vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
17:45 | 8 dekabr 2017 | Cümə Məqaləyə 3376 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Metodika, yoxsa...

Dərslərin qeyri-standart formada keçirilməsinə münasibət fərqlidir

Niyazi RƏHİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Son vaxtlar sosial şəbəkələrdə tez-tez gənc müəllimlərin müxtəlif üsullarla keçdiyi əyləncəli dərslərin videogörüntülərinə rast gəlirik. Bu videolarda hətta replə dərs keçəni görmək də mümkündür. Sosial şəbəkələrdə və televiziyalarda sürətlə yayılan bu videogörüntülər istər təhsil işçiləri, istərsə də ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bir çoxları bu səpgidə aparılan dərslərin normal xarakter daşıdığını desə də, digər bir qisim bunun şou xarakterli olduğunu iddia edir. Məsələyə aydınlıq gətirmək məqsədilə təhsil ekspertlərinə müraciətlə yanaşı, bu üsullardan istifadə edən müəllimin də münasibətini öyrəndik.

Təhsil eksperti Nadir İsrafilov bu formada dərsləri qəbul etmədiyini bildirdi. O, belə dərslərin gündəmə gəlmək üçün şou xarakteri daşıdığını düşünür: «Pedaqogika, psixologiya və metodika deyilən elmlər, anlayışlar mövcuddur. Bu baxımdan, təhsildə qəbul olunmuş, əsaslandırılmış forma və metodlar var. Bu kimi dərsləri motivasiya və s. kimi qələmə versələr də, onlar tədrisi ucuzlaşdırır. Onsuz da bizdə şou az deyildi, üstəlik, bəzi müəllimlər dərsi də bir şouya çevirib. Mən bunu birmənalı şəkildə qəbul etmirəm. Düşünürəm ki, şagirdlərə ciddiyyəti, dərsin nə olduğunu anlatmaq çox vacibdir. Əvvəllər də şagirdlərdə maraq oyatmaq, dərsi daha effektli etmək üçün müxtəlif üsullardan istifadə edilirdi. Lakin həmin üsullar tanınmış pedaqoqlar tərəfindən əsaslandırılmış, təhlil edilmiş üsullar idi. Replə və yaxud digər üsullarla dərs deyilməsi, düşünürəm ki, gündəmə gəlmək üçün atılan addımlardır. Mən çox təəssüf edirəm ki, bizim bəzi müəllimlərimiz dərs keçərkən pedaqogikanı nəzərə almırlar. Vaxtilə biz böyük pedaqoqların nəzəriyyələrindən istifadə edirdik. Hazırda təlimdə biz heç bir məşhur, tanınmış, elmi-pedaqoji əsərləri isbat olmuş pedaqoqların fikirlərinə əsaslanmadan dərslər keçirik. Ümumiyyətlə, təhsil illərlə formalaşan elmi metodlara əsaslanır və hər dövrdə təkmilləşir».

 

«İndiki şagirdlər əyləncəyə meyllidir»

 

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov isə məsələyə başqa cür yanaşır. Bu kimi dərslərin zamanın tələbi olduğunu deyir: «Belə videogörüntülərə hərdən xarici telekanallarda da rast gəlinir. Lakin biz onu hələ qəbul edə bilmirik. Çünki bu bizim mentalitetimizə bir az uyğun gəlmir. Müəllim, dərs deyəndə ağlımıza yalnız ciddiyyət gəlir.

Lakin bu belə deyil. Əslində, yeni yanaşmalarda standart və qeyri-standart dərslər mövcuddur. Məsələn, dərs-konfrans, dərs-müzakirə, dərs-diskussiya və sairə. Bu dərslər standart dərslərdən fərqlidir. Rep vasitəsilə deyilən dərs də həmin o qeyri-standart dərs forması, qeyri-standart yanaşma kimi ola bilər».

Ə.Abbasovun fikrincə, əgər bir müəllim bu metodla öz məqsədinə nail ola bilirsə, seçdiyi yol qəbulolunandır. Bu, müəllimin xüsusi yanaşması, texnologiyası və ən əsası, metodikasıdır: «Çünki indiki şagirdlər əyləncəyə meyillidir. Lakin burada əxlaqi, mənəvi dəyərlər mütləq qorunmalıdır. Biz hazırda təlim prosesini quranda da standartlıqdan qeyri-standartlığa doğru gedirik. İndiki fəal təlim fəal şagirdin motivləşdirilməsindən irəli gəlir. Başqa cür mümkün deyil. Nəzərə almalıyıq ki, dövrün şagirdləri bu kimi motivləşdirici amillərlə daha çox maraqlanır. Biz buna bir inkişaf, innovasiya kimi yanaşmalıyıq».

 

«Müəllimin jestləri, emosiyası təbii xarakter daşımalıdır»

 

Təhsil eksperti Etibar Əliyevin fikrincə, istənilən metodikanı məktəbə gətirmək düzgün deyil: «Təhsilin qarşısında duran mühüm vəzifələrin əsas daşıyıcısı müəllimlər olmalıdır. Məktəbdə müəllimin yumoru, jestləri, emosiyası yolveriləndir. Lakin bu o qədər təbii xarakter daşımalıdır ki, uşaqların psixologiyasına mənfi təsir göstərməsin. Müasir pedaqogikada yumor, jest, emosiya və digər vasitələr hamısı fənnin dərindən mənimsənilməsi üçün istifadə olunan amillərdir. Amma müəllim qəbul olunmamış qaydada fənni şagirdə mənimsətməyə çalışırsa, bu, sünilikdir. Belə hallar şagird təfəkkürünü başqa istiqamətə yönləndirir. Bilirsiz, bəzən deyirlər ki, bu, müəllimin metodikasıdır. Məncə, bu, düz yanaşma deyil. Kimin ağlına nə gəlirsə onu tətbiq edib, «bu mənim metodikamdır» deyə bilməz. Məktəb çox həssas bir qurumdur. Hər bir metodika öncə sınanmalı, müzakirəyə çıxarılmalı və ümumi rəy verildikdən sonra tətbiq edilməlidir». E.Əliyev vurğulayır ki, istənilən metodika təhlil olunduqdan sonra tətbiq oluna bilər. Əks halda məktəbdəki mühit pozular.

 

«Əsas odur ki, şagird həm öyrənsin, həm də əylənsin»

 

Replə dərs keçən Lənkəran rayon Gəgiran kənd tam orta məktəbinin tarix müəllimi Həbib Əlizadə isə bu metodda qeyri-adi bir şeyin olmadığını deyir: «Müasir dərsin iki xüsusiyyəti olmalıdır: öyrədici və əyləncəli. Elə dərslər var ki, bu, yalnız öyrədicidir. Lakin elə dərslər var ki, həm də əyləncəlidir. Hər ikisi birlikdə olanda şagirdlər üçün daha maraqlı və effektli olur. Mənim istifadə etdiyim repli tarix dərsi də həmin əyləncəli dərslərdən biridir. Təbii ki, burada şagirdlərin yaşı nəzərə alınmalıdır. Məsələn, biz replə keçirilən əyləncəli dərsi yuxarı siniflərdə edə bilmərik. Bu kimi vasitələr dərsə əlavə maraq yaradır. İstənilən metod, istənilən üsul həm öyrədici, həm də əyləncəli olmalıdır. Əgər bu, iki şərti də ödəyirsə, dərsi uğurlu saymaq olar. Onu da nəzərə çatdırım ki, sosial şəbəkələrdə yayılan dərsdə biz rep demirik, sadəcə, xronoloji ardıcıllıqları ritmli musiqi şəklində aparırıq. Bu, daha əyləncəli olur. Əsas odur ki, şagird həm öyrənsin, həm də əylənsin».