Haqq-ədalət yerini tapanda...
Lənkəran Dövlət Dram Teatrının yeni tamaşası haqqında
Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyev (1925-1994) “Dağlar oğlu”, “Dağda bahar”, “Müstəntiq”, “Torpağın ətri”, “Döyüşən illər” romanları, həmçinin bir çox povest və hekayələri ilə bu gün də oxucular tərəfindən hörmətlə xatırlanır. Yazıçının Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuş “Prokuror” (14.12.1981) və “Ana fəryadı” (25.12.1984) pyesləri uzun müddət səhnə həyatı yaşayıb.
Teatrın yaradıcı kollektivi 41 ildən sonra yenidən “Prokuror” dramına müraciət edib. Bu günlərdə tamaşanın premyerası keçirilib. Səhnə əsəri 1976-1987-ci illərdə Lənkəran rayonunun prokuroru vəzifəsində çalışmış Əməkdar hüquqşünas Tələt Qənbərovun 90 illik yubileyinə həsr olunub.
Danılmaz faktdır ki, istər sovet dövründə, istərsə də indiki zamanda biz səhnədə və ekranda Mehman (“Qanun naminə”), Kamalov (“Alov”), Seyfi (“İstintaq”) kimi qanun keşiyində duran vicdanlı, ədalətli hüquq və ədliyyə işçisinin obrazlarına rast gəlmişik. Lənkəran səhnəsindəki prokuror Şöhrət Poladov, həyatda tutduğu mövqeyinə görə həmkarlarına oxşasa da, tamaşanın quruluşçu rejissorları, Əməkdar incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı verdikləri səhnə yozumu ilə bu obrazı yeni cizgilərlə zənginləşdirərək orijinal bir surətin yaradılmasına nail olublar.
Tamaşanın ilk səhnəsindən məlum olur ki, gənc Şöhrət Poladov (aktyor Saleh Əzimzadə) Xınalı rayonunun prokuroru təyin edilib. Anası Sona xanım (Qızılgül Quliyeva) oğlunun təyinatına əsla sevinmir. Buna səbəb isə ərinin illər öncə Xınalıda qətlə yetirilməsi, amma cinayətin üstünün açılmamasıdır. Sona xanım nə qədər çalışsa da, Şöhrəti inadından döndərə bilmir. Xınalıda isə gənc prokuroru çətin işlər gözləyir. Tikinti trestinin kassiri öldürülüb, seyfdən külli miqdarda dövlətə məxsus pul vəsaiti oğurlanıb. Trestin gecə qarovulçusu Səlimxan Haqverdiyev bu işdə təqsirləndirilərək həbsxanaya salınıb. Əsl cinayətkarlar isə azadlıqdadırlar. Səhnə əsərinin konflikti bu süjet xətti üzərində qurulub.
İkinci epizodda aktyor Allahverən Babayevin təqdim etdiyi Şirəhmədin miskin görkəminə ilk baxışdan adamın yazığı gəlir. Artist qəhrəmanının xarakterini üzə çıxarmaqdan ötrü rəngarəng palitralardan istifadə edir. Hadisələr inkişaf etdikcə Şirəhmədin daxili aləmi bütün çılpaqlığı ilə açılır. Məlum olur ki, Şirəhməd çox qorxulu tipdir, xarici görkəmi sadə olsa da, daxili aləmi eybəcərdir. Tikinti trestində bacısı oğlu Qəzənfərin (Amil İbrahimli) qanadları altına sığınan Şirəhməd çətin vəziyyətdən çıxış yolunu rüşvətdə görür. Elə rüşvət vasitəsilə də özünə Respublika Prokurorluğunda “dost və arxa” qazanmağa müvəffəq olur. Şirəhməd onların köməyi ilə çox cinayətlərin üstünə pərdə çəkib. İndi tikinti trestində törətdiyi cinayət işində də onlara arxayındır.
Qəzənfər isə Şirəhmədin əlaltısıdır. O, qorxaq və səbatsız adamdır. Tikinti trestinin rəisi kimi məsul bir vəzifədə çalışmasına baxmayaraq, dayısı Şirəhmədin dediyi ilə oturub-durur.
Rayona yeni təyin olunmuş prokurorun gəlişi həm Şirəhmədin, həm də Qəzənfərin narahatlığına səbəb olub. Hər iki cinayətkar maskalanmaq üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışırlar.
Yeri gəlmişkən bildirək ki, prokuror Şöhrət Poladov obrazı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Saleh Əzimzadənin professional səhnədə debütüdür. Gənc aktyor bütünlüklə özünü qəhrəmanının keyfiyyətləri ilə birləşdirməyə səy göstərir. Onun qəhrəmanı namuslu, əməksevər ailədə böyüyüb, təhsil alıb. Şöhrət Bakıda prokuror köməkçisi işləyib. İndi isə ona etimad göstərərək Xınalı rayonuna prokuror təyin ediblər.
“Qanun hamı üçün qanundur!” prinsipi onun həyat amalıdır. Çətin anlarında xəyalən haqsızlığın qurbanı olmuş və vaxtsız dünyasını dəyişmiş atası Kamranla danışır, onun məsləhətinə ehtiyac duyduğunu dilə gətirir.
Şöhrətin Şirəhmədlə qarşılaşma səhnəsində iki qüvvə – xeyirlə şər üz-üzə dayanır. Şirəhməd zahirən özünü təmkinli göstərməyə çalışır, içəridən isə od tutub yanır. Şöhrəti bərkdən-boşdan çıxarmaq üçün hər vasitəyə əl atır, hətta evinə də dəvət edir. Şöhrət isə onun “xeyirxahlığını” rədd edir. Şirəhməd yeni prokurora yol tapmağın mümkünsüz olduğunu görüb çirkin niyyətlər arzusu ilə onun yanından çıxıb gedir.
Şöhrət isə öz növbəsində qorxulu bir tiplə rastlaşdığını və məhz Şirəhmədin tikinti trestində törədilmiş cinayətdə əli olduğunu yəqin edir.
Şöhrət hələ evdə ikən anasından həbs edilmiş Səlimxanı tanıyıb-tanımamasını soruşanda Sona xanım bu addan qorxur, təşviş hissi keçirir. Aktrisa Qızılgül Quliyeva bu qorxunun əsl səbəblərini açanda, diqqətimizi onun əlində tutduğu bir əsgər portreti cəlb edir. Bu Şöhrətin atasının fotoşəklidir. Aktrisanın sözlərindən məlum olur ki, Şöhrətin atası əslən Xınalıdandır. O, cəbhədən qayıdandan sonra Xınalının Quzeyli kəndində kolxoz sədri vəzifəsində çalışıb, daha sonralar naməlum səbəblərə görə həbs olunub. Onun tutulmasında Şöhrətin adını çəkdiyi Səlimxan Haqverdiyev bilavasitə iştirak edib. Məhz bu səbəbdən ana oğlunun taleyi üçün qorxduğundan Şöhrətin o vaxt Xınalıya getməsinə razı deyildi.
Səlimxan obrazını Əməkdar artist Sucəddin Mirzəyev oynayır və ən dramatik yük də onun üzərinə düşür. S.Mirzəyevin qəhrəmanı öz keçmişinə görə daxilən əzab çəkir. O, yeni prokurorun köhnə dostunun oğlu olmasına həm sevinir, həm də kədərlənir. Səlimxanda həyat eşqi güclüdür. O, bilir ki, günahsızdır, onun həbsxanaya salınması, haqqında cinayət işinin açılması Şirəhmədin və Qəzənfərin kələyi nəticəsində baş verib. Səlimxan həyata və insanlara inamını itirmir. Onun tutulmasında əli olanların bir gün öz cəzalarına çatacağına, haqqın ədalətə qovuşacağına qəlbən inanır.
Tamaşanın lirik-psixoloji yerlərindən biri final səhnəsidir. Bu səhnədə quruluşçu rejissorlarla aktyorların ümumi məqsədə xidmət etmələri özünün gözəl bəhrəsini verir. Tamaşaçı sanki teatrda yox, məhkəmə salonunda oturub. Artıq Şirəhməd və Qəzənfər ifşa olunaraq məsuliyyətə cəlb ediliblər. İndi Səlimxan barəsində hökm çıxarılmalıdır. Sona xanım oğlundan atasının düşmənindən intiqam almasını tələb edəndə, Şöhrət sanki odla su arasında qalır. O, daxilən sarsıntı keçirir, düşünür, tərəddüd edir. Lakin prokuror Poladov qanunu şəxsi ədavətdən daha üstün hesab edir. Səlimxan bəraət qazanmaqla haqq-ədalət öz yerini tapır.
Tamaşada bütün iştirakçılar, o cümlədən Hikmət Cəfərov (Əmirxanov), Şəbnəm Hüseynova (Sənəm), Emil Tağı (Amazov), Vəfa Hacızadə (Surə), Teymur Hacızadə (Polis) ümumi məqsədə nail olmaqdan ötrü fəal çıxış edirlər.
Rəssam Fuad Babazadə və musiqi tərtibatçısı Miranda Qurbanova rejissor fikrinin açılmasına böyük əmək sərf etməklə məqsədlərinə nail olublar.
Bir sözlə, yaradıcı kollektivin ümumi səyləri ilə Lənkəran Dövlət Dram Teatrında daha bir maraqlı tamaşa ərsəyə gəlib.
Sonda qeyd edək ki, “Prokuror” tamaşasının premyerasında Məmmədhüseyn Əliyevin və Tələt Qənbərovun övladları, yaxın qohumları da iştirak ediblər.