
Londonun casusu, Bakının kürəkəni ...
SSRİ vaxtı Oleq Qordiyevski haqqında çıxarılan ölüm hökmü hələ də qüvvədədir
SSRİ vaxtı Oleq Qordiyevski haqqında çıxarılan ölüm hökmü hələ də qüvvədədir
... Yaxud zamanı qabaqlayan yazıçı
Baş nazir, nazir və prezidentin 3 ildə ar-arda Moskvaya səfəri çevrilişlə bitdi
Ayaz Salayev: “Mən heç vaxt başqa millətdən bir qadınla evlənməzdim”
İnsan itkisini hesaba qatılmadığı döyüş – 400 mindən çox itki hesabına keçilən Dnepr
Dünyadakı vəziyyət 1930-cu illəri xatırladır ...
Yaxud Maltadakı gəmidə taleyi həll olunan Avropa
ABŞ müharibələr zamanı SSRİ-yə daha çox yardım edib ya Ukraynaya?
Azərbaycanda ideoloji siyasətin önü açılmalıdır
Stalin Leninin yəhudi əsilli olmasını niyə gizlədib?
Rusiya prezidenti keçmiş rəisinin anım mərasimində kövrəlib
Putin Şimal qütbü ilə bağlı açıqlamalar verib
Ölkəsindən əksinqilabçı kimi sürgün edilən, dünyada isə inqilabçı kimi tanınan bolşevik
... Yaxud Kremldəki “Ostap Bender”lərin yeni anti-Azərbaycan planları
Sanki Səməd Vurğun “Rəhbərə salam”ı yazanda, onların babaları əllərinə silah götürüb üsyan etmişdi?
Yazıçının qalmaqallı müsahibəsi və bizim Tarixə yanlış münasibətimiz...
«Bolşevik İnqilabının 100-cü ildönümü haqda düşünərkən, xatırlamağımız gərəkli olardı ki, bu dövr cəhənnəm olub – 100 il sürən inqilab, zülm, aclıq, kütləvi qırğın, soyqırım və tarixdə misli görünməmiş terror», Artur Herman «Milli İcmal» dərgisində yazır.
100 il öncə Vladimir Lenin Rusiyada respublika idarə üsulunu devirəndə az adamın ağlına gələrdi ki, növbəti illərdə nəhəng bir ölkə öz əhalisinin üçdə birini aclıq, müharibə və kütləvi mühacirət nəticəsində itirəcək.
Müvəqqəti Hökuməti Petroqradda qərargahlanan narazı əsgərlər və Kronştatda donanma bazasındakı matrosların köməyi ilə devirdikdən bir gün sonra – 8 noyabrda Lenin Xalq Komissarları Şurası adlanan yeni hökumət yaratdı. Əslində, bu, xalqın geniş təbəqələrini təmsil edən idarəçi qurum yox, Lenin və onun bolşevik silahdaşlarından ibarət bir dəstə idi.
«Az qala bir güllə də atılmamışdı – Rusiya paytaxtında bolşeviklərin çevrilişində ölən adamların sayı bir maşına da yerləşməzdi», deyə Artur Herman 7 noyabr gecəsi Petroqradda baş verənləri təsvir edir. «Ancaq həmin gündən bu günədək Leninin irsi tarixdə ən ölümcül siyasi sistemin əsasını qoyacaqdı».
Vladimir Lenin və onun varisi İosif Stalinin hakimiyyəti dönəmində milyonlarla adam repressiya, sürgün, və kütləvi aclığın qurbanına çevrildi. Saysız-hesabsız ailələr və hətta bütöv millətlər - Krım tatarları, Ahıska türkləri, çeçenlər - pərən-pərən salındı. Volqa almanları, Kareliya finləri, livtalılar, latışlar, estonlar, rumınlar, polşalılar, koreyalılar, kalmıklar, balkarlar sırf etnik mənsubiyyətinə görə hədəf alınaraq sürgün edilənlərin sırasında idilər.
Buz bağlamış Sibir çöllərinə sürgün edilib ölüm düşərgələrində dünyasını dəyişən «anti-sovet ünsürlər» arasında on minlərlə Azərbaycan türkü də var idi. 1920-ci ildə bolşeviklərin işğalından 1939-cu ilədək Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında iştirak etmiş çoxları ya güllələnmiş ya da ailəliklə vətəndən sərt təbiətli tundra məkanına və Orta Asiyanın ucqar nöqtələrinə deportasiya olunmuşdu. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Ömər Faiq Nemanzadə, Salman Mümtaz kimi xalqın dəyərli övladları «xalq düşməni» damğası altında məhv edildilər.
Hermanın sözlərinə görə, Leninin qurduğu kommunist quruluşu dünyanın dörd küncünə yayıldıqca Çin, Kamboca, Kuba və Efiopiya kimi ölkələrdə repressiv totalitar rejim yaradılmasına yol açdı. Ciddi mədəniyyət fərqlərinə baxmayaraq, kommunizm bərqərar olduğu bütün məkanlarda yüksək dərəcədə oxşar nəticələr verdi.
Mərkəzləşdirilmiş repressiv dövlət aparatı, hamının riayət etməli olduğu vahid siyasi xətt, cəmiyyəti total nəzarət altına almış hökumət, özəl mülkiyyət hüquqlarının yoxluğu, ifrat səfalət və xronik qıtlıq az qala bütün kommunist ölkələrində müşahidə edilə biləcək cizgilər idi. Kommunist Partiyasının cəmiyyət üzərində ali mövqeyini təsbit edən ideologiya siyasi rəqabət ideyasını büsbütün rədd edir, istənilən alternativ düşüncəyə və onun daşıyıcısına düşmən münasibət sərgiləyirdi. Bu növ rejimlərdə hətta «cinayətkar» anlayışı da fərqli meyarlarla ölüçülürdü.
Belə bir şəraitdə cəmiyyətin böyük kəsimi cəza aparatının məngənəsində, yaxud aclıqdan tələf olmağa məhkum idi. Sağ qalanları isə qəddar polis rejiminin dəmir yumruğu altında psixoloji vahimə və material səfalət dolu bir həyat gözləyirdi.
«Hələ söhbət kommunizmin Vyetnam, Koreya, Malayziya, Yunanıstan, Nikaraqua, El Salvador, Anqola və Rusiyanın özündə bərqərar olmaması uğrunda həyatlarından keçən adamlardan getmir», Herman yazır.
Başda amerikalılar olmaqla, azad dünyanın on minlərlə övladı Vyetnam cəngəlliklərində, Koreyanın donmuş təpəliklərində kommunizmi dayandırmaq naminə tüğyan edən müharibələrdə həyatlarını itirəcəkdi.
Az qala yarım əsr dünya əhalisi kommunizmin başlıca dayağı sayılan Sovet İttifaqı ilə nüvə müharibəsinin qorxusu ilə yaşayacaqdı. «Həmin onilliklərdə yaşamış adamlar Sovet İttifaqının 1991-ci ildə süquta uğrayacağını ağıllarına belə gətirməzdilər».
Müəllifin sözlərinə görə, mövcud hər şeyi dağıtmağı qarşısına məqsəd qoymuş Vladimir Lenin inanırdı ki, belə etməklə o, daha yaxşı gələcək quracaq.
Bu gün İŞİD və əl-Qaida kimi terror qruplarının Leninin «totalitarizmin nihilizmlə qarışdığı terror və zorakılıq» amalına bənzər təfəkkürdən qidalandıqlarını qeyd edən Artur Herman təhlükənin sovuşmadığını xatırladır.
«Lenin və onun davamçıları sivilizasiyaya müharibə elan etdilər. Həmin müharibə müxtəlif yerlərdə və müxtəlif vasitələrlə hələ də davam edir».