vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 22 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TÜRK DÜNYASI  
71 bəndlik bəyannamə 21:57 | 21 may 2025 | Çərşənbə Məqaləyə 30 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

71 bəndlik bəyannamə

“Türk Dünyası Xartiyası” türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivədir

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının bu gün qeyri-rəsmi Zirvə görüşündə imzaladıqları Bəyannaməni Türk birliyinə gedən yolda irəliyə doğru çox önəmli bir addım hesab etmək olar.

Bəyannamə nə az nə çox, düz 71 bənddən ibarətdir.

Sənədi imzalayan türk dövlət başçıları Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayaraq, TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər.

Həmçinin, türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən prezidentlər “Türk Dünyası Xartiyası”nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar.

Üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyi sözügedən Bəyannamədə xüsusi olaraq diqqətə çatdırılıb. Eləcə də, tərəflər Türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildiriblər.

Ən önəmli məqamlardan biri də budur ki, türk dövlət başçıları Budapeşt Bəyannaməsində Quzey Kipr Türk Cümhuriyyətinin (QKTC) müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrini alqışlayıblar və eyni zamanda, Kipr məsələsinin danışıqlar yolu ilə, qarşılıqlı məqbul və həyat qabiliyyətli həllinə nail olunmasının zəruriliyini qeyd ediblər. Mərkəzi Asiyanın (Türküstan) türk dövlətlərinin yunan Kiprində səfirlik açmaları şərti ilə Avropa Birliyi ilə (AB) 12 milyardlıq investisiya sazişini imzalamalarından sonra, bu gün TDT-nin Budapeşt sammitində QKTC ilə bağlı belə bir mövqe sərgiləmələri həqiqətən də önəmli gəlişmədir. Deməli, Türkiyə ilə Türküstan dövlətləri arasında QKTC ilə bağlı yaranmış anlaşılmazlığı artıq arxada qalmış mərhələ hesab etmək olar.

Bəyannamədəki bir digər önəmli məqam isə türk dövlətlərinin müdafiə sənayesi sahəsindəki əməkdaşlığı ilə bağlıdır. Belə ki, Bəyannamədə TDT çərçivəsində müdafiə sənayesi sahəsində məhsuldar çoxtərəfli əməkdaşlığı genişləndirmək niyyəti bir daha bəyan olunub və üzv dövlətlərin müvafiq orqanlarına bu məqsədlə səylərini sürətləndirmək tapşırılıb.

Budapeşt Bəyannaməsində Türk Dövlətləri Təşkilatı Katibliyinin büdcəsinin əhəmiyyətli dərəcədə artırılması təklifi də dəstəklənib. Eyni zamanda, TDT-nin ilk birgə maliyyə institutu kimi yaradılmış Türk İnvestisiya Fondunun layihə fəaliyyətinə başlanmasının vacibliyi vurğulanıb.

TDT-nin üzvü olan dövlətlərin imzaladığı bu Bəyannamədə irqçiliyin, ayrı-seçkiliyin, ksenofobiyanın, İslama qarşı nifrətin, nifrət nitqinin və dezinformasiyanın bütün formaları ilə mübarizədə əməkdaşlığın davam etdirilməsi məqsədilə beynəlxalq platformalarda səylərin əlaqələndirilməsi öhdəliyi xatırladılıb. Həmçinin, Qəzzadakı fəlakətli humanitar vəziyyətdən dərin narahatlıq ifadə olunur, daimi və hərtərəfli atəşkəs, girovların, məhbusların azad edilməsi və Qəzzaya humanitar yardımların maneəsiz çatdırılması istiqamətində danışıqlara dəstək bir daha təsdiqlənib. İsrail-Fələstin münaqişəsinin BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ikidövlətli həlli variantının zəruriliyi qeyd edilib.

Və nəhayət, Bəyannamədə TDT-nin müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsini təşviq etməyə, mümkün olduqda bir-birinin namizədliklərini, qətnamələrini, bəyanatlarını və beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara əsaslanan digər təşəbbüsləri daha güclü qarşılıqlı əlaqələndirməyə və dəstəkləməyə çağırış ifadə olunub. Türk xalqlarının ortaq dəyərlərini gələcək nəsillərə ötürmək məqsədilə Novruz bayramının Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq bayram kimi qeyd olunması barədə Katibliyə tapşırıq verilib.

Bəyannamədə TDT-nin üzv dövlətlərinin hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Sazişin qüvvəyə minməsi, Türk Yaşıl Baxış prinsiplərinin rəhbər tutularaq, yaşıl enerji avadanlığının və texnologiyalarının inkişafının, iqlimədavamlı infrastrukturun, enerji səmərəliliyinin və tullantıların səmərəli idarə olunmasının təşviqi kimi bir sıra başqa önəmli məqamlar da yer alıb.

Bütün bunlar onu göstərir ki, türk dövlətləri arasında əsas prinsipial məsələlərin hamısında anlaşma və uzlaşma var. Prosesin gedişində ortaya çıxan fors-major halları, cari problemləri və ixtilaflı məsələləri isə danışıqlar vasitəsilə yoluna qoymaq mümkündür.

Əsas odur ki, TDT liderləri arasında xoşgörü və pozitiv atmosfer davam edir. Bunu bu gün İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Qasımcomərt Tokayevin səmimi söhbətindən də görmək mümkün idi.

Ümid edək ki, liderlər real Türk birliyinin yaradılması istiqamətində bundan sonra daha qətiyyətli mövqe sərgiləyəcəklər. Çünki təhlükəsiz gələcəyimizin təminatı nə Qərbdə, nədəki Şərqdə yox, məhz Türk birliyindədir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)