vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
21:15 | 18 iyul 2022 | Bazar ertəsi Məqaləyə 798 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Avropa İttifaqı Azərbaycanın əsas ixrac tərəfdaşıdır”

“Əməkdaşlığın inkişafı xarici siyasətimizin prioritetlərindəndir”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipinə, ortaq maraqlara söykənir. Uzun illərdir ki, Aİ ilə ən müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin prioritetləri sırasındadır”. Bunu siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycan bütün ölkələr və təsisatlarla ikitərəfli və çoxtərəfli münasibətlərdə olduğu kimi, Avropa İttifaqı ilə əlaqələrində də ərazi bütövlüyü, suverenlik, müstəqillik, sərhədlərin toxunulmazlığı, bərabərhüquqluluq kimi dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn fundamental norma və prinsiplərini əsas götürür.

“Təsadüfi deyil ki, sözügedən prinsiplər 2018-ci ildə Brüsseldə imzalanmış, 2021-ci ildə isə qarşılıqlı razılıq əsasında müddəti 2024-cü ilədək uzadılmış “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəddə qarşılıqlı münasibətləri tənzimləyən başlıca istiqamətlər kimi yer alıb.

Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Azərbaycanla Aİ arasında uzunmüddətli və çoxşaxəli münasibətləri tənzimləyəcək yeni ikitərəfli saziş üzərində iş gedir. Sazişdə yer alacaq prioritet istiqamətlərin əhəmiyyətli hissəsinin razılaşdırılması ilə bağlı verilən rəsmi açıqlamalar bu prosesin yaxın zamanlarda başa çatacağı və qarşılıqlı münasibətlərdə yeni bir mərhələnin başlayacağı ilə bağlı ehtimalların irəli sürülməsinə zəmin yaradır.

Bəlli olduğu kimi, Avropa İttifaqı Azərbaycanın əsas ticarət və ixrac tərəfdaşıdır. Ötən ilin statistik göstəricilərinə görə də, bu reallıq dəyişməyib.

2021-ci ildə tərəflər arasında ticarət dövriyyəsi 15 milyard dollardan çox olub. Avropa İttifaqının maliyyə dəstəyilə keçirilən sorğuların nəticələrinə görə, ölkəmizdə təmsil olunan Aİ ölkələri şirkətlərinin 80 faizi iqtisadi fəaliyyət üçün Azərbaycanı seçmək, 53 faizi isə ölkəmizdə biznes fəaliyyətlərini genişləndirmək niyyətini bildiriblər. 2021-ci ildə Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edib. 2021-ci ildə ölkəmizdən ümumi ixrac olunan neftin 70 faizə qədəri Aİ ölkələrinin payına düşüb. 2021-ci ildə TAP kəməri ilə Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin yanvar-iyun aylarında isə 5,4 milyard kubmetr təbii qaz ixrac olunub”, – ekspert deyib.

E.Mirzəbəyli qeyd edib ki, ənənəvi enerji resursları ilə yanaşı, Azərbaycanla Avropa İttifaqı arasında müzakirə edilən mövzulardan biri də Azərbaycandan Avropaya “yaşıl” elektrik enerjisinin ixracıdır: “Bu istiqamətdə ölkəmizdə həyata keçirilən layihələr Azərbaycanın “yaşıl enerji” enerji sahəsində də Avropa İttifaqının əsas tərəfdaşlarından birinə çevriləcəyini söyləməyə əsas verir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin ölkəmizə səfəri çərçivəsində “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması enerji sahəsindəki əməkdaşlığın bundan sonra da genişlənəcəyini və yeni istiqamətləri əhatə edəcəyini söyləməyə əsas verir.

Eyni zamanda, anlaşma memorandumunda tərəflərin bir-birinin ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, müstəqilliyinə və suverenliyinə hörmət və dəstəklə bağlı öhdəliklərinin bir daha vurğulanmasını xüsusi olaraq qeyd etməyi vacib hesab edirəm. Bu amil Azərbaycan üçün sadalanan prinsiplərinin vazkeçilməz olduğunu bir daha təsdiqləyir”. (“Trend”)