vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MUSİQİ  
01:28 | 31 iyul 2017 | Bazar ertəsi Məqaləyə 2935 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ölkəmiz əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verib»


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: «Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib»

MÖVZU İLƏ ƏLAQƏLİ

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və «Gilan Holdinq»in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalının iyulun 30-da rəsmi açılış mərasimi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna rol oynayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Məktubda deyilir: «Hörmətli festival iştirakçıları, əziz dostlar!

Sizi - IX Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram. Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib. Mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran hər bir layihə bizim üçün çox dəyərlidir. Son illər ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün xalqların nümayəndələrini bir araya toplayır.

Fərəhləndirici haldır ki, nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı da mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı Azərbaycanın dünyada multikulturalizm və tolerantlığın uğurlu modellərindən biri kimi tanıdılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.

Əminəm ki, maraqlı və rəngarəng musiqi proqramının təqdim olunacağı builki festival qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır. Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram».

Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin konserti başlayıb. Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operası ifa olunub. Orkestri Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, dirijor Cavanşir Cəfərov müşayiət edib. Xorun təqdim etdiyi əsər Əməkdar İncəsənət Xadimi, rejissor Hafiz Quliyevin quruluşunda səhnələşdirilib. Orkestrin solistləri isə tanınmış xanəndələr Elnur Zeynalov, Arzu Əliyeva, Afaq Ağayeva, Mütəllim Dəmirov, Təyyar Bayramov, Nəzər Bəylərov, Taleh Yəhyayev (bariton) və Cahangir Qurbanov (bariton) olub. İllərin sücgəcindən keçərək öz aktuallığını qoruyub saxlayan «Leyli və Məcnun» operası bu gün də tamaşaçıların alqışları ilə qarşılanıb.

Musiqisevərlərin çoxdan gözlədiyi Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq iki gündür ki, öz qapılarını yenidən sənətsevərlərin üzünə açıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2009-cu ildən keçirilən festival ildən-ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir. Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı da hər il olduğu kimi çox zəngindir. Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur.

Avqustun 3-dək davam edəcək Qəbələ Beynəlxalq Musiqi Festivalında Rusiya, İsrail, ABŞ, İtaliya, Litva, Sloveniyadan dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Mixael Slatkin, Moyka Zlobko Vayql, Massimo Merçelli, Stefen Deitz, Anna Serova, Roberto Molinelli, Nomeda Kazlaus və başqaları iştirak edəcəklər. Festival günlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının «Baku Chamber Orchestra» Kamera, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik, «Femusa» Kamera orkestrlərinin, «Clarte» klarnet kvartetinin, «Furioso» kvartetinin konsertləri olacaq.