vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 avqust 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜSAHİB  
18:08 | 15 iyul 2022 | Cümə Məqaləyə 1396 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Avropa uzun sürən müharibəyə hazır deyil”

Rayan Makbet: “Ukraynaya 500 tank və 2000 zirehli transportyor lazımdır”

MÖVZU İLƏ ƏLAQƏLİ

Tank əleyhinə sistemlərdən istifadə təcrübəsi olan, ABŞ ordusunun veteranı və açıq mənbələr üzrə təhlilçi Rayan Makbet Amerikanın Səsinə müsahibədə ABŞ-ın Ukraynanı təmin etdiyi hərbi avadanlıqların, o cümlədən Yüksək hərəkətlilik qabiliyyətinə malik artilleriya raket sisteminin (HİMARS) Rusiya ilə müharibənin gedişatına təsirlərini, Ukraynanın Rusiya qüvvələrini geri çəkmək üçün nələ ehtiyacının olduğunu və hərbi mütəxəssilərin bu müharibədən çıxardığı nəticələri şərh edib.


– Cənab Makbet, HİMARS müharibənin gedişatını dəyişə bilərmi? Əgər bilərsə, izləyicilərimizə bu silahın nə üçün oyunun gedişatını dəyişə biləcəyini izah edə bilərsinizmi?

– Oyunun gedişatını dəyişən bir neçə şey olub. Javelin bunlardan biridir. Bayraktar dronları bunlardan biridir. Neptun raketi oyunun gedişatını dəyişib. M777 Haubitsa oyunu dəyişib. İndi də HİMARS sistemi bunu edir. Ukrayna bu silahlara rəğmən çox torpaq itirir. Fakt budur ki, HİMARS sistemi Rusiya xəttindən uzağa dərin zərbələr endirmək üçün möhtəşəmdir, amma itirilən torpaqları geri ala bilməz.


– Ukraynanın Rusiya hədəflərinə dəqiq zərbələr endirmək imkanının artdığını nəzərə alsaq, onların yaxın gələcəkdə Donbas və Xersondakı torpaqları geri qaytarması mümkün olarmı? Ukraynalıların rusları geri çəkmək üçün nəyə ehtiyacı var?

– HİMARS-ın faydalı tərəflərindən biri odur ki, o, Ukraynaya öz sərhədindən çox uzaqda olan Rusiyanın təchizat anbarlarına dəqiq zərbələr endirməyə imkan verəcək və bu da rusları bu silahları tapmaq və məhv etmək üçün daha çox resurs sərf etməyə məcbur edəcək. Onların bu silahları tapmaq üçün resurs istifadə etməsi cəbhə xəttində döyüşmək üçün daha az resurs istifadə edəcəyi deməkdir. Beləliklə, bu bir üstünlükdür. Bəs ukraynalıların Rusiyanı geri çəkmək üçün nəyə ehtiyacları var? Onlara 500-ə yaxın tank və 2000-ə yaxın zirehli transportyor lazımdır. Onlar həmin avadanlıqları əldə etdikdən sonra itirilmiş əraziləri geri ala bilərlər. Bəzi dəhşətli itkilər görəcəyik, çünki müdafiə etmək həmişə hücum etməkdən daha asandır.


– Müharibənin əsas elementlərindən biri sürprizdir. Bununla belə, ukraynalıların Qərbin təmin etdiyi silahlardan istifadə etməyə başladıqlarını saymasaq, tərəflər getdikcə daha çox “tükəndirmə müharibəsi” apardıqları üçün heç bir tərəfdən strateji və ya taktiki sürpriz əlamətləri görmürük. Bu durum dəyişə bilərmi?

– Mən bunun dəyişəcəyini düşünmürəm. Hər iki tərəf bir-birinin tərkibini və mövqeyini bilir. Hər iki ordunun quruluşu böyük ölçüdə artıq müəyyəndir. Ona görə də mən hər hansı “şok və zərbə” kampaniyasının olacağını görmürəm. Sadəcə olaraq qüvvələri nizamlamaq çox çətin olardı.


– Ruslar daha öncə nüvə silahlarından istifadə etmək ehtimalına işarə ediblər. Ancaq indiyədək döyüş meydanında böyük itkilər versələr də, onlar taktiki nüvə silahlarından istifadə etməkdən çəkiniblər. Sizcə, Moskvanı çəkindirən amillər nədir?

– Nüvə silahlarının siyasi nəticələri olur. Düşünürəm ki, Rusiya taktiki nüvə silahından istifadə edərsə, hətta Çin və ya Hindistan da məyus ola bilər. Ancaq problem ondadır ki, Ukraynada taktiki nüvə silahları üçün hədəflər yoxdur. Əslində, taktiki nüvə silahı döyüş meydanında komandanlıq və idarəetmə mərkəzlərini məhv etmək və ya irəliləyiş əldə etmək, ya da irəliləyiş əldə etmək üçün bir boşluq yaratmaq məqsədilə istifadə oluna bilər. Beləliklə, siz nüvə silahından cəbhə xəttində istifadə edib və sonra bütün qüvvələrinizi orada yaranan boşluqdan keçirə bilərsiniz. Ancaq Rusiyanın belə bir irəliləyişdən faydalanacaq qüvvəsi yoxdur, ona görə də cəbhə xəttində nüvə silahından istifadə etmək üçün heç bir səbəb yoxdur.


– Bu, bir fövqəldövlətin iştirak etdiyi ilk müasir müharibədir. Dünya boyu hərbi mütəxəssilər bu müharibədən hansı nəticələr çıxarır? 24 fevral 2022-ci il tarixindən əvvəl bilmədiyimiz nəyi indi bilirik?

– Məncə ölkələrin kifayət qədər sursat və ya zirehli texnikası yoxdur. Zənnimcə Almaniyanın 200-dən bir az çox, İspaniyanın isə hardasa 300 tankı var. Avropa həqiqətən də etinasız yanaşıb və Avropa heç bir halda uzun sürən müharibəyə hazır deyil.

Beləliklə, birinci dərs odur ki, sizə lazım olduğunu düşündüyünüzdən daha çox döyüş sursatı və avadanlıq lazım ola bilər. İkinci dərs, mülki vətəndaşlar odlu silahlardan istifadə üçün təlim keçməlidirlər. Müharibənin ilkin mərhələlərində Ukrayna daha əvvəl heç vaxt əlinə silah almayan insanlara sözün əsl mənasında AK 47 silahı payladı və onlara qısa təlimlər verildi.

Pis olmazdı ki, Avropa ölkələri insanların nəzarət altında hərbi odlu silahlardan atəş açmağı öyrənə biləcəyi atıcılıq klubları yaratmağı nəzərdən keçirsin.

Beləliklə, nə vaxtsa vətəndaşlara döyüşmək üçün çağırış olsa, onlar heç olmasa silahlarla bir az da olsa tanış olsunlar.

Üçüncü məsələ isə kiber müharibədir. Mən illərdir növbəti müharibənin kiber müharibə olacağını eşirdim və bu baş vermədi. Məncə kiber müharibə həddən artıq şişirdilib. Kiber müharibə üçün müəyyən kinetik qüvvəyə ehtiyacın var. Və biz kinetik hücumla bitən hər hansı kiber müharibənin və ya kiber hücumun olduğunu görmürük. Ona görə də, belə görünür ki, kiber müharibə çox şişirdilmişdi.