vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
SƏNƏTÇİ  
15:29 | 22 noyabr 2012 | Cümə axşamı Məqaləyə 3320 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaşar Nuri dünyasını dəyişdi

Xalq Artisti II Fəxri Xiyabanda torpağa tapşırılıb

Mədəniyyət şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın xalq artisti Yaşar Nuri uzun sürən ağır xəstəlikdən sonra noyabrın 22-nə keçən gecə Mərkəzi Gömrük Xəstəxanasında dünyasını dəyişib. Mərhum xalq artisti ilə vida mərasimi saat 13.00-da Akademik Milli Dram Teatrında oldu. 14.00-da mərhumla vida yürüşü keçirildi, 15.00-da isə dəfn olundu. Yaşar Nuri II Fəxri Xiyabanda torpağa tapşırıldı.

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.
Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də «Toy kimindir?» (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının «Yelkən» verilişinin aparıcılarından olub. Bundan başqa o, «Buratino», «Qaranquş», «Pioner» uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.
10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.
1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.
Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustası idi. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın «Yollar görüşəndə...», «Ömrün yolları», İsi Məlikzadənin «Qatarda», Anarın «Evləri köndələn yar», Mövlud Süleymanlının «Kökdən düşmüş piano», Hüseyn Cavidin «Topal Teymur», Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı «Səni axtarıram», «Bağışla», «Səndən xəbərsiz» trilogiyası, İslam Səfərlinin «Göz həkimi», Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında «Ac həriflər» və s. televiziya tamaşalarını misal göstərmək olar.
Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda «Sabahınız xeyir», «Gülüş axşamı» yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olub. «Azərbaycanfilm» kinostudiyasında isə saysız hesabsız yerli filmləri səsləndirib, əcnəbi filmləri dublyaj edib.
Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilirdi.
Yaşar Nuri 1989-cu ildən bəri Azərbaycanın xalq artistidir. Azərbaycanın «Şöhrət» ordeni ilə təltif olunub.
Xatırladaq ki, 2008-ci ilin mayında Yaşar Nuri İstanbul klinikasında qaraciyərindən əməliyyat olunmuşdu. O, 2009-cu ilin axırı 2010-cu ilin əvvəlində İstanbulun «Memorial» xəstəxanasında müalicə almışdı. Keçən ilin noyabrında aktyorun səhhəti yenidən pisləşmişdi. Bu dövr ərzində iki dəfə İstanbuldakı Amerika xəstəxanasına yerləşdirilib və Bakı Mərkəzi Gömrük Hospitalında müalicə almışdı.
Allah rəhmət eləsin!