vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 1 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
Dil həsrəti ... 16:24 | 25 yanvar 2025 | Şənbə Məqaləyə 760 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dil həsrəti ...

... Yaxud 30 yeşiklik milli sərvətimiz

İbrahim NƏBİOĞLU

Rusiyadan İsrailə köçənə qədər Moskva yaxınlığında, Peredelkinodakı bağ evində yaşayırdı. Burada çox mutlu idi, füsunkar təbiəti, havası, suyu görkəmli yazıcımız Çingiz Hüseynovun ömrünü uzadır, ona hüzurlu bir həyat motivasiyası verirdi. “Yazıçılar Şəhərciyi” adlanan bu əfsanəvi qəsəbədəki evində minlərlə kitabı ilə indi milli sərvətimiz saydığımız arxivinin əhatəsində yaşayırdı.

Peredelkino Moskvadan cəmi 21 km məsafədə yerləşir. Buna baxmayaraq ədəbiyyatımızın Sonuncu Mogikanı çox nadir hallarda – ildə bir-iki dəfə paytaxta gedərdi. 1990-cı illərin əvvəlində o vaxt elmlər namizədi olan Rafael Hüseynov Moskvada doktorluq dissertasiyasını müdafiə edəcəkdi. Ali Attestasiya Komissiyasının üzvü idi Çingiz Hüseynov. Gənc şərqşünas alim ona zəng edir, müdafiə gününün tarixini xatırladır. Peredelkinodan çıxmayan görkəmli yazıçı o gün Moskvaya gəlir, müdafiədə iştirak edir.

Rafael Hüseynovun çıxışından sonra Rusiya şərqşünaslıq məktəbinin tanınmış alimləri bir-bir səhnəyə çıxaraq doktorluq işi haqqında müsbət fikirlər söyləyir, həm doktorluğa namizəd, həm də Azərbaycan şərqşünaslığı haqqında dəyərli sözlər deyirlər. Ən sonda söz alan Çingiz Hüseynov “bura Rafaeli müdafiə etməyə, onu dəstəkləməyə gəlmişdim, ancaq burada hər kəs namizəd haqqında, gördüyü elmi işi haqqında elə parlaq fikirlər söylədilər ki, mənim çıxışıma ehtiyac qalmadı”, – deyir…

Yanvarın əvvəlində bu nəhəng insanın əbədiyyətə köçündən bir il keçdi. Rafael müəllim telefonundan mənə Çingiz Hüseynovla telefon danışığını dinlətdirdi axşam mənə…

Üç-dörd nəfərli Moskva–Qüds–Bakı arasında bir tele-konfrans söhbətidir. Rafaeldən deyir Ustad, onunla qürur duyduğunu dilə gətirir və birdən “Dil həsrətindən” danışır. Doğrusu, əlimdə Rafael müəllimin telefonu ilə bir anlığına donub qaldım. Yadıma Çingiz Hüseynovun nəvəsi (oğlu professor Həsən Hüseynovun qızı), əfsanəvi “London School of Economics”in professoru Dina Hüseynovanın (1981 d.) atası və babası arasındakı söhbəti xatırladım. O söhbətdə Çingiz müəllim nəvəsinə olduqca səmimi etiraflarda bulunur.

Bir yazımda da Çingiz Hüseynovun dostlardan birinə telefonda “Məndə Vətən həsrəti indi Dil həsrəti ilə əvəz olunub” demişdi. Dünənki səs yazısından məlum oldu ki, görkəmli yazar ömrünün qürub çağında bütün varlığı ilə Ana dilinin həsrətini çəkir, doğma sözləri, ləhcələri, Azərbaycan Türkcəsini eşitmək, duymaq, yaşamaq istəyirmiş. Və o, Dil həsrətini, onun dayanılmaz əksikliyini, acısını Rafael Hüseynovla danışaraq azaldırmış…

Yazdığım vida məqaləmdə Çingiz Hüseynovun arxivinin Almaniyada, Bremen Şərqi Avropa Araşdırmalar Mərkəzində (FSO – Forschungsstelle Osteuropa) saxlanıldığını qeyd etmişdim. Arxivin bu mərkəzə verilməsinə yazıcının oğlu, Bremendə mühacir həyatı yaşayan, tanınmış dilçi alim, professor Həsən Hüseynov (1953 d.) qərar vermişdi.

İlk eşitdiyimdə “Nə üçün axı bu arxiv Vətənində deyil, Almaniyada olsun” deyə üsyan edib, Bakıya – görkəmli alim, tarixçi, mətnşünas, Cümhuriyyət tariximizin ən parlaq tədqiqatçılarından biri professor Solmaz xanım Tohidiyə zəng vurmuşdum. Solmaz xanım da xəbəri eşidəndə üzülmüş, təsəllimiz arxivin almanlar tərəfindən yaxşı qorunacaq omasıdır demişdi…

Dünən axşam məlum oldu ki, Bremen Şərqi Avropa Araşdırmalar Mərkəzində Çingiz Hüseynovun oğlundakı çox cüzi materialları saxlanılır. Əsas nəhəng arxiv – 30 yeşik Milli Sərvətimiz sayılacaq materiallar isə Rafael Hüseynovdadır. Ən önəmlisi isə artıq arxivin tam təsviri üzrə işin bitmək ərəfəsində olmasıdır. Bir neçə ay sonra min səhifədən çox arxivin tam təsviri kitabı çapdan çıxacaq. Təsəvvür edə bilirsizmi, sadəcə təsviri 1000 səhifədən çoxdur…

“Çingiz Hüseynovdan sonra Ədəbiyyat Səhnəmizin qalın, məxmər pərdəsi artıq enmişdir” yazmışdım vida yazısında. Bəli, pərdə enmiş olsa da o nəhəng miras indi bizim ölkədədir, onu da Rafael Hüseynov və onun milli tələbələri və yetişdirdiyi gənc alimlər yaşadacaq.

Dostlarımdan ayrılanda Rafael müəllimə daha bərk sarılaraq sağollaşdım.

Gecə yarısı taksi ilə evə qayıdarkən uzaqda yaşayan bir dostum zəng elədi.

Səsimi eşidən kimi “Yaman sevincli və nəşəlisən, səbəbi nədir?” deyə soruşdu.

Necə mutlu olduğumu uzaqdan o da anlamışdı…

25 yanvar 2025


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)