bildirib ki, alkoqollu içkilərdən zəhərlənmə diaqnozu ilə təcili yardım xidmətinə ötən ay 38 nəfər müraciət edib. Zəhərlənənlər ilkin tibbi yardım göstəriləndən sonra xəstəxanalara yerləşdiriliblər.

Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudov isə deyib ki, spirtli içkilərdən zəhərlənmə diaqnozu ilə mərkəzə 8 nəfər gətirilib: «Biz xəstələrin qəbul etdiyi arağın saxta olub-olmadığını araşdıra bilmirik. Amma xəstələrin məhz içkidən zəhərləndiyi bəllidir».

 

Saxta arağın tərkibinə dərman qatırlar

 

Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov isə virtualaz.org saytına açıqlamasında bildirib ki, etil spirtindən deyil, məişətdə istifadə edilən cihazların təmizlənməsi üçün nəzərdə tutulmuş texniki spirtdən (metanoldan) araq hazırlayırlar. «Bu içkilərin tərkibinə müxtəlif dərman vasitələri qatırlar ki, reaksiya verməsin. Həmin içki etil spirtindən hazırlanmış araqdan kəskin dərəcədə fərqli olur. İnsanın sinir sisteminə daha öldürücü təsir göstərir. Rusiyada araqdan ölüm halları da buna görə baş vermişdi. Hər ehtimala qarşı ucuz spirtli içkilərdən uzaq durmaq lazımdır», - həkim söyləyib.

Qeyd edək ki, bu ilin mart ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Rusiya, Belarus, eləcə də digər dövlətlərdə istehsal olunaraq Azərbaycana idxal edilən spirtli içkilərin ölkə daxilində saxta nümunələrinin eyni adlar altında qanunsuz istehsalını həyata keçirən 10 nəfərdən ibarət mütəşəkkil dəstə yaxalanmışdı. Məlum olmuşdu ki, Biləcəri, Sulutəpə və Saray qəsəbələrində yerləşən gizli anbar və sexlərdə hazırlanan araqların tərkibinə aseton qatılır.

 

Bazardakı içkilərin 70 faizi saxtadır

 

Bunu isə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir. Hüquq müdafiəçisinin sözlərinə görə, illərdir araq istehsalında istifadə edilən texniki spirt İrandan, aksiz markaları Gürcüstandan gətirilirdi, şüşələr isə təşkil olunmuş qruplar tərəfindən yığılırdı. DTX-nın keçirdiyi son əməliyyat da iddiaları təsdiqlədi və saxta araq biznesi ilə məşğul olanlara öldürücü zərbə vurdu. «Rəhbərlik etdiyim təşkilata saxta araqlarla bağlı dəfələrlə şikayətlər daxil olub. Təşkilatın ofisində saxta araq və şərablardan nümunələr var. Bizə verilən məlumata görə, İrandan gətirilən texniki spirt 20 litrlik qablaşdırmada paylanılırdı. Bu isə diqqət çəkməmək, həmçinin məsuliyyətdən yayınmaq məqsədilə edilirdi», - E.Hüseynov söyləyib.

Hüquq müdafiəçisi əlavə edib ki, saxta araqlar əsasən şadlıq evlərində istifadə olunur. «Amma problem yalnız arağın keyfiyyəti ilə bağlı deyil. Hər bir məhsulun istifadə müddəti var. Məsələn, şərablar 6 ay, konyaklar 3 il, araqlar 1 il istifadəyə yararlıdır. Amma içkinin üzərində istehsal və son istifadə tarixi göstərilməyib. Beləliklə də, istifadə müddəti bitmiş içkilər satışdan yığışdırılmayıb», - E.Hüseynov deyib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev sorğumuza cavab olaraq bildirib ki, bu ilin əvvəlindən indiyədək spirtli içkilərlə bağlı nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət daxil olmayıb. Lakin vətəndaşların müraciəti əsasında araşdırma aparıla bilər.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev də yanvardan indiyədək alkoqollu içkilərin keyfiyyəti ilə bağlı şikayət daxil olmadığını söyləyib. «Mərkəzimizə spirtli içkilərin keyfiyyəti ilə bağlı şikayət gəlməyib. Lakin gizli sexlərin mövcudluğu, saxta araq hazırlandığı ehtimalı həmişə var. Sadəcə olaraq, gizli sexləri aşkarlamaq, sexlərdə yoxlama aparmaq səlahiyyətimiz yoxdur», – Abdullayev əlavə edib.

 

Yenə də şadlıq evləri…

 

Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru, Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının həqiqi üzvü Tariyel Pənahov da saxta araqların şadlıq evləri, restoran və yeməkxanalara verildiyini ehtimal edir. O, saxta araq istehsal edən sexlərlə mübarizə üçün digər qurumları əməkdaşlığa çağırıb: «Bizim institutun nəzdindəki laboratoriyada spirtli içkilərin tərkibini yoxlamaq, saxta olub-olmadığını aşkarlamaq mümkündür. İnstitutumuzda bu sahəni peşəkar səviyyədə bilən mütəxəssislər də var. Buna görə də, təklif edirik ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, nazirliklərin, bizim mütəxəssislərin iştirakı ilə ekspert qrupu yaradılsın. Saxta araq istehsalı ilə məşğul olanlarla mübarizədə birgə çalışmaq lazımdır ki, bazar belə məhsullardan təmizlənsin».

Sonda qeyd edək ki, statistikaya əsasən, Azərbaycan əhalisinin 1 aylıq araq istehlakı miqdarı orta hesabla təxminən 1 milyon şüşəyə bərabərdir.

Ülviyyə XUDİYEVA


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *