vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
02:21 | 22 fevral 2019 | Cümə Məqaləyə 2026 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xalqın sevgi və rəğbəti ən böyük mükafatdır

Mehriban Əliyeva: “Mənəvi dəyərləri uca tutaraq ən yüksək zirvələrə qalxmaq olar”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək... Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2017-ci ilin 21 fevralında bu yüksək vəzifəyə təyinatı zamanı dediyi bu sözlər, əslində, hər zaman onun bütün fəaliyyətinin mahiyyət və mənasını ehtiva edib. Azərbaycan xalqı hələ 2004-cü ildən – Mehriban xanımın ictimai fəaliyyətini yaxından izləməyə başladığı ilk vaxtlardan – onun Azərbaycanın birinci xanımı, həmçinin Heydər Əliyev Fondunun prezidenti kimi gördüyü işlərdə, təşəbbüskarı və rəhbəri olduğu çoxsaylı layihələrdə bunun bilavasitə şahidi olub. Məhz buna görə Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması xalq tərəfindən rəğbətlə qarşılandı. Birinci vitse-prezidentin ötən iki ildə gördüyü işlərə verilən ən böyük dəyər və qiymət də xalqın ona bəslədiyi bu rəğbət və sevgidir.

2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdi ki, bu gündən etibarən Mehriban xanımın həyatında yeni dövr başlayır və əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcək.

Bu gün isə biz deyə bilərik ki, Mehriban Əliyevanın həyatında başlanan yeni dövr həm də ölkəmizin həyatı, onun tərəqqisi üçün əlamətdar bir mərhələdir.

Ulu öndər Heydər Əliyevin dövlətçilik yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərqərar olmuş sabitlik, dinamik inkişaf kursu Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına zəmin yaradır. Ölkəmiz hər il nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir, mədəniyyətlərarası dialoqun mərkəzi kimi tanınır. Çağdaş dünyada mədəni irs, incəsənət xalqları tanıdan, insanları birləşdirən mühüm vasitələrdir. Azərbaycanın zəngin mədəniyyəti də sərhədlərimizdən çox-çox uzaqlarda uğurla təqdim və təbliğ olunur. Bu işdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri, mədəni irsimizin himayədarı kimi Mehriban xanımın müstəsna xidmətləri bütün cəmiyyətdə, ələlxüsus mədəniyyət ictimaiyyətində böyük qürur hissi doğurur.

Onun rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna rola malikdir. Mehriban xanım ölkəmizdəki qədim tarixi abidələrin bərpası və yenidən qurulması, abadlaşdırılması istiqamətində misilsiz xidmət göstərir. Müstəqillik tariximizin əlamətdar hadisələrini, ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi mötəbər tədbirlərin – I Avropa Oyunlarının, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fədakar fəaliyyəti onu xalqının gözündə bir daha ucaldıb.

Mehriban Əliyevanın  2004-cü ildə UNESCO-nun, 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi həm də Azərbaycan mədəniyyəti adına tarixi nailiyyət, əlamətdar hadisələr idi. Bu, Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüqlər açılması demək idi.

Xüsusilə ölkəmizlə UNESCO arasında əlaqələrin inkişafında və genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Onun himayəsi ilə UNESCO çərçivəsində mədəni irsin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi, təhsilin inkişafı və digər sahələrdə əhəmiyyətli layihələr həyata keçirilib.  Mədəni irsimizin tanıdılması sahəsində bu təşkilat səviyyəsində qazandığımız uğurlara qısa nəzər salaq.

Mədəni irs nümunələrimizdən ilk olaraq Azərbaycan muğam sənəti UNESCO tərəfindən bəşəriyyətin mədəni irs xəzinəsinə daxil edildi. 2009-cu ildə Azərbaycanın aşıq sənəti və Novruz bayramı, 2010-cu ildə xalça sənətimiz, 2012-ci ildə tar ifaçılığı, 2013-cü ildə Qarabağ atları üzərində çövkən milli oyunu, 2014-cü ildə kəlağayı sənəti, 2015-ci ildə Lahıc misgərlik sənəti, 2016-cı ildə ölkəmizin Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanla birgə təqdim etdiyi lavaş hazırlanma və paylaşma mədəniyyəti, 2017-ci ildə milli mətbəximizin nümunəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi, habelə kamança musiqi alətinin hazırlanması və ifaçılıq sənəti, 2018-ci ildə “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”, eləcə də Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylları UNESCO-nun müvafiq siyahılarına daxil edildi. Bundan əlavə, Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər, Qobustan qayaüstü rəsmləri UNESCO-nun Dünya irsi siyahısında yer alıb. Mədəni irsimizi dünyaya tanıdan bu böyük işlər Mehriban xanımın rəhbərliyi, yaxından dəstəyi sayəsində, Mədəniyyət Nazirliyi və digər qurumların birgə əməkdaşlığı ilə həyata keçirilib. Sözsüz ki, Azərbaycanın mədəni irs nümunələrinə yüksək diqqət ayrılması ölkəmizin bu mötəbər təşkilatla sıx əlaqələrinin təsdiqi, eyni zamanda Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun, ölkəmizə göstərilən yüksək etimadın göstəricisidir.

Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan musiqisinə, incəsənətinə misilsiz töhfələr verir. 2009-cu ildə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulan “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təkcə musiqimizin deyil, ümumilikdə ölkəmizin dünyada təbliğinə xidmət edən mədəniyyət layihələridir. Eyni zamanda ənənəvi olaraq təşkil edilən Bakı Caz Festivalı, “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı və digər beynəlxalq layihələr dünya incəsənəti xəritəsində Azərbaycanı tanıdır. 2005-ci ildən Mehriban xanımın təşəbbüsü ilə keçirilən ənənəvi muğam müsabiqələri ulu xalq sənətinin yaşadılmasına və yeni istedadların üzə çıxmasına, dəstəklənməsinə böyük zəmin yaradır. Ötən müddətdə Bakıda, Ağcabədidə, Füzulidə, Ağdamda muğam mərkəzlərinin tikilib istifadəyə verilməsi, paytaxtımızda, ölkəmizin müxtəlif şəhər və rayonlarında yeni mədəniyyət məkanlarının yaradılması, Birinci vitse-prezidentin rəhbərliyi, səy və dəstəyi ilə ölkəmizdə və xaricdə reallaşan çoxsaylı mədəni tədbirlər, təqdimatlar, sərgilər, nəşr layihələri mədəniyyətimizə göstərilən yüksək diqqətin, doğma xalqa, onun irsinə bağlılığın bariz nümunəsidir.

“Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir” – Mehriban xanımın illər öncə dediyi sözlər bu gün daha anlamlı səslənir.

Bu gün Prezident İlham Əliyevin Azərbaycanı daha güclü, daha firavan, müasir dövlətə çevirmək yolunda apardığı ardıcıl, məqsədyönlü siyasət xalq tərəfindən böyük təqdir və dəstək görür. Bu işdə dövlət başçısına ən böyük həmfikir, məsləkdaş olaraq xalqa və Vətənə xidmət göstərmək də tarixin müəyyən etdiyi taledir. Bu yolda qazanılan hər bir uğur Azərbaycanın uğuru, inkişafı, yüksəlişi deməkdir.