vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
16:54 | 15 iyun 2022 | Çərşənbə Məqaləyə 641 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təhlükəsiz Qarabağa zəmanət...

Şuşa Bəyannaməsi sanki Fişer effekti təsiri bağışlayır

Azər QİSMƏT

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün 15 iyun tarixi Şuşa Bəyannaməsinin 1 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan xalqının sevincinə səbəb olmuşdu.

Bu sənəd Qars müqaviləsi təki mühüm əhəmiyyət daşıdığından, bölgənin gələcək təhlükəsizliyinə zəmanət verdi. Bununla da Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın qorunacağına əvvəldən zəmanət vermiş oldu və bu siyasi gediş vaxtında atıldı. Təsəvvür edin ki, Rusiya və Fransa tipli böyük güclərin bölgədə daim təsirini gücləndirmək istədiyi bir dövrdə Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanır və ölkəmizin timsalında siyasi gedişlərdə dəngələrin qorunması, siyasi təzyiqlərdən mühafizə böyük siyasi məharətin qalibiyyəti ilə nəticələnir. Bu da Azərbaycan prezidentinin siyasi təcrübəsindən və siyasi iradəsindən irəli gəldi. Xalqımızda bir daha əminlik yarandı ki, bölgə təkcə bu gün deyil, yüz illərlə azad olacaq, təhlükəsizlik hökm sürəcək. Şuşa Bəyannaməsi bu təhlükəsizliyə zəmanət verəcək. 

Ermənistanın Türkiyəyə qarşı əsassız iddiaları və tarixi təhrif etmək cəhdlərinin regionda sülh və sabitliyə xələl gətirdiyi vurğulanan bəyannamədə Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin, Naxçıvan-Qars dəmir yolunun açılması da nəzərdə tutulur. Bunun isə iki ölkə əlaqələrinin intensivləşməsinə töhfə verəcəyi ehtimalı böyükdür. İşğaldan azad edilən ərazilərdə tərəflərin regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həlli üçün birgə səy göstərəcəyi, hər hansı dövlətin müstəqilliyinə və ya ərazi bütövlüyünə üçüncü dövlət tərəfindən təhdid və ya hücum zamanı tərəflərin bir-birinə lazımi yardım edəcəyi vurğulanır.

15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. 

Əgər iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edilərsə, bir-birini qoruyacaqlar. Bəyannamədə deyilir: “Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Şuşa Bəyannaməsi sanki Fişer effekti təsiri bağışlayır. Dünya gücləri, bölgədə daim təsir güclərini artırmaq istəyənlər üçün anlaşılmazdır, lakin 25-ci kadrla  getdikcə alt şüura yeridiləcək ki, Qarabağın mərkəzi şəhərində imzalanan Bəyannamə ilə bölgədə müdafiə qalası quruldu və Qarabağ uzun əsrlərdən sonra münaqişə xəritəsindən çıxarılmalıdır. Bununla da bu bölgədən yad və xain gözlər çəkilməlidir. Və təsadüfi deyil ki, Şuşa Bəyannaməsində tarixi Qars müqaviləsinə istinad edilir. Bu isə o deməkdir ki, hər iki tərəfə qarşı silahlı təcavüz və ya beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində güc tətbiq edilərsə, o zaman Ankara və Bakı müştərək addım atmaq hüququnu özündə saxlayacaq. Şuşa Bəyannaməsinin əsas müddəası da məhz bundan ibarətdir. Bu, Azərbaycan və Türkiyənin təhlükəsizliyinin qorunması istiqamətində imzalanan çox mühüm və tarixi səhifə oldu. Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. 

Şuşa Bəyannaməsinin 1 ili tamam oldu. İllər keçdikcə onun əhəmiyyətini daha dərindən duyacaq və yenidən sevinc hissi ilə deyəcəyik: Nə yaxşı ki, bu sənəd vaxtında imzalanıb. Aydın səma altında təhlükəsiz Şuşa, barıt qoxusuz Qarabağ necə gözəl görünür.