Harmoniyada kölgələnən gizli xəzinə...
Kompozisiyalarında sirli bir sis, mistik bir duman olan rəssam
Bədii və estetik pafosunun hüdudları klassik baxış tərzini aşan, innovativ kontekstlər yaradan peşəkar rəssam Nazim Yunusovun əsərlərini onun xəyallarını əvəz edən yeni və harmonik bir utopiya adlandıra bilərik. Heç bir klassik prinsipə riayət etməyən əmircanlı rəssamın özünəməxsus bədii yaradıcılığı var.
Nazim Yunusov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Geyim və dizayn kafedrasının müdiri vəzifəsində çalışır, bir çox tələbənin gələcək yaradıcılıq yolunu planlaşdırmasında mühüm rol oynayır. O, hazırda Azərbaycan Dizaynerlər İttifaqının katibi kimi də fəaliyyət göstərir.
Rəng, enerji və təfərrüatlı faktura toxunuşları sənətkarın bədii ifadə tərzini izah edən başlıca amillər arasındadır. Onun kompozisiyaları ilk baxışdan tamaşaçıda mücərrəd təəssüratlar oyadır. Lakin diqqətlə nəzər yetirdikdən sonra anlamaq mümkün olur ki, kətan üzərində əks olunan hər bir obyektin dünya və gerçəkliklə dərindən əlaqəsi var. Dağınıq konturlarla bədirlənən ifadəli fiqurlar sakit və həlim çalarlı qalın boya qatları ilə formalaşaraq rəssamın kompozisiyalarında təzahür edir. Onun sənət nümunələrinin hər birində gözoxşayan və tamaşaçıda maraq doğuran vizual vəhdət vardır.
Sənətkarı fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri onun abstraksiyaya yanaşma tərzidir. Unikal vizual bədii dilə sahib rəssamın fərdiləşdirilmiş konsepsiyasında abstraksiya tamamilə müstəqildir. O, bəzən kompozisiyalarında qərbsayağı sənət təcrübələrinə, bəzən də şərqsayağı mistisizmin enerjisinə müraciət edir. Ekspressionist fırça vuruşlarında fiqurasiya və abstraksiyanın improvizasiyasına daxil olan Nazim Yunusov təsvir edəcəyi hər bir səhnəni ustalıqla tamamlayır.
Nazim Yunusovun əsərlərində estetika, harmoniya və onlardan doğulan xoşbəxtlik duyğusu var. Müəllifin qeyri-adi mənzərələrinin əsas qəhrəmanı gözəl, zərif Abşerondur. Abşeronu təsvir edərkən rəssamın palitrasının parlaqlığı daha da artır. Sənətkarın əsərlərində hər bir xırda detal ən təmiz formada ifadə olunur, kölgələri dinamik, kompozisiyalarının ümumi görünüşü şıltaq və ahəngdar bir atmosfer yaradır. Abşeronun təbiəti, məişəti, sakinləri, evləri, gözəl bağları rəssamın fırçasından kətan üzərinə əfsanəvi bir şəkildə süzülür...
Rəssam, sadəcə, yağlı boyanın imkanları ilə kifayətlənmir. O, əksər əsərlərini qarışıq texnikalarda, fərqli metodlarla icra edərək özünəməxsus bədii bir müstəvi yaradır. Ələlxüsus, qabarıq yaxmalar, bol detallı tekstura, təlaşlı ornamentallıq, zərif rənglər və ən əsası da sadələşdirilmiş cizgilər bu bədii müstəvini müəyyənləşdirən ünsürlər arasında sadalana bilər. “Abşeron”, “Köhnə Bakı”, “Abşeronda”, “Bakı”, “Qədim bağ evi”, “Xəzər”, “Abşeron balıqçıları”, “Qədim şəhər” isimli sənət nümunələri rəssamın ən maraqlı əsərlər silsiləsindəndir.
Rəssamın kolorit seçimi olduqca unikaldır. Adətən, rəssamın palitrasında yaqut qırmızısı, yosun yaşılı, qızılı, firuzəyi və akvamarin mavisinin mülayim çalarları kətanın hüdudlarında birləşərək harmonik simfoniya yaradır. Onun kompozisiyalarında sirli bir sis, mistik bir duman var sanki. Elə bil bu sis-duman tablolardan sanki çəkilmək istəmir, əsla əskilmir. Mənzərələrində diqqətimizi çəkən bir başqa fərqləndirici məqam çarx təsviridir. Çarx, adətən, dünyanı, reinkarnasiyanı, bəzən də “nirvana”nı, yəni xoşbəxtliyi simvolizə edir. Çox qədim köklərə malik olan bu rəmzi ilk baxışda bizə “dharma”nı (buddizmə aid bir simvolu), bəzən “bhavaçakra”nı (buddizmdə varlıq, mövcudluq çarxı), bəzən də “samsara”nı (sanskrit rəmzini) xatırladır...
Nazim Yunusovun yaradıcılığında qadın obrazları da diqqətçəkəndir. Onlar çox dəbdəbəlidirlər. Şux və olduqca iddialı duruşları ilə hər biri sanki ən məşhur moda dərgiləri üçün seçiliblər. Fərqli konturlarla haşiyələnmiş bu qadın fiqurları seyrçilərə eskizləri xatırladır. Eyni zamanda belə ekspressionistik obrazlı əsərlərdə rəssamın müraciət etdiyi parlaq rəng seçimləri onları daha cəzbedici edir. Rəssamın bu tip kompozisiyaları daha mücərrəddir. Sanki “dəb” maskası geyinmiş bu qadın fiqurları, həqiqətdən, daha çox özlərində sürreal səciyyə daşıyırlar. Sanki onlar bizim aid olduğumuz dünyaya deyil, daha mistik, daha fərqli bir dünyaya aiddirlər. Təhrifedilmiş vücudları heç bir boşluq hissi olmadan, axıcı bir şəkildə yüksək plastika ilə təqdim olunur. Bütün bu zərif personajları rəssamın yüksək zövqünün vizual obrazları kimi qiymətləndirə bilərik.
Sənətkarın natürmortları isə daha mürəkkəb, daha mistikdir. Natürmortlarındakı sürreal məqamlar yüksək bədii bacarıqdan soraq verir. Bu əsərləri seyr edərkən izləyici həm reallığı başa düşməli, həm də ondan uzaqlaşmalı olur... Kompozisiyaya daxil etdiyi hər detalın, cismin həm xarakterik bənzərliyini, həm də xəyalpərəst sirrini şərh etməyə çalışan rəssamın yan-yana yerləşdirdiyi hər bir “nəsnə” onun modern baxış nöqtəsini də bizlərə açır. Diqqətlə nəzər yetirdiyimiz zaman görürük ki, Nazim Yunusov natürmortlarının hər bir predmetini yerləşdirərkən, ona bir qədər həndəsi aspektdən də yanaşır. Nəticə etibarilə, rəsmin aid olduğu məkan real təsvirini soyunur, yeni bir xəyali qiyafəyə bürünür. Bu qəbil əsərlər sırasında “Səhər”, “Natürmort”, “Balıq ilə natürmort”, “Balıqlar”, “Milli kolorit ilə natürmort”, “Uyğunlaşma” və s. kimi maraqlı nümunələri misal çəkə bilərik.
Rəssamın yaradıcılığında ənənəvi tendensiyalar da vardır. Lakin bu tendensiyaların təcəssümündə belə avanqard metoda müraciət edən rəssamın kompozisiyalarında tez-tez mərkəzi fiqurun və onun ətrafında zühur edən hər bir elementin sürreal, xəyalpərəst əhvali-ruhiyyəyə malik olduğunu da unutmamalıyıq. Çünki bu, Nazim Yunusovun məxsusi dəst-xəttidir...
Bir neçə kəlmə rəssamın avtoportretindən də söz açmaq istəyirik. Səssiz tonlu kolorit seçimi ilə, bir qədər soyuq çalarlarda boyanmış rəssamın öz obrazı abstrakt aktuallığını qorusa da, minimalist estetikasını daha çox ön plana çəkir. Özünün “həzin duyğulara qərq olan rəssam” obrazını cızan sənətkar yaşamaq və yaratmaq həvəsindədir. Rəssamın baxışlarının haraya yönəldiyi bəlli deyil. Görünür, rəssamı düşündürən məsələlər var: sənət, zaman, insan və gözəllik...
Daima harmoniya və gözəllik axtarışında olan Nazim Yunusova yeni yaradıcılıq uğurları və tükənməz bədii ilham arzulayırıq. Sənətinə dərindən bağlı olan bir rəssam üçün, yeniliklər axtarışında olan sənətkar üçün nailiyyətlər əsla bitməz...