vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
21:28 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 2819 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yəqin Putin Çexovu oxumayıb»

«Mən Rusiyanın yox, rus imperiyasının düşməniyəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Rusiya rəsmilərinin onu qatı antisovet, antirus adlandırmasına münasibət bildirib.

O, aktual.az-a açqılamasında deyib ki, bu, yalan və böhtandır: «Mən ömründə Rusiyaya nifrət etməmişəm. Mən Rusiyanı sevirəm və sevmişəm də. Mən Tolstoyun, Buninin, Bulqakovun Rusiyasını sevmişəm. Bunların hamısı rus mürtəcesinə, imperiyasına nifrət eləyən adamlardır. Yalnız bolşeviklər hesab edir ki, mən Rusiyaya nifrət edirəm. Mən Rusiyaya yox, bu ölkəni yıxanlara nifrət edirəm. Bu böyük mədəniyyətə malik ölkəni bolşeviklər, sovetlər, çar elitası yıxdı. Amma rus xalqı gözəl xalqdır və rus xalqına böyük hörmətim var. Qaldı mən əksinə, rusafiləm. Məsələn, mənim qədər rus folklorunu sevən, dinləyən ikinci adam çətin tapılar. Bax, mən bu dəqiqə Çexovu oxuyuram və mən təəssüf edirəm ki, yəqin Putin Çexovu oxumayıb. Çünki Çexovun gözü elə iti, intellekti ele genişdir ki, bütün rus həyatının çətinliklərini yazıb göstəribdir. Onu oxusa, öz ölkəsini yaxşı başa düşər». 

Vəfa Quluzadənin fikrincə, Rusiya imperiyasının Şimali Qafqazdakı cinayətlərini Lev Nikolayeviç Tolstoydan şiddətli heç kim tənqid etməyib: «Orada çeçen məscidini murdarladıqlarına görə Tolstoy onlara «rus donuzları» deyə xitab etmişdi. Bilirsinizmi, mən heç vaxt rusları donuz adlandırmamışam, amma onların dahiləri Lev Tolstoy adılandırıb. Bax, buna fikir verin: rusların bütün dahiləri rus imperiyasının murdar işlərini şiddətli şəkildə suçlayıb, tənqid atəşinə tutulublar. Ona görə Rusiya deyəndə onlar özlərini doğruldurlar. Putin Lev Tolstoy, Çexov düşərgəsindən deyil. O, II Nikolay, Yermolov, bütün bu xalqları qıran alman əsilli generalların düşərgəsindəndir. Ona görə də buna fərq qoymaq lazımdır». 

Politoloq hesab edir ki, ölkəsinin əlində alət olan Rusiya səfirliyi onun barəsində yerli KİV-lərə müxtəlif formalarda təzyiqlər edir: «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinə, hətta «Zerkalo»ya da mənimlə əlaqədar dəfələrlə basqı olub. Hətta mənim yadımdadır ki, biz Elçin bəylə («Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlını nəzərdə tutur-red.) söhbət edəndə rus səfiri Doroxin bizə yaxınlaşaraq Elçin bəylə mehriban ünsiyyətimizdən çox narazı qaldı. Onu da deyim ki, mənim bir insan kimi Doroxinə böyük hörmətim var. Çünki sovet dövründə mən onun kimiləri ilə bir yerdə qardaş kimi işləmişəm. Onu da ləyaqətli insan hesab edirəm». 

Sabiq dövlət müşavirinin sözlərinə görə, tədbirlərin birində onunla ünsiyyət zamanı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib ki, Vəfa Quluzadə çox gözəl insandır, amma eyni zamanda Rusiyanın bir nömrəli düşmənidir: «Mən də ona demişdim ki, siz səhv edirsiniz. Mən Rusiyanın yox, rus imperiyasının düşməniyəm. Və bizim onunla belə söhbətlərimiz çox olub. Amma yenə deyirəm Doroxinin şəxsiyyətinə hörmət edirəm. Əgər Rusiyanın bütün diplomatları onun kimi olsaydı, Rusiya xoş günə çıxardı. Çünki o, ağıllıdır, gözəl təhsillidir və içkiyə meylli deyil. Mən obyektiv olaraq hər şeyə qiymət verə bilənəm. Mən həmçinin rus səfirliyində işləyənlərə də hörmət edirəm. Çünki vaxtilə onlardan biri olduğuma görə orada çalışanları yaxşı tanıyıram. Ona görə mənə yarlıq yapışdırmaq lazım deyil. Onu da demək istəyirəm ki, istefaya gedəndən sonra rus səfirliyi məsələni elə istiqamətə yozdu, guya onlar Heydər Əliyevə təzyiq göstəriblər. Amma bu, ağ yalandır. Çünki mən istefaya gedəndən sonra Amerika səfirliyinin iqamətgahında Azərbaycan-Amerika əlaqələrinin 10 illiyinə həsr olunmuş ziyafət verilirdi. Orada Heydər Əliyevlə yanaşı İlham Əliyev və hökumətin bütün yüksək vəzifəli məmurları var idi. Orada Heydər Əliyev mənə müraciət etdi ki, Vəfa, gəl işinə qayıt. Mən də onda dedim ki, belə arzum yoxdur. Yəni Heydər Əliyev axıra qədər məni istəyib. Onu da bildirim ki, onların heç vaxt Heydər Əliyevə təzyiq etmək imkanları olmayıb. Bax, məsələ budur». 

Xatırladaq ki, «Ayna» və «Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı «Media forum»a müsahibəsində Rusiya səfirlərinin onlara olan narazılığını bu sözlərlə ifadə edib: «Hansısa tədbirdə məni Vəfa Quluzadə ilə bir yerdə görəndə deyirdilər, hə, Azərbaycanın ən qatı anti-sovet, anti-rus şəxsləri bir yerə yığışıb. Bunu bizə zarafatla deyirdilər, amma burada bir həqiqət də var».