vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
11:37 | 29 mart 2019 | Cümə Məqaləyə 3411 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qan yaddaşımızın 101-ci ili

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qubada anım mərasimi və konfrans keçiriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Martın 31-də Quba şəhərindəki Soyqırımı Memorial Kompleksində 1918-ci il azərbaycanlıların soyqırımının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi və konfrans keçiriləcək.

Konfrans Mədəniyyət Nazirliyi, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbirin məqsədi 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımının ağır nəticələrinin yenidən diqqət mərkəzinə çəkilməsi və təbliğidir.

Erməni millətçiləri həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirib. Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirən düşmənin bu vandalizm əməlləri nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilib.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən ermənilərin törətdikləri bu soyqırımı cinayətinin araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradılıb. Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülüb. Lakin 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutu ilə bu proses dayandırılıb, baş verənlərin sonadək araşdırılması və hadisələrə müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi mart soyqırımının dəhşətlərini bir daha ortaya qoyub. Əldə olunan maddi sübutlar və sənədlər 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin törətdiyi qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübuta yetirilib.

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 30 dekabr 2009-cu ildə imzaladığı sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlət başçısının iştirakı ilə kompleksin açılışı keçirilib.

Soyqırımı kompleksində yalnız Quba qəzasında deyil, Bakı quberniyasının Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər də saxlanılır.

Xatırladaq ki, ötən il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan xalqına qarşı törədilmiş mart soyqırımının 100 illiyi ölkəmizdə və xaricdə  müxtəlif tədbirlərlə qeyd olunub.