vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
23:32 | 20 fevral 2019 | Çərşənbə Məqaləyə 1280 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“NATO-ya daxil olana qədər …”

Şahin Cəfərli: “Gürcülər istəyir ki, xristian dünyası ilə əlaqələri heç vaxt itməsin”

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstan hökumətinin Rusiyanın “Qazprom” şirkəti ilə ölkənin qaz təchizatının şaxələndirilməsi üçün apardığı danışıqlar yekunlaşmaq üzrədir. Gürcü rəsmilər deyirlər ki, əldə edilmiş razılaşmaya əsasən Gürcüstan Rusiyadan “müəyyən həcmdə” qaz alaraq Azərbaycan qazından asılılığı azaldacaq.

İqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya bildirib ki, “Qazprom”la müqavilənin uzadılması ölkənin qaz bazarında Azərbaycanın inhisarçı mövqeyi ilə mübarizə aparmaq məqsədi güdür: “Biz istəmirik ki, bazara inhisarçılıq yaransın və yeganə qaz təchizatçısı Azərbaycan olsun. Azərbaycanın da olmağını istəyirik, amma müəyyən həcmdə qazı Rusiyadan almaq lazımdır”.

Parlament müxalifəti isə hökumətin bu şaxələndirmə cəhdini ölkənin milli maraqlarını satmaq adlandırıb. "Avropa Gürcüstanı” fraksiyasının üzvü Elene Xoştariya bildirib ki, bununla hökumət Tbilisini Moskvanın orbitinə çəkir: “Rusiya işğalçıdır, o qaz iynəsini öz siyasi məqsədlərinə çatmaq üçün istifadə edir. Rusiya şaxələndirmə mexanizminə xidmət edə bilməz. İndi illər lazım olacaq ki, Rusiyadan asılılıq azalsın. Bu yazılı həqiqətləri nə vaxta qədər təkrarlamaq olar?!”

Nazir G.Kobuliya isə bildirib ki, “SOCAR Georgia Gas” şirkəti martın 1-dən kommersiya abonentləri üçün qazın qiymətini 10.5 faiz qaldıracağını elan edib. Hökumətdə hesab edirlər ki, bu bahalaşma “Qazprom”u bazara daxil etmək üçün kifayət qədər tutarlı əsasdır.

Keçmiş prezidenti Mixail Saakaşvili isə özünün “Facebook” səhifəsindən hakimiyyətin ünvanına sərt bəyanatla çıxış edib: “Sənin strateji tərəfdaşın Azərbaycan heç vaxt, hətta ən kritik məqamlarda belə qaz təchizatından imtina etməyib, o biri tərəfdə isə qaz kəmərini partladan və Gürcüstanı qışın ortasında qazsız qoyan Rusiya dayanıb. Üstəlik, Azərbaycan qazı Rusiya qazından ən azı 20 faiz ucuzdur”.

Məsələyə hətta enerji ombudsmanı Salome Vardiaşvili də qarışıb. O hesab edir ki, Azərbaycan şirkəti tarifləri niyə artırdığını daha dəqiq əsaslandırmalıdır: “İstənilən tarif artımı yaxşı əsaslandırılmalıdır və sənədlərlə təsdiqlənməlidir. Mən SOCAR-ın mövqeyi haqda eşitmişəm, amma bu kifayət deyil. Tariflərin artırılması ilk növbədə kiçik və orta biznesə təsir edəcək, qaz təchizatçıları insanların vəziyyətini nəzərə almalıdır”.

Gürcüstan tərəfinin qaz aldığı mənbələri şaxələndirmə iddiasından az sonra SOCAR-ın biznes üçün qiyməti qaldırmasını əsas gətirməsi yetərli izahat hesab oluna bilərmi? Bu məsələdə siyasi amillər nə qədər rol oynayır?

Sualları cavablandıran Politoloq Şahin Cəfərli bildirir ki, məsələni bir az aydınlaşdırmağa ehtiyac var: “Rusiya Ermənistana təbii qazı Gürcüstan ərazisi ilə nəql edir. Moskva ilə Tiflis arasında 2017-ci ildə imzalanmış 2 illik tranzit müqaviləsinin müddəti ötən ilin dekabrında başa çatıb. İndi yeni müqavilənin imzalanması üçün danışıqlar aparılır və fevralın sonunda yekunlaşmalıdır. Ermənistana Gürcüstan vasitəsilə qaz nəqlinin yeni şərtləri müəyyənləşəcək. 2017-ci il müqaviləsinə qədər Gürcüstan tranzit haqqı kimi Ermənistana gedən qazın 10 faizini götürürdü. Lakin sonra Moskva tranzit haqqını yalnız valyuta ilə ödəyəcəyini bildirdi və müqavilənin ikinci ilində - ötən il Gürcüstana qaz verməyib, sadəcə maddi ödənişlə kifayətləndi. İndi Gürcüstan köhnə sxemə geri dönüb, yenidən Rusiyadan müəyyən miqdarda qaz almaq istəyir. Məsələnin formal tərəfi budur”.

Politoloq Gürcüstan hökumətinin mövqe dəyişikliyində siyasi amillərin də rol oynamasını istisna etmir: “Son həftələr baş verənlərə nəzər salanda və faktları arxa-arxaya düzəndə bu qənaətə gəlmək üçün əsaslar olduğu görünür. Bilirsiniz ki, əvvəlcə abidə qalmaqalı baş verdi. Sonra “SOCAR-Georgia Gas” şirkəti kommersiya istehlakçıları üçün qazın qiymətini martın 1-dən etibarən qaldıracağını elan etdi. Daha sonra Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliyanın Rusiyadan qaz alacaqlarına dair açıqlamasını eşitdik. Eyni zamanda nazir bəyan etdi ki, bu sahədə inhisar yolverilməzdir və Azərbaycan Gürcüstan bazarında yeganə tədarükçü olmamalıdır. Düzdür, SOCAR-ın Gürcüstandakı törəmə şirkəti hökumətlə razılığa əsasən yerli istehlakçılar üçün tarifləri milli pul vahidinin məzənnəsinə uyğun olaraq müəyyənləşdirir, bu baxımdan rəsmilər deyə bilər ki, qiymətin artırılmasında hər hansı siyasi motiv yoxdur. Amma hər halda, bu qərarın abidə problemindən sonra verilməsi diqqəti cəlb etməyə bilməz. Gürcü nazirin açıqlamalarının məzmunu və tonu da göstərir ki, problem var”.

Ş.Cəfərlinin sözlərinə görə, “Gürcü Arzusu” hakimiyyətə gəldikdən sonra Gürcüstan-Rusiya münasibətləri yüksələn xətt üzrə inkişaf edib: “Bəli, diplomatik əlaqələr bərpa olunmayıb, qarşılıqlı yüksək səviyyəli səfərlər həyata keçirilmir, amma iqtisadi kooperasiya güclənib. Bu gün Rusiya Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir. Ən son rəqəmləri qeyd etmək istərdim. 2019-cu ilin yanvar ayının yekunlarına əsasən Rusiya Türkiyə və Azərbaycandan sonra Gürcüstanın üçüncü böyük ticarət ortağıdır. Yanvarda iki ölkə arasında ticarət həcmi 88,1 milyon dollar təşkil edib. (Müqayisə üçün: Türkiyə ilə 122 milyon, Azərbaycanla 97,6 milyon dollar.) Gürcüstanın ixracında isə Rusiya ilk sıradadır. Ötən ay Gürcüstan Rusiyaya 39,2 milyon dollarlıq məhsul ixrac edib. Gürcüstanın turizmində də Rusiyanın mühüm payı var. 2018-ci ildə 1,4 milyon nəfərə yaxın Rusiya vətəndaşı Gürcüstana səfər edib və bu, ikinci göstəricidir (İlk sırada bizim vətəndaşlarımızdır.) Göründüyü kimi, qeyri-siyasi sferada ciddi irəliləyişlər var. Mən bunu rusiyapərəstlik kimi qiymətləndirməzdim. Qərb də bu reallığı qəbul edir, ən azı indiyə qədər Gürcüstan-Rusiya əməkdaşlığına sakit yanaşıb. Ümumiyyətlə, “Gürcü Arzusu”nun iqtidara gəlməsi və indiyədək hakimiyyətini davam etdirməsində Qərb-Rusiya qeyri-rəsmi konsensusu ciddi rol oynayıb. Bilirsiniz ki, Saakaşvili radikal qərbyönümlü siyasət aparırdı və Rusiya ilə düşmən olmuşdu.

Məsələləri dərindən bilməyənlərə elə görünə bilər ki, Qərb üçün bu durum sərfəlidir və onlar da elə bunu istəyir. Əslində isə belə deyil. Qərbə sərf edir ki, Gürcüstan Rusiya ilə münasibətlərini müəyyən səviyyədə qorusun və öz addımları ilə onu aqressivləşdirməsin, təhrik etməsin. Yəni 2008-ci ilin avqust hadisələri bir daha təkrarlanmasın. Bu baxımdan Saakaşvilinin iqtidardan getməsi və İvanişvilinin gəlməsində bir qanunauyğunluq var idi”.

Politoloq qeyd edir ki, Qərb Saakaşvilidən dəstəyini çəkmişdi və indi də onu dəstəkləmir: “Məhz bu səbəblə, onlar İvanişvilinin şıltaqlıqlarına, bəzi antidemokratik addımlarına dözüm göstərirlər, çünki hələ də real alternativ məhz Saakaşvilinin ətrafındakı qüvvələrdir. İvanişvili getsə, Saakaşvili qayıdacaq. Bu ehtimal Qərb çevrələrini məmnun etmir. Moskva da öz növbəsində kəskin anti-Rusiya mövqeli Saakaşvili və onun Vahid Milli Hərəkat Partiyasının iqtidara qayıtmasını istəmir və mötədil “Gürcü Arzusu” hökuməti onları qismən qane edir. Düzdür, “Gürcü Arzusu” dövründə Gürcüstanın xarici siyasət kursu dəyişməyib və avroatlantik inteqrasiya sürətlənib. Amma Rusiya iki pis variantdan daha az pis olana – Saakaşvili ilə müqayisədə İvanişviliyə üstünlük verir və gürcü oliqarxla daha asan dil tapır. Ona görə də düşünürəm ki, Gürcüstanın mövcud xarici siyasəti – Rusiya ilə münasibətləri korlamadan avroatlantik inteqrasiya – davam edəcək”.

Müsahibimizin sözlərinə görə, Gürcüstan-Rusiya münasibətlərinin və yaxınlığının ciddi tarixi əsasları var: “1453-cü ildə Konstantinopolun türklərin əlinə keçməsi və Bizansın süqutundan sonra Gürcüstanın (Kartli-Kaxeti) xristian dünyası ilə quru əlaqəsi kəsildi. Onlar müsəlman dünyasının - Osmanlı və indiki İran ərazisindəki dövlətlərin, o cümlədən Səfəvilərin əhatəsində qaldılar: islam okeanında kiçik xristian adası kimi... Nəticədə xristian-gürcü identikliyinin itməsi təhlükəsi yarandı, arasıkəsilməz hücumlara, istilalara məruz qaldılar. Bu təhlükə və qorxu onlarda 3 əsrdən çox davam etdi və travma yaratdı. Şimalda tədricən xristian imperiyası Rusiyanın güclənməsi gürcülərdə ümid yaratdı və onlar dəfələrlə Rusiya çarlarından yardım istədilər. 1783-cü ilə Georgiyevsk traktatı imzalandı və gürcülər Rusiyanın himayəsinə keçdilər. Həmin travmanın təsirləri bu gün də var. Gürcülər istəyir ki, xristian dünyası ilə əlaqələri heç vaxt itməsin. Ermənistana isti münasibətin təməlində bu yatır, baxmayaraq ki, etməni millətçiliyinin onlara qarşı da ərazi iddiaları var. Rusiya ilə də yaxşı əlaqələrin olmasını arzu edirlər, eyni səbəbdən”.

Ş.Cəfərlinin fikincə, NATO-ya daxil olana qədər Gürcüstan Rusiya ilə bu cür “oynamağa” davam edəcək: “Şübhəsiz ki, Gürcüstan-Rusiya-Ermənistan yaxınlaşması və çox az ehtimal olsa da, bu cür üçbucağın yaranması Azərbaycanın maraqlarına tamamilə ziddir. Biz əlverişsiz coğrafi mövqedəyik və dənizə çıxışımız yoxdur. Gürcüstan bizi Türkiyə və Avropa ilə əlaqələndirən, dənizə ən qısa çıxışımızı təmin edən yeganə tranzit məntəqəsidir və bu baxımdan həyati önəmə malikdir. İxrac boru kəmərlərimiz bu ölkədən keçir. Gürcüstanın Azərbaycandan enerji asılılığı olduğu kimi, bizim də onlardan bu cür strateji asılılığımız var. Ona görə də münasibətlərdə problem yaranması qətiyyən bizə lazım deyil, bu, yalınız Azərbaycanın düşmənlərinə sərf edər.

Gürcüstanın NATO-ya qoşulması və demokratik hüquqi dövlət olması Azərbaycanın marağındadır. Belə bir Gürcüstan bizim dünyaya çıxış yolumuzun daim açıq və sabit qalması, eləcə də oradakı soydaşlarımızın mənafeyi baxımından vacibdir. Təbii ki, Gürcüstan dövləti də Azərbaycanla əməkdaşlığın və strateji tərəfdaşlığın əhəmiyyətini qiymətləndirməli, əlaqələrin qorunması və inkişafı üçün lazımi addımları atmalı, münasibətləri korlamağa yönəlmiş təxribatların qarşısını almalıdır”.

Dünya SAKİT