vaxtlı-vaxtında oxuyun! Bazar, 14 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
Rusiyadan miqrantlara zərbə 10:33 | 2 iyun 2017 | Cümə Məqaləyə 1550 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyadan miqrantlara zərbə

Artıq bu ölkənin sürücülük vəsiqəsi olmayan əcnəbilər avtobus, kommunal texnika və taksi avtomobillərini idarə edə bilməyəcəklər

Azər NURİYEV, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya hökumətinin miqrantlara qarşı sərt tədbirləri davam edir. Bu dəfə zərbə sürücülüklə məşğul olan qastarbayterlərə dəyib. İyunun 1-dən Rusiyanın sürücülük vəsiqəsi olmayan əcnəbilər avtobus, yük maşın və taksiləri idarə edə bilməyəcəklər. Bu barədə qanun qüvvəyə minib. Dövlət Dumasının deputatlarının hesablamalarına görə, qadağa ölkə boyu çalışan on minlərlə qastarbayterə toxunacaq. Dərhal belə bir fikir yayılıb ki, baş verənlər ölkənin nəqliyyat sistemində ciddi problemlərə yol açacaq. Lakin sərnişinləri daşıyan müəssisələr bəyan edirlər ki, bu ciddi problemlərə gətirib çıxarmayacaq: xarici-sürücülər bu sahə üzrə o qədər də çox deyillər və artıq bir çoxunun Rusiya vəsiqələri var.

Bununla yanaşı, qanunvericilər Rusiya vəsiqəsi olmayan sürücülərin və yaxud onların çalışdığı şirkətin cərimə olunmasına aydınlıq gətirməyiblər. Yəni bu məsələ açıq qalıb. Rusiya Dövlət Dumasının nəqliyyat üzrə komitəsinin rəhbəri Yevgeni Moskviçev bildirib ki, söhbət avtobus, kommunal texnika və taksi xidmətindən gedir. Özü də hakimiyyət orqanlarının bu təşəbbüsü 10 il bundan əvvəl start götürsə də, indi qüvvəyə minir. Ləngimə gəlmələrin yalnız Rusiya Dövlət Yol Təhlükəsizliyi Baş İdarəsində imtahan verdikdən sonra sürücülük vəsiqəsi almasına nail olmaq məsələsinə görə idi. Rusiyanın «Kommersant» qəzeti yazır ki, əksər ölkələrdə sürücülük vəsiqəsi pulla alınır və bu səbəbdən də həmin şəxslər adi yol hərəkəti qaydalarından xəbərsiz olurlar. Belə bir fakt da var. Məsələn, Ermənistan vətəndaşı olan miqrant idarə etdiyi avtomobillə 20-yə yaxın insanın ölümünə səbəb olmuşdu. Rusiyanı şoka salan bu insidentdən sonra Dövlət Duması bir günün içində bununla bağlı qaydaları sərtləşdirmişdi. 2014-cü ildə qadağa tətbiq edilsə də, onun icrası hər il təxirə salınırdı. Bununla onların Rusiyada imtahan verib sürücülük vəsiqəsi almaları nəzərdə tutulurdu. Dövlət Duması qanun layihəsinin 2018-ci il iyunun 1-dən qüvvəyə minməsinə çalışsa da, bu, baş verməyib. Layihə mayın 17-də birinci oxunuşda qəbul edilib.

Moskviçev bildirirdi ki, 70 min sürücü Rusiyaya məxsus sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitələrini idarə edir. Onun sözlərinə görə, bu rəqəm çox da ola bilər. «Mən yükdaşıma şirkətlərinin rəhbərləri ilə müzakirələr apardım. Mürəkkəb bir vəziyyət yaranıb. İnsanlar vəziyyətdən çıxış yollarını arayırlar», - deyə deputat bildirib. «Kommersant» məsələ ilə bağlı regionlarda araşdırma aparıb və bəlli olub ki, Rusiyadan alınan sürücülük vəsiqəsi olmayanların böyük əksəriyyəti Qırğızıstandan olanlardır. Məsələn, Çelyabinskdə 1000-ə yaxın sərnişin daşınması ilə məşğul olan qırğız sürücü fəaliyyət göstərir. Bəlli olub ki, heç onların milli sürücülük vəsiqələri belə yoxdur. Qırğızlarla yanaşı, tacik və qazaxlar da bu sahədə liderlik edir. Novosibirskdə vəziyyət bir qədər yaxşıdır - 200 nəfərin sürücülük vəsiqəsi yoxdur. Sverdlovsk vilayətində isə 900 sürücünün vəsiqəsi yoxdur. Rusiya Dövlət Yol Təhlükəsizliyi Baş İdarəsi artıq dünən bəyan edib ki, bütün yollar üzrə Rusiya sürücülük vəsiqəsi olmayan sürücülərin sənədlərinin yoxlanılmasına başlanılıb. Hələ ki konkret cəza növü müəyyən olunmasa da, cərimələr var. Lakin bununla bağlı Rusiya Dövlət Yol Təhlükəsizliyi Baş İdarəsində vahid mövqe yoxdur. Məsələn, qurumun Ufa şəhəri üzrə rəhbəri İlnur Sadığov bildirir ki, Rusiya sürücülük vəsiqəsi olmayanlar 5-15 min rubl cərimə ödəyirlər. Paytaxt Moskvada isə fərqli vəziyyətdir. Şəhər nəqliyyat idarəsindən bildiriblər ki, qadağa müəssisələrin fəaliyyətində problem yaratmayacaq. Təqribən 1700 əcnəbi sürücünün 80 faizi Rusiya sürücülük vəsiqəsi alıb.

Ekspertlərin qənaətincə, hakimiyyət orqanları bununla yerli əhali arasında işsizliyin qarşısını almağa çalışır. Belə ki, prezident Vladimir Putin də dəfələrlə bəyan edib ki, ilk növbədə yerli sakinlərin işlə təmin olunması reallaşmalıdır. Burada həm də miqrantların ölkədən çıxarılması nəzərdə tutulur. Ekspertlər hesab edirlər ki, Rusiya miqrantlarla bağlı sahəni ciddi şəkildə nəzarətə almağa çalışır. İllər uzunu ucuz işçi qüvvəsindən istifadəyə üstünlük verən hökumət neft pullarının azalmasından sonra yerli əhalini işlə təmin etməkdə çətinlik çəkir. Bu səbəbdən də miqrantlara qarşı irimiqyaslı kampaniya başladılıb. Hökumət onların ölkədən çıxarılmasına başlayıb. Artıq qanunsuz miqrantları saxlanma mərkəzləri ağzına kimi dolub. Onları ölkədən çıxarmağa belə pul tapılmır. Ən önəmlisi isə odur ki, təbliğat elə qurulub ki, əhalinin də gəlmələrə qarşı münasibəti dəyişib. Məsələn, Levada Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, rəyi soruşulan respondentlərin 32 faizi miqrantları az təhsilli sayır, onları aşağı işlərdə işləməyə qadir sayırlar. Miqrantları əməksevər insanlar sayanların da sayı azalıb. Belələri 32 faizdir. DİN-in məlumatına görə, ötən il Rusiyaya 16,4 mln. əcnəbi və vətəndaşlığı olmayan insan gəlib. Ən çox axın MDB-dən olub - təqribən 70 faiz. Avropa İttifaqı 11,2 faiz, yerdə qalanları isə digər ölkələrin vətəndaşlarıdır.

Beləliklə, bütün bunlardan hansı nəticəyə gəlmək olar? Sözsüz ki, burada Rusiyadakı iqtisadi çətinlik öz sözünü deyir. Bu ölkə artıq öz vətəndaşlarını işlə təmin edə bilmir və çıxış yolunu ölkədən ucuz işçi qüvvəsinin çıxarılmasında görür. Siyasi məsələ isə artıq az rol oynayır. Yəni əvvəllər Rusiya onun siyasəti ilə barışmayan ölkələrə qarşı miqrant kartından geniş istifadə edirdi. İndi isə miqrantların ən çox axışdığı Mərkəzi Asiya ölkələrində Rusiya siyasətinə qarşı çıxan bir ölkə qalmayıb. Bütün qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, yaxın vaxtlarda Rusiya MDB məkanından, xüsusən də Mərkəzi Asiyadan olan miqrantlar üçün yeni problem yarada bilər. Ən pisi isə odur ki, onların ölkələrinə deportasiyası ölkələrində sosial partlayış təhlükəsini zəruri edir.