vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ƏDƏBİYYAT  
22:39 | 20 aprel 2022 | Çərşənbə Məqaləyə 1995 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sidikli bir esse

Bəzi rusbaş Brodski sevərlərə ...

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

“Şərqin dəhşət və sərsəmləməsi. Asiyanın tozlu fəlakəti. Yaşıl rəngi ancaq Peyğəmbərin bayrağında görmək mümkündür. Burada bığdan başqa heç nə çıxmır. Qaragözlü, axşama tükləri üçgünlük saqqal kimi uzanan bir diyardasan. Tonqalın kömürləri sidiklə söndürülür burada. O qoxu! Ucuz tütün və tərli sabunun qatışığı”.

İstanbula gələndə 45 yaşındaydı. İki il əvvəl anasını, bir il əvvəlsə atasını itirmişdi. Kremldəkilər Sovet İttifaqına dəfnlərə gəlməyə icazə vermədilər. Kim bilir, bəlkə İstanbula da elə doğulduğu torpaqlara yaxın olmaq üçün gəlmiş, oraların havasını İstanbulda hiss edəcəyinə ümid etmişdi. Ancaq o, axtardığını tapa bilmədi. Bəlkə də tapmaq istəmədi. O, zatən İstanbulu Şərqlə Qərbin kəsişdiyi, mədəniyyətlərin qucaqlaşdığı bir meqapolis kimi görmürdü. İstanbul onun üçün Şərq idi, özünün yazdığı kimi “itaət və iyerarxiya ənənəsinin var olduğu, mütləq əxlaq prinsiplərinə zidd olan” bir Şərq.

Təsbitləri çox sərt və birtərəflidir. Məsələn, “Şərqi ideallaşdırsaq belə orada demokratik ənənələrə oxşar heç nə görə bilmərik” deyir. İslama olan fobiyasını, Şərqə patoloji nifrətini gizlətmir. Düşünürsən ki, bu böyük humanisti, nəhəng şairi necə “böyük” və “nəhəng” adlandırıblar. Və ya onu Nobel mükafatına layiq görənlər bu qədərmi göz yumublar hər şeyə…

***

Gənc ikən xəbər mənbəyimiz azsaylı xarici radiostansiyalardır. Axşam düşən kimi mətbəxə keçib, VEF radiosunu sağa-sola fırlayıb min bir çilə ilə “Amerikanın səsi” kanalının dalğasını yaxalamağa çalışırdıq. Hər şey sirli və qəribə gəlirdi o vaxt – diktorların qulağa xoş gələn fərqli rus şivəsi, saatbaşı xəbərləri, əfsanəvi Uillis Konoverin kultlaşmış “Caz Saatı” və s. Mən “Amerikanın səsi”nə bu caz verilişinə görə aludə olmuşdum. Uillis Konover və proqramın digər aparıcısı Sofya Tarnovskayanın səslərinə heyran idim. Ancaq zamanla xəbər buraxılışlarının da “tiryəkisi” oldum. Elə xəbər buraxılışı olmazdı ki, “Amerikanın səsi” sovet dissidentlərindən, məruz qaldıqları işgəncələr və məhkəmə proseslərindən məlumat verməsin. Vladimir Bukovski, Aleksandr Soljenitsın, Andrey Saxarov, Larisa Boqoraz, Natan Şaranski və onlarla başqa dissidentlər Sovet sistemini təməldən silkələyir, kommunist rejimin labüd sonunu yaxınlaşdırırdılar. Brodskinin adını da ilk dəfə onda eşitdim…

İosif Brodski (Иосиф Бродский, 1940-1996) o vaxt artıq Sovetlərdən mühacirət etmiş (oxu: qovulmuş) tanınmış şair idi, ədəbiyyat üzrə Nobel mükafatı (1985) laureatı idi. 7 sinif orta məktəb təhsili görmüşdü. Ailəsinə kömək məqsədilə zavodda fəhlə işləmişdi. Məhz o illərdə dövrün azad fikirli şair və yazarları ilə tanış olur, 24 yaşından yazdığı şeirlərə görə KGB tərəfindən təqib edilir, psixiatrik dispanserlərdə dəfələrlə işgəncələrə məruz qalır. Qısa bir zaman içində gənc Brodski Sovet totalitar rejimlə mübarizənin simvoluna çevrilir. Sartr, Şostakoviç, Marşak, Paustovski, Tvardovski kimi tanınmış aydınlar onun müdafiəsinə qalxırlar. Brodski çəkdiyi iztirablardan danışmır, özünü “rejim qurbanı” yerinə “self-made man” kimi göstərməyə çalışırdı. 1972-də beynəlxalq ictimaiyyətin dəstəyi ilə o, SSRİ-dən Amerikaya mühacirət etməyə müyəssər oldu.

1987-ci ildə “Çoxşaxəli yaradıcılığındakı iti düşüncə və dərin poetikasına” görə Brodski ədəbiyyat üzrə Nobel mükafatı aldı. O, bu mükafatı alanda artıq Amerika vətəndaşı idi və var gücü ilə Sovet rejimini “bombardman” edirdi. Lakin gənc yaşda aldığı psixiki travmalar və keçirtdiyi infarktlar onu uzun yaşamağa qoymadılar…

“Perestroyka” və “qlasnost”la populyar rus jurnalları Brodskini çap etməyə başladılar. O, şeirlərini rus, esselərini ingiliscə yazırdı. Bu səbəbdən də jurnallar üstünlüyü şeirlərə verirdilər – esselər ruscaya hələ tərcümə olunmamışdılar. 1985-ci ildə yazdığı “Bir otaq yarım” (Полторы комнаты) essesi rus dilində ancaq 10 il sonra çıxdı. Geniş rezonansa səbəb olan esse onun valideynləri ilə Peterburqa həsr edilib. Brodski heyranı deyildim, ancaq on il əvvəl Moskvada ezamiyyətdə ikən təsadüfən əlimə bu esse düşdü. Onun başqa yazılarını axtarmağa başladım. Axtarmaz olaydım…

***

“Elə yerlər var ki, xəritəyə baxanda sizi bir anlığa Qəzavü-qədərlə doğmalaşdırır. Elə yerlər var ki, orada tarix yol qəzası kimi qaçılmazdır, onların coğrafiyası tarixi həyata səsləyir. İstanbul da belədir, o İstanbul ki, həm Konstantinopoldur, həm də Bizans”.

Essenin adında “İstanbul” vardı deyə acgözlüklə oxumağa başladım. Oxumaz olaydım…

“İstanbula səyahət”də ümumiləşdirmə yoxdur. Zatən ilk cümləsində etirafı edir bunu: “Hər müşahidə müşahidəçinin şəxsi keyfiyyətləri ilə qüsurludur”. “Göyə raket kimi saplanmış” minarələr gözünə “batır” müəllifin, Aya Sofya “ağrısı”nı dilə gətirir və hər abzasda tozdan yazır. Yaydır, istidir və Brodski ancaq toz güdür (Hərçənd ki, İstanbulun hər tərəfi dənizdir, Bosfor boğazı var, yəni tozlu şəhər deyil). O, essedə İstanbulla Konstantinopol arasında sıxışıb qalır, qərar verə bilmir – keçmişə qayıdanda itir-batır, bu günlərə gələndə Şərqə düşür. İslam dözülməzliyi, ona xor baxışı o qədər barizdir ki, istəsə də gizlədə bilmir. Sevmir İstanbulu, diksinir, ancaq elə ki, Konstantinopola qayıdır baxışları kəskin dəyişir – tozlu İstanbul dönüb möhtəşəm Bizans, tarix qoxan Konstantinius olur. İstanbul Brodskinin sadəcə baxışlarını, mənəvi dəyərlərini deyil, gördüklərini, eşitdiklərini və hisslərini də təhqir edir. Onun gözündə İstanbul “Toz”un təntənəsi, kütlənin içində yox olan insanın məskənidir. İstanbul onun üçün nə bu gündür, nə də sabah, İstanbul — dünənki gündür, keçmişin Şərq üzərindəki proyeksiyasıdır. Bu da Brodski üçün heç bir şey ifadə etmir: “Ah bu bir-birlərini, sələflərini, rəqiblərini, qardaşlarını, ata-analarını, nəvə-nəticələrini doğrayan saysız-hesabsız Osmanlar, Mehmetlər, Muratlar, Bayazitlər, İbrahimlər, Selim və Süleymanlar. Hələ II Murad və ya III – nə fərqi var – ayna qarşısında üzünü qırxan adamın sürəkliliyi ilə on iki qardaşını öldürəni heç demirəm. Ah bu sonsuz, durmadan davam edən müharibələr: kafirlərə, müsəlmanlara, yəni şiə müsəlmanlara qarşı, imperatorluğun genişlənməsi üçün, intiqam, özünümüdafiə üçün olanlar”.

Bəzi tənqidçilər “İstanbula səyahət”i Brodskinin öz şüuraltısı ilə dialoqu adlandırır, bariz qəzəb və nifrinin arxasında metaforik məna olduğunu iddia edirlər. Ancaq esseyə Qərb demokratiyasının himni demək, İslam avtoratizmini ifşa kimi qiymətləndirmək yanlış olar. Oxuyarkən konkret bir hədəfin olmadığı görünür. İstanbulda qalmaq istəmir Brodski. Tez-tələsik getməyi düşünür, ancaq getmir, qayıtmağı uzadır, “Şərqdə hər şeydə olduğu kimi hədəfə yaxınlaşdıqca ona çatmaq dumanlı hal alır” yazır.

Sözü ilə əməli fərqlidir Brodskinin. “Mənə cənub lazım deyil” deyir kirli və tozlu Şərq haqda yazarkən. Tarix boyu neçə imperatorluğa paytaxt olmuş və neçə hökmdarın əlçatmaz xəyalı olan “Şəhərlər Şəhəri”ni “Şərqin İstanbulu” adlandırır. “Qərbin İstanbulu”nu isə görmür, görmək istəmir. Ancaq alt paltarlarının bayraq kimi dalğalandığı Neapol küçələri, lağım qoxan pasaqlı Meksika bazarları, mafiozlar məskəni Siciliya qəsəbələri şairə daha əzizdir. Rus şairələrindən biri Brodskinin İstanbulu Şərqin simvolu seçməsinə üsyan edərək “Başına şəhərmi qəhətdir? Nə gəlmişdi Bağdadlara, Şamlara?” deyə sual edir.

“Bəy” deyir, bəyənmir, getmək istəyir, gedəmmir şair. Topkapı sarayını gəzir, dilini dinc tutmur. Tənqidçilərdən biri onu “Богохульник” (kafir, küfr edən) adlandırır. Çünki Peyğəmbərə küfr edir, ona insanabənzər qar adam – “Yeti” deyir: “Ortada, kvadrat şüşə qapağın altında qızılı çərçivə ilə haşiyələnmiş tünd qəhvəyi rəngdə bir əşya yerləşir. Onun nə olduğunu üstündəki yazını oxuyanda anladım. Yazı təbii olaraq türk və ingilis dillərindədir. Tuncdan tökülmüş “Peyğəmbərin ayağının izi”. Eksponata baxaraq ayaqqabının ölçüsünün ən az 48 olduğunu düşündüm. Və elə oradaca səksəndim: “Yeti”… 

Brodski bir-neçə gün İstanbulda vurnuxandan sonra gəmi ilə Afinaya gəlir, yerləşdiyi “Likabett” otelində qeydlərini gözdən keçirməyə başlayır. O, Nobel mükafatını hiss edirdi, onun ayaq səsləri qulağında idi. Ancaq bu yolda nəsə çatmırdı, onu tamamlamaq lazımdı. Və o, “haqqın yolunu” tapır – Qeydlərini kağıza köçürərkən kin və küdurətinin dozasını artırır. Bu şəkildə Nobel Komitəsini daha çox məmnun edəcəkdi. Bunu anlayırdı. İllər sonra Orhan Pamuk da bu yolu seçəcəkdi. “Der Spiegel” və “Time” jurnallarına verdiyi müsahibələrdə “Bizim torpaqlarda 1 milyon erməni və 30 min kürd öldürüldü” deyərək, arzusuna çatmışdı. 2006-cı ildə o da ədəbiyyat üzrə Nobel mükafatı aldı. O, bu mükafata “İstanbulun melanxolik ruhunun izlərini axtararkən mədəniyyətlərin toqquşması və hörülməsi üçün simvollar tapdığı üçün” layiq görülmüşdü.

Orhan Pamuk kifayət qədər mütaliəli bir intellektualdır. O, “İstanbul: Xatirələr və Şəhər” kitabını yazarkən Brodskinin 1985-ci ildə çıxan bu essesini oxumaması imkansızdı. Ancaq Pamuk İstanbula xəyanət etdi, kitabında Brodskinin “Sidikli esse”sinə cavab vermədi…

Yanılmıramsa nə “Bir otaq yarım”, nə də “İstanbula səyahət” dilimizə tərcümə olunmayıblar. Və mən də əslində Brodski, daha doğrusu onun essesi haqda kiçik bir yazı yazacaqdım. Qısa alınmadı…

“Ah bu çalma və saqqallar — ancaq kəsmək, doğramaq üçün yaşayan kəllənin uniforması. Ona görə doğramırsan ki, İslam insan təsvirinə qadağa qoyub, həm də ona görə ki, üzlərini qırxmadıqları üçün hər kəs bir-birinə oxşayır. Öldürəndə itki də hiss olunmur — doğra getsin. Doğrayıramsa demək ki, varam”.

1987-ci ildə “Çoxşaxəli yaradıcılığındakı iti düşüncə və dərin poetikasına” görə Brodski ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. O, bu yüksək adı alan sonuncu rus-sovet ədəbiyyatçısı oldu. Dörd il sonra Sovet İttifaqı dağıldı, bununla da rusların Nobel almaları dayandı. İsveç Kral Akademiyası ruslardan ancaq dissident şair və yazıçıları seçir, sovet rejiminə qarşı mübarizə aparanlara üstünlük verirdi. Sənət arxa plana atılır, siyasi motivlərsə önə çıxarılırdı. Boris Pasternak, İosif Brodski və Aleksandr Soljenitsından daha layiqli, daha tanınan və oxunan ədəbiyyat adamları yox idilərmi? Onlar sırf “anti-sovetçik” olduqları üçün seçildilər. Yəhudi əsilli Pasternak və Brodski qatı rejim əleyhdarı idilər. Soljenitsın isə radikal rus milliyyətçisi, şovinist irqçi idi. (Sülh üzrə Nobel mükafatı almış yəhudi əsilli fizik Andrey Saxarov belə məhz anti-sovet fəaliyyətinə görə seçilmişdi). XX əsr sovet ədəbiyyatına baxanda Prişvin, Mayakovski, Qorki, Aleksey Tolstoy, Tvardovski kimi sanballı qələm sahiblərini görürük. Rejimlə yola getdikləri və loyal olduqları üçün bu tanınmış qələm sahibləri Nobelə layiq görülmədilər (İstisna kimi İvan Bunin var).

“Afinada Sokratın məhkəməsi açıq keçirilmişdi, özünü müdafiə etmək üçün ona üç dəfə çıxış etmə fürsəti vermişdilər. İsfahanda və ya məsələn, Bağdadda isə belə bir Sokratı payaya keçirdər, ya da diri-diri dərisini soyardılar. Məsələ də bununla bitərdi – nə Platonun dialoqları olardı, nə də neo-platonizm. Zatən bunların biri də Şərqdə olmadı heç vaxt, buralarda ancaq Quranın monoloqu oldu”.

Brodskinin Nobel mükafatını sırf İslam və Şərq düşmənliyinə görə aldığını iddia etmirəm. Ancaq o, bu yüksək ada “de yure” poeziyasına görə layiq görülsə də “de fakto” Sovet rejiminə qarşı apardığı qatı, amansız mübarizə əsas rollardan birini oynamışdı. Ədəbiyyat tarixində doğulduğu torpaqlar haqda kəskin ifadələr işlədən, onu sürəkli aşağılayan şair və yazıçı çox azdır. Baxmayaraq ki, ədəbiyyatla hakimiyyət arasında konflikt hər zaman olmuşdur. Ancaq mənəvi sərhədləri çeynəyərək Vətəninə Brodski qədər kin və qan qusan ikinci birini xatırlamaq çətindir. Ancaq Brodski sadəcə Sovetlərə, Rusiyaya deyil, böyük İslam aləminə, İslam mədəniyyətinə, habelə Şərq və onun fəlsəfəsinə, qədim mədəni mirasına, “Şəhərlər Şəhəri” İstanbula qarşı düşmənlik, nifrət göstərmişdir…

***

Aranızda 1901-ci il ədəbiyyat üzrə Nobel mükafatı alan şairin adını xatırlayan varmı? Çətin, çünki Rene Sülli-Pryüdomu (fr. Sully Prudhome) heç vətəni Fransada tanıyan yoxdur. Halbuki Sülli-Pryüdomla eyni dövrdə necə nəhənglər yaşayıb yaradıblar – Mark Tven, Emil Zolya, Henrix İbsen, Oskar Uayld, Anton Çexov və böyük Lev Tolstoy. Fransız şairi kimi “mübahisəli” laureatlar heç də az deyil. Prestijli mükafat bəzi hallarda ədəbiyyata deyil, başqa meyarlara görə verilir. Brodski timsalında da bunun belə olduğunu görürük. Pasternakın Nobeli də birmənalı qarşılanmadı. S.Yesenin, N.Qumilyov, İ.Mandelştam, A.Axmatova kimi qüdrətli şairlərin sırasına B.Pasternakı qoymaq olarmı? 1958-ci ildə şair Pasternakın “Doktor Jivaqo” adlı ideoloji romanına görə mükafat verilməsi mənfi rezonansa səbəb oldu. Mixail Şoloxovun “Sakit Don” fundamental epopeyasının 1965-də Nobelə layiq görülməsi də təəccüblə qarşılandı. Şübhəsiz ki, bu roman rus ədəbiyyatının önəmli əsərlərindən biridir. Ancaq Şoloxova Nobeli yazdığına görə deyil, Sovet lideri Nikita Xruşşovla çəkişməsinə, ona cavab qaytarma cəsarətinə görə vermişdilər. Kral Akademiyasında yazıçını Xruşşovun ən real opponenti olaraq gördülər. Zaman Nobel komissiyasının nə qədər yanıldığını göstərdi. Qərb Şoloxovu “göylərə qaldırmaqla” heç bir ideoloji divident əldə edə bilmədi. Aleksandr Soljenitsın da 1970-də Nobel mükafatını “QULAQ ədəbiyyatı”na görə deyil, daha çox dissident kimliyinə və kommunist rejimi ilə açıq mübarizəyə görə aldı. Zənnimcə, Varlam Şalamov varkən Soljenitsını “sürgün ədəbiyyatının Günəşi” adlandırmaq insafsızlıq və ədalətsizlik idi.

Brodskiyə də zaman-zaman “Rus poeziyasının Günəşi” deyənlər tapılır. Puşkin olan yerdə kim o zirvəyə çıxa bilər ki? Ədəbiyyatı siyasətə alət edənlər dəyərləri də tərs-məzhəb etdilər.

***

“İnsan oxuduğu nədirsə odur” deyirdi Brodski. Bu məntiqlə o, ömründə düz-əməlli heç nə oxumayıb. Şairin daxili dünyasının nə dərəcədə qara olduğunu görmək üçün təkcə “İstanbula səyahət” deyil, “Yəhudi Qərbi və yəhudi Şərqi” essesinə, “Rotterdam gündəliyi”, “1980-nin qış kampaniyası haqda şeir”, “Kabildəki danışıqlara” şeirlərinə baxmaq kifayətdir. Brodski multi-kultural postmodernistlərdən fərqli olaraq mədəniyyətlər arasındakı fərqi vurğulayaraq, şovinist tərəflərini bəlli edir. Onun İslam dininə, onun Peyğəmbərinə münasibəti, Şərqin mədəni, fəlsəfi, hüquqi mirasını inkar etməsi ahıl yaşının məhsulu deyil.

Brodski “Yəhudi Qərbi və yəhudi Şərqi” essesində Qərblə Şərqin məhəbbət tarixinə nöqtə qoyulanda “Tarix tətildən qayıdacaq” yazır. Və Şahzadə Diananın ərəb “boyfrendi” ilə Paris tunelində həlak olmasını Brodskinin kəhanəti kimi də qiymətləndirənlər oldular.

Nobel mükafatçısı Qərblə Şərqin dostluğuna inanmır, onların əmin-amanlıq içində yaşamasını qəbul etməyərək, onun müvəqqəti olaraq tətildə olduğunu yazır. Hələ gənc ikən – 27 yaşında yazdığı “Dağılmış süd haqda nitq” şeirində “Moskva təqviminin Quranla zəhərləndiyini” deyir, İslamla marksizmin qohum olduğunu zəvzəkləyir.

45 yaşında yazdığı “İstanbula səyahət”də Brodski orjinallıq edir, İstanbulu Konstantinopol və Bizans üzərindən vurmaq istəyir. Alphonse de Lamartine, Pierro Loti, Çexov, Aqata Kristi, Borxes, Umberto Eko, Mo Yan kimi dünya şöhrətli yazarlar İstanbula sevgi ilə gəlib sevgilə də qayıdıblar. Brodski isə hər addımda, hər sözdə fitnə axtarır. İstanbulun adının yunan dilində “şəhər” anlamına gələn “stan polin” kəlməsindən gəldiyini yazır, “stan” və “polin” sözlərinin rus sözlərinə bənzədiyini deyir. “Dayanacaq” türkcə “durak”, “stəkan” isə “bardak”dır deyə naftalin iyi verən passajlar verir. Ancaq bəlli ki, oyunbazlıq edir. Artıq Vasiliy Aksyonov və Lev Navrozov kimi istedadlı yazarlar məqalələrində Brodskinin iç üzünü açmağa başlamışdılar. Hətta Anna Axmatova belə ömrünün son illərində Brodskinin saxtakarlığını, dahilik maniyasına mübtəla olduğunu anlamışdı. Böyük rus şairəsi bir vaxtlar dəstək verdiyi şair haqda “Bizim kürən özünə tərcümeyi-hal düzəldir” deyirdi.

Bütün böyük meqapolislər kimi İstanbulun da başı ifrat betonlaşmadan dərddədir. Brodski Bosforun incisi İstanbulun betonundan elə ikrahla danışır ki, sanki Nyu Yorkdan gəlməyib. O, İstanbulda betonun rənginin “qurudulmuş peyinlə qazılmış qəbirin konsistensiyası” olduğunu yazır. Sanki başqa yerlərdə beton altun rəngindədir. Brodski “kəlmə fahişəliyinə” davam edir, betonlaşmanın günahını Mondrian, Qropius və Korbüzye kimi dahi memarlarda görür, onları “uzağı görməyən əclaflar” adlandırır. Çünki, ona görə dünyanı Lüftvaffe kimi eybəcər hala memarlar salıblar. Esseni oxuyanda tez bitsin, bu neqativ enerji və murdar üslubdan qurtulmaq istəyirdim. Brodskidən diksinirdim artıq. Məqaləni yazarkən də bənzər hisslər keçirdim. İosif Brodskinin Şərq aləminə, İslam dininə olan mənfur və rəzil baxışını anlamaq, onun yazdıqlarındakı tarixi saxtakarlıqları anlamaq üçün peşəkar tarixçi olmağa ehtiyac da yoxdur. Bu həcvləri yaza bilmək üçün məgərsə 7 sinif məktəb təhsili almaq kifayət imiş.

Məqaləni bitirirdim ki, Bakıdan gənclik dostum Hüsniyyə (Azərbaycan televiziyasının canlı əfsanəsi Vasif Babayevin qızı) zəng elədi. Brodskidən yazdığımı eşidən kimi “İşin-gücün yoxdurmu o xəbis adamdan yazırsan?” deyə təəccüb etdi. Söhbətimizin sonunda isə “Brodski özü nədir ki, Şərqi bəyənmir?” dedi. Kifayət qədər mütaliəli olan Hüsniyyənin “Özü nədir?” sualına Brodski “Sidikli Esse”sinin sonunda cavab verir. Onun gəldiyi nəticə heyrətamizdir: “Bizans, Osmanlı və Rusiyanın tarixi kökləri eynidir, onlar ülvi ideallara ziddir, bu köklər qorxunc və totalitardır”. Və arxasınca da şərqli olduğunu üstüörtülü etiraf edir: “Neylək, ehtimal ki, mənim də insanlara münasibətim Şərq qoxusu verir. Nəticə etibarılə, bəs mən özüm haralıyam?”.

Brodskinin bunu gec anlaması qəribə deyilmi? Məncə, deyil, çünki o, istədiklərini əldə etmiş və artıq xəstə ürəyini düşünərək bir qədər sakit həyat tərzini seçmək istəyirdi…

“Kitab yandırmaqdan da böyük cinayət kitab oxumamaqdır” demişdi Brodski. Amma elə kitablar var ki, onları oxumaq cinayət kimi bir şeydir. Ələlxüsus də dahilik maniyasına düçar olanların kitabları. Ah bu saxta mükafatlar, saxta adlar, saxta dərəcələr. Ah bu dahilik maniyası…


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)