Qədim diyarda növbəti musiqi bayramı
Qəbələ şəhəri 11-ci dəfə beynəlxalq festivala ev sahibliyi edir
Təməlinin qoyulduğu 2009-cu ildən bu yana dünya musiqi xəritəsində özünə layiqli yer qazanan Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gəlib. Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri 11-ci dəfə öz qapılarını festival iştirakçılarının üzünə açıb.
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə reallaşan Qəbələ Beynəlxalq Musiqi Festivalı dünyanın müxtəlif yerlərindən musiqiçiləri bir araya gətirib.
İyulun 31-də Qəbələ Mədəniyyət Mərkəzinin zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunub. Cavad Tağızadənin dirijorluğu ilə gerçəkləşən konsertdə solistlər Taleh Yahyayev (bariton), Nigar Cəfərova (soprano), Mahir Tağızadə (bariton), Nəzrin Aslanlı (violin), Safura Aslan (vokal), Məhəmmədəli Paşazadə (klarnet) Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.
Proqramda F.Əmirovun “Azərbaycan kapriççiosu”, “Azərbaycan elləri”, S.Prokofyevin “Romeo və Cülyetta” baletindən 3 fraqment, A.Campyerinin “Venesiada karnaval” (II hissə), S.Raxmaninovun “Aleko” operasından Alekonun kavatinası, C.Puççininin “Bohema” operasından Müzettanın ariyası, M.Ponsenin violin və orkestr üçün “Estrellita”, Q.Qarayev və C.Hacıyevin
“Vətən” operasından Mərdanın ariyası, A.Piazzolanın “Oblivion”, F.Bədəlbəylinin “Anamız Azərbaycan” əsərləri səsləndirilib.
Gənc musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Avqustun 1-də gündüz Heydər Əliyev Konqres Mərkəzində kamera konserti təşkil olunub. Konsertdə J.Offenbaxın, İ.S.Baxın, C.Sollimanın, A.Minskinin, G.Qusevin, Q.Millerin, G.Qladkov-B.Andrianovun və E.Fransininin əsərləri səsləndirilib.
Axşam isə Mədəniyyət Mərkəzində XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib.
Avqustun 5-dək davam edəcək festivalın proqramı zəngindir. Musiqi bayramına Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən məşhur dirijorlar, musiqiçilər, orkestrlər dəvət olunub.