vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
KİNO-TEATR  
11:37 | 14 iyun 2019 | Cümə Məqaləyə 17467 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Məni görməmisiz?”

Alqışlara alışan sənətkarın 70 yaşa sualı

HƏMİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Geridə qalan 70 illik ömür yolunun 50 ildən artıq hissəsini səhnə-sənətə həsr edən görkəmli aktyor bu dəfə məxsusi olaraq tamaşaçılarını ətrafına topladı. İyunun 12-də Akademik Musiqili Teatrda Xalq artisti, “Şöhrət” ordenli, professor İlham Namiq Kamalın anadan olmasının 70 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsi keçirildi.

Tamaşaçılarla dolub-daşan yubiley gecəsində sənətkara sevgi nümayişi, arzuladığı alqış payı, gül çələngləri bir ayrı ovqat yaşatmış oldu. Yaşının yetmişində də şən, şux, şaqraq, yaratmaq eşqi ilə çağlayan aktyor tədbirə təşrif buyuranları da elə özü salamladı, qonaqlarını da bir-bir özü təqdim edib, təbriklərini qəbul etdi.

İlk olaraq mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev səhnəyə dəvət edildi.

Vaqif Əliyev sənətkara cansağlığı, yeni yaradıcılıq uğurları arzulayaraq nazir Əbülfəs Qarayevin yubilyara ünvanladığı təbrik məktubunu oxudu.

Məktubda görkəmli aktyorun uzunmüddətli sənət fəaliyyəti yüksək qiymətləndirilir, onun milli teatr sənətimizin inkişafına töhfə olan xidmətləri vurğulanır. Qeyd olunur ki, respublikanın tanınıb seçilən, dərin rəğbət bəslənilən sənətkarlarından biri olan İlham Namiq Kamalın 50 ildən artıq dövrü əhatə edən dolğun yaradıcılığı sənətsevərlərin qəlbində dərin iz buraxıb. Respublikamızın teatr ictimaiyyəti onun bu illər ərzində teatr səhnələrində yaratdığı obrazları maraqla qarşılayıb. Xalq artisti həmçinin “Qayınana”, “Uzun ömrün akkordları”, “Bəyin oğurlanması” və s. filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. “İnanıram ki, bundan sonra da qazandığınız bilik və təcrübəni bölüşəcək, milli mədəniyyətimizin inkişafında öz dəyərli xidmətlərinizi əsirgəməyəcəksiniz”, - deyə məktubda bildirilir.

Çıxışın ardınca benefis, müzikl formatlı yubiley gecəsinin bədii hissəsi başlandı. Aktyor səhnədə qurulan böyük monitorda nümayiş olunan obrazlar qalereyasından seçmələrin, foto və videokadrların  müşayiətində 70 yaşına hazırlanan “Məni görməmisiz?” monoloqunu səsləndirdi. Bir neçə dəqiqəlik monoloqda köhnə-yeni mətləblərə - sənət-sənətkar münasibətinə, yaratdığı obrazların hər birinə özündən bir pay verməsinə diqqət çəkdi. Obrazlarını sadaladıqca məntiqi düstur da yaratdı: aktyor səhnəyə sehrli qüvvə kimi baxıb onu yüksəltdikcə, elə sənət də onu ucaldacaq.

Aktyorun əslində böyük mətləblərə ilmə atmaqla hördüyü səddin son cümləsi “Əslən Şamaxının Sarıtorpaq məhəlləsindən olan İlham Namiq Kamal oğlu düz 50 ildir ki, özündən çıxıb və hələ də geri qayıtmayıb” oldu. Tamaşaçı da elə onun ürəklə hayqırdığı geri qayıtmamasını alqışladı. Deməli, geri qayıtmayıbsa, hələ yeni obrazlara, fərqli sənət nümayişlərinə ümid var. Elə meydan da...

Gecə boyu aparıcı, iştirakçı, ifaçı kimi səhnədə olan yubilyar həyat və sənət dostlarının təbriklərini qəbul edib, xoş arzulara qanad verdi. Gah qardaşı, Xalq artisti Cəfər Namiq Kamala qoşulub uşaqlığına, gah çalışdığı, 25 ildən artıq bir dövrü əhatə edən pedaqoji fəaliyyətinə, gah da müxtəlif vaxtlarda çıxış etdiyi Akademik Milli Dram, Akademik Opera və Balet teatrlarının səhnələrində tərəf-müqabilləri ilə obrazlarına qayıtdı. Dünyasını dəyişmiş bənzərsiz sənətkarlar Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Yaşar Nuri ilə bir səhnədə yaratdığı obrazları bir də monitor səddindən izlədi.

Yubiley gecəsində aktyorun sənət dostları - xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Azər Zeynalov, Xalq rəssamı Arif Əliyev, Əməkdar artist Gülüstan Əliyeva və başqaları sənətkara ürək sözlərini deyərək, sevgi, ehtiram nümayiş etdirdilər.

Gecədə Teatr Xadimləri İttifaqı, Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi adından təbrik məktubları da oxundu, fəxri fərmanlar təqdim olundu.

Aktyorun çalışdığı Akademik Musiqili Teatrın aktyor truppasının təqdimatında İlham Namiq Kamal yaradıcılığının seçkin nümunələri səhnəciklərlə tamaşaçılara təqdim olundu. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında hazırlanan “Bizim Don Kixot” tamaşasından səhnəcik də nümayiş olundu.

İstər səhnə plastikası, istər musiqili teatr aktyoru üçün vacib element olan səs tembri, istərsə də ifa manerası ilə hələ tədbirin əvvəlində verdiyi sualına cavab da tapdı: 50 ildir özünü itirən İlham Namiq Kamal səhnədədir. Və elə nə yaxşı ki, səhnədədir...