vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
23:26 | 11 may 2022 | Çərşənbə Məqaləyə 1264 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Blinken Əliyevə zəng edib

Dövlət katibi prezidentlə söhbətində Azərbaycan-Ermənistan danışıqları və enerji məsələlərindən razılığını bildirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 11-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Həmin məlumata görə, ABŞ dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları, bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Açıqlamaya görə, Entoni Blinken həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Məlumata görə, prezident İlham Əliyev də Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini və onların bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib.

“Prezident İlham Əliyev həmçinin Azərbaycanın delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibini müəyyən etdiyini diqqətə çatdırıb və nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edib”, – məlumatda qeyd edilir.

Məlumata görə, söhbət əsnasında iki ölkə arasında dialoqun artırılması imkanlarına, Azərbaycanda demokratikləşmə prosesinə dair fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası komissiyanın rolu xüsusilə qeyd edilib.

***

İlham Əliyevlə Entoni Blinken arasında telefon söhbəti barədə Dövlət Departamentinin sözçüsü Ned Prays da məlumat verib.

Məlumatda deyilir ki, dövlət katibi və prezident Əliyev son vaxtlarda yaranmış pozitiv məqamı və Cənubi Qafqazda, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması və qalan erməni məhbusların qaytarılması da daxil sülh yolunda atılmalı olan növbəti addımları müzakirə ediblər: “Dövlət katibi Blinken bir daha təkrar edib ki, Birləşmiş Ştatlar istər ikitərəfli əsasda, istərsə də ATƏT--in Minsk qrupunun həmsədrləri də daxil eyniməramlı başqa partnyorlarla birlikdə iki ölkəyə davamlı və hərtərəfli sülhə nail olunmasında dəstək verməyə hazırdır”.

Praysın sözlərinə görə dövlət katibi habelə insan haqlarına və təməl azadlıqlara ehtiramın artırılmasının mühümlüyünü vurğulayıb. Blinken həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynayacağı mühüm rolu təqdir edib.

***

Azərbaycan bu ilin mart ayının əvvəllərində Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinsipi təqdim etdiyini açıqlamışdı.

Onlar dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq, sərhədləri müəyyən etmək və nəqliyyat əlaqələrini bərpa etməklə bağlı olub.

Bu gün, mayın 11-də Hollandiyada səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan isə deyib ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.

O da bildirib ki, Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı öz ideyalarını təqdim edib.

***

Mayın 10-da isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov onların 5 prinsiplərinə cavab olaraq Ermənistanın 6 təklifindən bəhs etmişdi.

Onun deməsinə görə, Ermənistan tərəfi danışıqlara hazırdır və bu danışıqları təşkil etmək üçün Minsk qrupunun həmsədrlərinə müraciət edir.

Nazirin vurğulamasına görə, bu, o zaman baş verir ki, Ukrayna hadisələri fonunda Minsk qrupunun həmsədrləri arasında heç bir əlaqə mövcud deyil: “Demək olar ki, bu qrup iflic vəziyyətdədir”.

Ötən ay iki ölkə arasında danışıqlar Avropa İttifaqının vasitəçiliyi ilə aparılmışdı.

Aprelin 6-da Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmüşdü.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşdə tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunmuşdu.