vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
18:12 | 11 noyabr 2022 | Cümə Məqaləyə 619 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mollalar öz quyusunu qazdı

İlham Əliyevdən Güney Azərbaycan mesajı

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan həmişə Türk Dünyasının sıx birləşməsinə öz töhfəsini verib. Elə Azərbaycanın ərazilərini işğaldan azad etməsi, ərazi bütövlüyünün bərpasını təmin etməsi, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbə Türk Dünyasının birliyinə mühüm töhfə verən əsas hadisə oldu.

Vətən müharibəsindəki tarixi Zəfər bütün qardaş xalqların və dövlətlərin bir araya gəlməsinə, bölgədə yaşayan bütün xalqların təhlükəsizliyinə, firavan həyatına təminat verən əməkdaşlıq modelinin ortaya çıxmasına zəmin yaratdı. Türk dövlətlərinin inteqrasiyası və yaxınlaşmasında dövlət başçılarının şəxsi keyfiyyətləri və töhfələri şübhəsiz ki, önəmlidir.

Bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Türkiyə və Azərbaycan liderləri yenidən bir araya gəldi. Çox rahatlıqla deyə bilərik ki, Türk Dövlətləri Təşkilatı tarixində yeni mərhələ başlanıb.

Edilən açıqlamalar, səsləndirilən bəyanatlardan aydın sezilir ki, Türk Dünyasını coğrafi olaraq bütövləşdirmək uğrunda mübarizə daha prinsipial və intensiv xarakter alıb. Zəngəzur dəhlizi bu yolda əsas sütun funksiyası kimi nəzərdə tutulub. Əlbəttə ki, dəhlizin ümumtürk inteqrasiyasında əsas strateji hədəfə çevrilməsi Prezident İlham Əliyevin müstəsna tarixi xidmətidir. 2009-cu ildə dövlət başçısının əsas təkanverici qüvvələrindən biri olduğu proses düz 12 ildən sonra Zəngəzur dəhlizinin reallaşma faktını ortaya çıxardı.

Elə bunun nəticəsi idi ki, 10 noyabr üçtərəfli bəyanatında (2020-ci ildə Ermənistanın imzaladığı kapitulyasiya aktında) Əliyevin israrlı mövqeyi nəticəsində Azərbaycanın Qərb rayonları ilə onun ayrılmaz hissəsi olan Naxçıvanı və təbii ki, bütün Türk Dünyasını birləşdirəcək Zəngəzur Dəhlizi ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliklərdə xüsusi bir müddəa əks olundu. Bu, bir daha göstərdi ki, İlham Əliyev təkcə öz ölkəsinin deyil, bütün Türk Dünyasının ortaq maraqları ilə bağlı məsələlərdə də güzəştsiz, prinsipial bir yanaşma sərgiləmək yolunu seçib.

Türk Dövlətləri Təşkilatı indi heç zaman olmadığı qədər qərarlıdır:

 

Türk dünyasının qüvvələrini birləşdirmək, hər hansı türk dövlətinin (xüsusilə beynəlxalq) problemlərinin həllində birgə hərəkəti təmin etmək

Türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə çalışmaq

Türk dövlətlərinin hər birinin ayrı-ayrılıqda müstəqilliyinin müdafiə olunması

 

Türk dövlətləri çərçivəsində Prezident İlham Əliyevin mühüm xidmətlərindən biri də enerji siyasətinin əlaqələndirilməsinə verdiyi töhfələrlə bağlıdır. Heç kim inkar edə bilməz ki, Əliyev əsasən türk dövlətlərinin potensialları hesabına enerjinin istehsalı, nəqli və istehlakı çərçivəsində dünyanın ən sağlam işləyən dövlətlərarası əməkdaşlıq formatını yaratmağa müvəffəq oldu.

Dünyada yeni geosiyasi proseslərin cərəyan etdiyi, qlobal siyasi çəkişmələrin daha da dərinləşdiyi bir məqamda Avropanın üzləşdiyi qaz probleminin çözülməsi, Qərbin soyuqdan donmaması istiqamətində Azərbaycan çox önəmli layihələrin icrasını, onlara vasitəçiliyi öz üzərinə götürərək böyük bir missiyanı daşımaq iqtidarında olduğunu nümayiş etdirdi.

Elə bu məsələylə bağlı bu gün Macarıstanın Baş naziri Viktor Orban da “Twitter” hesabında bir paylaşım edib. O bildirib ki, “Prezidenti İlham Əliyev Avropaya enerji mənbələrinin şaxələndirilməsinə kömək edir. Ona təşəkkür borcumuz var!”.

Nəzərə alsaq ki, bu ayın ortalarında isə Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə (Fransa Senatının qətnamə layihəsinin müəllifləri Azərbaycanı “çoxsaylı təcavüzkar hərəkətlərdə” ittiham edir, Laçın dəhlizindən çıxmaq tələb edilir, Fransa hakimiyyəti “Azərbaycandan idxal edilən qaz və neftin embarqo edilməsinin” Avropa İttifaqı miqyasında başladılmasına təşəbbüs planı qurur və Qarabağdakı Azərbaycan ərazilərində özünün “humanitar bürosunu” yaratmağa çağırış edir) qəbul ediləcəyi gözlənilir, o zaman Orbanın bu tvitinin Qərb üçün ümumi bir mesaj olduğunu da düşünməyə ehtiyac var. Macar lider bununla Avropanı küyə getməməyi, Azərbaycanın əslində onların xilaskarı olduğunu açıq şəkildə bəyan etmiş oldu.

Fransanın enerjisindən imtina etməklə bağlı Azərbaycana qarşı petisiya hazırlaması faktının aktual olduğu bir vaxtda Macarıstan liderindən belə bir tvitin gəlməsi, rəsmi Bakıya qarşı qərəzli Parisin mövqeyinə qarşı çıxmaq demək idi. Fransanın Minsk Qrupu həmsədri olmasına baxmayaraq, Ermənistanın işğalçı siyasətini açıq şəkildə dəstəkləməsi fonunda Azərbaycana xal qazandıran, rəsmi Bakının haqlı mövqeyini dəstəkləyən Qərb liderlərinin mövcudluğu rəsmi Bakının düzgün yolda olduğunu təsdiq edir.

Amma Azərbaycanın ayağına ilişən tək Fransa deyil... 

Molla rejimi də bu məsələdə xüsusilə son zamanlar xüsusi fəallığı ilə seçilir. Bu günlərdə İslam dünyası İranın və onun radikal fanatlarının simasında fars imperializminin ciddi təhdidləri ilə üz-üzədir. Davamlı olaraq digər müsəlman ölkələrdə fitnə çıxaran İran molla rejiminin qarşıdakı günlərdə digər müsəlman ölkələri üçün də ciddi təhdid mənbəyi olacağı istisna edilmir.

Azərbaycan səfirinin İran XİN-ə çağırılması və ona qarşı psixoloji, siyasi təzyiq mexanizmi Bakını yolundan çəkindirən metod kimi çox uğursuzdur. Necə ki, İran buna bənzərini Araz vadisi boyu sərhədlərimiz istiqamətində keçirdiyi “hərbi təlimlərlə” etməyə çalışdı.

Tehran özü də yaxşı bilir ki, əslində iki ölkə arasında münasibətləri gündən-günə gərginləşdirən Azərbaycan tərəfi yox, elə İranın özüdür. İstər rəsmi Tehranın sözçüləri və deputatlar, istər SEPAH generalları və Amuli kimi əyalət mollaları, istərsə də İran mediası hər gün Azərbaycan əleyhinə aramsız olaraq qızışdırıcı, təxribatyönlü və təhdidedici bəyanatlar səsləndirir, xəbərlər tirajlayırlar.

Ancaq yaxşı olardı ki, Hüseyn Əmir Abdullahian Azərbaycan səfirini “Azərbaycan mediasında İran əleyhinə təbliğatın aparılması”nı səbəb kimi göstərərək, nota vermək üçün XİN binasına çağırmazdan öncə, heç olmasa, öz ölkəsinin mediasında və sosial şəbəkə seqmentində Azərbaycan Respublikasının ünvanına yağdırılan əsassız ittihamlara, hədə-qorxulara, sərsəm açıqlamalara, iftira və təhqirlərə ötəri bir nəzər salaydı.

Amma yox, biz tamamilə əks mənzərənin şahidiyik. Abdullahian ermənidən çox erməni olduğunu bu dəfə də təsdiq etdi. İran mətbuatında Azərbaycan əleyhinə baş alıb gedən çirkabı, dezinformasiyaları, hədələri görməzdən gələn XİN başçısı növbəti dəfə Azərbaycana, azərbaycanlılara, türk millətinə qarşı nifrət və qəzəbin gözlərini tutduğunu gizlədə bilmədi.

Rejim o dərəcədə azğınlaşıb ki, din adı altında pərdələndiklərini artıq gizlətməyi də bacarmırlar. Vəziyyət o həddə çatıb ki, İslam adından çıxış edən bu ölkə üçün insan amilinin heç bir qədir-qiymətinin qaldığı hər gün özünü çılpaqlığı ilə nümayiş etdirir.

Amma Tehran unutmamalıdır ki, Azərbaycana qarşı diplomatik “uğur” hesab etdiyi səfirlik mövzusu ilə bağlı rəsmi Bakının revanş haqqı qalır. İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində çıxışı zamanı bu hüquqdan yenə eninə-boyuna istifadə edərək fars-molla rejiminə ağlını başına yığmağın İran dövləti üçün yalnız fayda verəcəyi mesajını ünvanladı: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”.

Əliyevin bu açıqlamasını “Güney Azərbaycan işğal altındadır” kimi də şərh etmək olar.

Dövlət başçımız fikirlərinin davamında “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur” açıqlaması ilə İranın uzun illərdir Azərbaycana, onun dilinə qarşı tutduğu düşmən mövqeyindən çox yaxşı xəbərdar olduğunu və artıq bu kimi xoşagəlməz məsələlərin aradan qaldırılması istiqamətində türk dövlətlərinin birgə addım atacağı xəbərdarlığını etməklə Tehranı tez bir zamanda özünə çəki-düzən verməyə səsləyib.

Bu bəyanatlarla İlham Əliyev Səmərqənddən ermənipərəst molla rejiminə Güney Azərbaycanın müstəqilliyi məsələsi, yaxud ən azı hüquqlarının bərpasının zamanı çatdığı ilə bağlı çox tutarlı cavab vermiş oldu.