vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
00:29 | 25 may 2013 | Şənbə Məqaləyə 5119 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Medvedyevin müavinini azərbaycanlı xanımı bitirə bilər

Putinin iqamətgahı qarşısındaki insidentin əsl səbəbləri...

ORXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidentinin iş otağında Federal Mühafizə Xidmətinin əməkdaşının (bu barədə “Yeni Müsavat”da ətraflı məlumat verilib) ölkənin birinci şəxsinin kürsüsündə çəkdirdiyi şəkillərin yayılmasından sonra daha bir qalmaqal yaranıb. Yeni qalmaqal Rusiya prezidenti Vladimir Putinin “Boçarov Ruçey” iqamətgahında keçirdiyi toplantıya gələn baş nazir Dmitri Medvedyevin müavini Arkadi Dvorkoviçlə bağlıdır.

Dvorkoviçin xidməti “Volvo”sunu iqamətgahın giriş qapısında saxlayan Federal Mühafizə Xidmətinin əməkdaşı onu və yanındakıları içəri buraxmayıb. Əməkdaş deyib ki, Dvorkoviçin və yanında olanlardan birinin adı dəvətlilər sırasında yoxdur, digərinin isə xidməti vəsiqəsi özündə deyil. Dvorkoviçlə birgə maşında olan Medvedyevin protokol xidmətinin rəhbəri Marina Yentaltseva və baş nazirin mətbuat katibi Yelena Timakova da qapı arxasında saxlanılıblar.
Rusiya Hökuməti Aparatının xüsusi mühafizə xidmətinin rəis müavinin də işə qarışaraq “bu, Dvorkoviçdir” deməsi də heç nəyi dəyişməyib.
Bundan sonra baş nazir müavini özü avtomobildən düşməli olub. Baş verənlərdən təəccübünü gizlətməyən Dvorkoviç vəziyyət aydınlaşanadək gözləməli olub. “Siz onu sifətdən tanımalısınız” deyərək qəzəblənən məmur xanımlardan biri telefonla Medvedyevi arayıb. “Dima, bizi içəri buraxmırlar” deyəndən bir qədər sonra nəhayət ki, hökumət üzvü və yanındakı rəsmi şəxslər içəri keçə bilib.
Kreml rəsmiləri, ümumiyyətlə, belə bir insidentin baş vermədiyini bəyan edəndən sonra Rusiya kəşfiyyatına yaxın lifenews.ru saytı həmin yerdə “təsadüfən” çəkdikləri şəkilləri yayıb. Bu insident dərhal Rusiya mətbuatında müxtəlif reaksiyalara və versiyalara səbəb olub. Bu versiyaların içərisində “Putin baş nazirin daha bir müavini ilə vidalaşır” xətti üstünlük təşkil edir. Daha bir versiya isə ondan ibarətdir ki, Dvorkoviçin biznesmen xanımı Kreml rəsmilərini qıcıqlandırmağa başlayıb...
Maraqlıdır ki, ötən ay Azərbaycanın bəzi internet portalları (aznews.az) Arkadi Dvorkoviçin xanımı Zümrüd Rüstəmovanın da Bakıya buraxılmaması barədə məlumat yaymışdı. Həmin məlumatlarda deyilirdi ki, əslən azərbaycanlı olan Zümrüd Rüstəmovanın ölkəmizdə biznes qurmasına qeyri-rəsmi qadağa qoyulub. İddialara görə, Z.Rüstəmova Azərbaycanda metal və metallurgiya biznesi ilə məşğul olmaq niyyətindəymiş, hətta bir sıra şirkətlərlə müəyyən razılığa da gəlibmiş. Lakin onun Azərbaycana səfərinin vaxtı müəyyənləşəndən sonra ölkəyə gəlməyinə hakimiyyət səviyyəsində icazə verilməyib. Qeyd edək ki, həmin məlumatlarda Z.Rüstəmovanın Qubada anadan olduğu deyilirdi.
Dvorkoviçlə bağlı bu insidenti araşdırarkən onun azərbaycanlı olduğu iddia edilən xanımı ilə də bağlı Rusiya mənbələrində maraqlı məlumatlar ələ etdik. Rusiyanın işgüzar xanımlarından biri olan Z.Rüstəmovanın Azərbaycanda doğulması barədə araşdırdığımız bütün mənbələrdə hər hansı xəbərə rast gəlmədik. Vikipediyada onun 1970-ci ilin sentyabr ayının 21-də Moskvada doğulduğu, orta məktəbi bitirən kimi Moskva İqtisad-Statistika İnstitutuna qəbul olduğu qeyd edilib. Atası Xandadaş Rüstəmov 1947-ci ildə anadan olub. Atasının harada doğulması göstərilməsi də, Dağıstanda böyüdüyü qeyd edilib. Z.Rüstəmovanın anası Tatyana da biznesini bank sahəsində qurub və bir neçə bankın səhmdarlarından biri kimi göstərilib. 
Z.Rüstəmova 1992-1995-ci illərdə atasının mehmanxana sahəsində fəaliyyət göstərən “Zümrüd” firmasına rəhbərlik edib. O, 1995-ci ildə Rusiya Əmlak Məsələlərinin İdarəedilməsi Dövlət Komitəsində işə başlayıb və üç il sonra artıq departament rəhbəri vəzifəsinədək yüksəlib. 1999-2000-ci illərdə Rusiya Federal Əmlak Fondu sədrinin müavini, 2000-2004-cü illərdə isə əmlak məsələləri üzrə nazir müavini olub. Dvorkoviçlə tanışlığı da məhz bu illərə təsadüf edir. Özünün dediyinə görə, o vaxt iqtisadi inkişaf naziri German Qrefin müavini olan Dvorkoviçlə elə nazirin kabinetində tanış olublar. 2000-ci ilin avqust ayının 11-də cütlük ailə həyatı qurub.
2004-cü ildə iqtisadi inkişaf nazirinin müavini olan Z.Rüstəmova dövlət qulluğunda xidmətini başa vurub və biznesə üz tutub. İşlədiyi müddətdə dövlət institutları rəhbərləri və oliqarxlarla əlaqə quran Z.Rüstəmova 2004-cü ildə yaxından tanıdığı biznesmen Vladimir Raşevskinin rəhbərlik etdiyi Sibir Kömür Energetikası Kompaniyasında vitse-prezident olmağa razılıq verir. “1 ay ərzində nazirlikdə 1 ildə qazandığımdan çox gəlir əldə etdim” deyən xanım-biznesmen 2006-cı ildə bank sektorunda da özünü sınamağa qərar verir. Həmin ilin mayında o, Rusiya İnkişaf Bankının Direktorlar Şurasına daxil olur. Elə həmin il “Polumetal” ASC-nin baş direktorunun müavini olur. Sonra isə Maqnitoqorsk metallurgiya kombinatının da Direktorlar Şurasına seçilir. Bundan başqa, Z.Rüstəmova “Şeremetyev Beynəlxalq Aeroportu” ASC-də, “Xantı-Mansi Bankı”nın və qızılçıxarma üzrə qabaqcıl olan “Plyus Zoloto” nun da idarəetməsində əsas söz sahiblərindən birinə çevrilir. Z.Rüstəmova Rusiyanın ən tanınmış iş adamlarından olan Mixail Proxorov və Dağıstanın ən iri oliqarxı Süleyman Kərimovla bir neçə sahədə biznes ortağıdır. 
Z.Rüstəmova 2 oğul anasıdır. Maraqlıdır ki, Azərbaycan kökənli hesab olunan bu xanım uşaqlarına rus çarlarının - Vladimir və Pavel adlarını verib. Dvorkoviçin rəqibləri hesab edirlər ki, ərinin hətta siyasi qərarlarını belə xanımı verir və ailədə əsas idarəçi odur. Kremlin mühafizəkar xarakterli sahibi Vladimir Putin isə belə adamları sevmir... 
Z.Rüstəmova müsahibələrinin birində deyib ki, xörək bişirə bilmir və bu işi sevmir. Əri isə əksinə, hətta ilk oğlu Pavel olanda onun altını dəyişməyi belə bacarırmış. Evə gec gəlməyinə valideynlərinin narazılıq etdiyini deyən Z.Rüstəmovanin bu sözlərinə də diqqət çəkək: “Atam təbii ki, mənimlə fəxr edir. Amma zaman-zaman evə gec gəldiyimdən mənə ”bax, dərbəndli qız heç vaxt belə edə bilməzdi" deyir". Bəzi Rusiya KİV-ləri iddia edir ki, Dvorkoviç Moskvanın sabiq meri Lujkovun və onun biznesmen xanımı Yelene Baturinanın taleyini yaşaya bilər...