vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 avqust 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MEDİA-QHT  
19:14 | 21 iyul 2022 | Cümə axşamı Məqaləyə 1300 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Media islahatları mövzusunda konfrans keçirilib

Agentliyin yenilənmiş veb-saytının təqdimatı olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfrans və MEDİA-nın yeni veb-saytının təqdimatı keçirilib. Konfrans Azərbaycan Dövlət himinin səsləndirilməsi ilə açıq elan olunub.

Beynəlxalq media və ictimaiyyət nümayəndələri, xarici və yerli media ekspertlərinin iştirak etdiyi konfransın təşkil edilməsində məqsəd Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu, müasir dövrdə media islahatları, əldə olunan ilkin nəticələr və təhlilə yönələn fikir mübadiləsinin aparılması olub.

Konfransda açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib: “Medianın İnkişafı Agentliyi ilk növbədə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki və hüquqi bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir”.

Konfrans “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin moderatoru olduğu panel sessiyanın müzakirəsi ilə davam edib. Konfransın moderatoru Elçin Mirzəbəyli Azərbaycan mediasının tarixi ənənələrindən bəhs edib və media sahəsində aparılan islahatlardan danışıb: “Medianın Azərbaycanda hüquqi bazası formalaşdırılıb. Bununla da iş bitməyib. Bu proses Medianın İnkişafı Agentliyinin komandası tərəfindən irəliyə doğru aparılıb. Artıq mediada aparılan islahatların nəticələrini görməkdəyik”.

Paneldə çıxış edən Prezident Administrasiyası Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, Ümummilli Liderin həyata keçirdiyi fundamental islahatlar nəticəsində müstəqil Azərbaycanın informasiya siyasətinin prioritetləri müəyyən edilib, senzura ləğv edilib, media üzərində dövlət nəzarəti aradan qaldırılıb, onun maddi-texniki bazası möhkəmləndirilib, yeni inkişaf perspektivləri açılıb.

Səadət Yusifova cəmiyyətin həyatında medianın rolunun durmadan artdığını deyib, medianın fəaliyyətində hər zaman obyektivlik, modernləşmə, rasionallıq, kreativlik, sosial məsuliyyət prinsiplərinin, milli maraqların daim rəhbər tutulmasının zəruriliyini vurğulayıb: “Bu gün Azərbaycan mediasında həyata keçirilən islahatların məqsədi ənənəvi medianın rəqəmsal mediaya sürətli keçidini təmin etmək, medianın maddi-texniki bazasının gücləndirilməsi, media subyektlərinin uğurlu biznes modelinin formalaşdırılması, cəmiyyətin mediaya etimadının artırılması, medianın beynəlxalq əməkdaşlığının genişləndirilməsidir. Medianın gücünü 30 illik işğal dövründə, Vətən müharibəsi dövründə və post-müharibə dövründə gördük. İnformasiya ən əhəmiyyətli və ən həssas yanaşma tələb edən faktordur. Ümid edirəm ki, Azərbaycan mediası bundan sonra da dövlətin inkişafına xidmət edəcək”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov “Əkinçi” qəzetindən başlayan milli mətbuatın tarixinə nəzər salıb, ötən dövrdə medianın, mətbuatın inkişafında müsbət dinamikaya toxunub.

Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib və bildirib ki, Azərbaycan mediası cəmiyyətin güzgüsü rolunu oynayıb: “Milli Mətbuatın qollarından biri də audiovizual mediadır. Keçən illərdə dövlət radio və televiziya kanalları ilə yanaşı, özəl radio və televiziya kanalları yaranmağa başlayıb. Ulu öndərin ölkənin ağır vəziyyətində hakimiyyətə qayıdışından sonra medianın gücünü dərk edərək hər zaman Azərbaycan mediasının dostu və dəstəkçisi oldu, Azərbaycan mediasında senzuranı ləğv etdi. Dövlətin informasiya cəbhəsində dayağı azad mediadır. Bunu müasir dövrdə atılan addımlar da bir daha göstərir. Jurnalistlərin güzəştli ipotekadan yararlanması ilə bağlı Prezident İlham Əliyevin Fərmanı bunun bariz nümunəsidir”.

Daha sonra Fazil Novruzov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediasının fəaliyyətindən bəhs edib, Vətən müharibəsindən sonra Kəlbəcərdə ermənilər tərəfindən basdırılan minaya düşərək həlak olan jurnalistlər – Məhərrəm İbrahimovu və Sirac Abışovu xatırlayıb.

Konfrans çərçivəsində MEDİA-nın yenilənmiş veb-saytının təqdimatı olub.

Agentliyin nümayəndəsi Ləman İsgəndərova bildirib ki, sayt ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar nəzərə alınmaqla yenidən qurulub. Yenilənmiş veb-sayt informativ olmaqla yanaşı istifadəçilər üçün daha əlçatan olub.