vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MUSİQİ  
19:29 | 19 noyabr 2017 | Bazar Məqaləyə 391 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ən azı əlli il geri qalmışıq!»

Sovet musiqisi və musiqili işgəncələr

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Mövzunu çox götür-qoy etdim: yazım, yazmayım? Axırda da qərarlaşdım ki, hər halda, yazmağa dəyər, ən azı ona görə ki, bəzi müğənnilərimizin özlərinə də olmasa, onların pərəstişkarlarına və eləcə də efirləri həmin müğənnilərin şəriksiz sərəncamına verən bir sıra televiziyonçularımıza və radioçularımıza çatar ki, bununla minlərlə həqiqətən musiqisevər insanlara necə işgəncə verirlər!

Amma əvvəlcə sovet ədəbiyyatı, kinosu və jurnalistikası kimi, ümumiyyətlə, sovet musiqisi ilə də bağlı bəzi təəssüratlarımızı bölüşmək istərdim.

Təbii, yazacaqlarım o dövrün musiqi mədəniyyətinin peşəkar təhlili kimi qəbul olunmağa iddialı deyil, əslində bunu musiqiçilərimiz etməli idi, amma təəssüf, nə yazılı formada, nə də efirlərdə hələ ki bununla bağlı hər hansı sistemli cəhd görmürük.

Qərəz, muğamları, aşıq musiqisini, instrumental və ya rəqs musiqisini bir tərəfə qoysaq belə, sovetlərədək hətta milli operalarımız vardı ki, bu da sözsüz, bir xalqın necə dərin musiqi ənənələrinə malik olduğunun sübutudur.

Amma həmin ilk muğam – operaları peşəkar musiqi və bəstəkarlıq texnikası baxımından mükəmməl əsərlər adlandırmaq, fikrimizcə, bir az mübahisəli olardı.

Ona görə də etiraf etməyə məcburuq ki, peşəkar musiqimiz, onun müxtəlif janrları – baletlər, simfonik musiqilər, xüsusən də milli estrada, müasir bəstəkarlıq, dirijorluq və vokal sənəti, əlbəttə ki, peşəkar musiqi təhsili – konservatoriya, musiqi texnikumlarının və məktəblərinin şəbəkəsi sovet dönəmində yaranıb və peşəkar musiqimizin sütunları, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Emin Sabitoğlu, Şəfiqə Axundova, Elza İbrahimova və başqaları o dövrdə yaşayıb - yaradıblar.

«Məişətdə inqilab, həyatda inqilab və mədəniyyətdə inqilab!», – deyən sovetlər elə ilk çağlardan yeni mədəniyyət yaratmaq üçün «geniş cəbhə» açdılar.

Bu, musiqini də əhatə elədi. Reynqold Qlier kimi rus bəstəkarları milli respublikalara ezam olunurdular ki, orada yerli kadrlara bəstəkarlıq, ümumiyyətlə, müasir musiqi texnikasını öyrətsinlər və yerli bəstəkarların əsərlərinin orkestləşdirilməsini həyata keçirsinlər və təbii, milli sovet musiqisinin ilk nümunələrini yaratsınlar. Elə müasir musiqimizin ilk yaradıcıları da belə əməkdaşlığa ehtiyac duyur və özləri də imkan düşdükcə Rusiyanın müxtəlif şəhərlərindən musiqiçiləri Bakıya dəvət edirdilər. Məsələn, Mstislav Rostropoviçin valideynlərini Üzeyir bəy özü Bakıya dəvət eləmişdi.

Beləcə, 70 ilin ərzində sovet musiqisi, o cümlədən də Azərbaycan sovet musiqisi yarandı.

Musiqi elə bir janrdır ki, lap aşkar ideoloji qəliblərdə yaranan nümunələri, açıq - aşkar sovet gerçəkliyinin tərənnümünə həsr olunmuş əsərləri bir qırağa qoysan, bu və ya digər əsərlərdə sovetizmin izlərini tapmaq heç də asan məsələ deyil.

Sovet musiqisi bir yana, indiyədək Bethovenin məşhur 5-ci simfoniyasının neçə yozumunu eşitmişik! İlk baxışda bu əsər, necə deyərlər, klassikanın klassikasıdır və düşünmək olardı ki, musiqişünaslar arasında ona baxışda tam yekdillik var – görün, nə qədər vaxt keçib!..

Amma yox, hər dəfə kimsə bəstəkarın həyatında hansısa yeni bir detal tapır və beləcə, 5-ci simfoniyanın da yeni yozumları peyda olur...

Elə sovet musiqisinin özündə də belə ştrixlər az deyil. Götürək Dmitri Şostakoviçin məşhur 7-ci (Leninqrad) simfoniyasını. Hamımız belə eşitmişdik ki, əsər blokadaya həsr olunub. Amma yenidənqurma illəri musiqi tənqidinin də üzərindən tabuları götürəndə əsərin neçə-neçə yeni yozumları yarandı! Təbii, bütün yozumların hamısının gercəkliyini iddia etməkdən uzağıq və şübhəsiz, burada da nöqtəni yenə peşəkar musiqişünaslar qoya bilər. Amma problem də ondadır ki, nöqtəni qoymaq olmur, çünki musiqi elə dünyadır ki, hərə onda öz duyğularını tapır.

Ona görə də durub «Yeddi gözəl»də, «Min bir gecə»də, «Məhəbbət əfsanəsi»ndə, «Karvan» simfonik muğamında, «Füzuli» kantatasında, hətta «Qaytağı»da və yaxud da Xəyyam Mirzəzadənin indinin özündə belə çoxunun yetərincə anlamadığı bəzi həqiqətən də çox dəyərli əsərlərində, eləcə E.Sabitoğlunun və E.İbrahimovanın əksər mahnılarında sovetizmin – sovet ideologiyasının möhürünü aramaq, yumşaq desək, ən azı qeyri – korrekt görünər. Üstəlik, asan məsələ də deyil, bəlkə peşəkar musiqişünaslar, musiqi tənqidçiləri bunu edə bilər, amma şəxsən mənim imkanım xaricində olan məsələdir bu...

Bir daha deyirəm ki, sırf sovet gerçəkliyinin açıq–aşkar tərənnümünə həsr olunmuş böyük və kiçik əsərlər də kifayət qədər olub. Amma hətta indinin özündə artıq onları heç kim xatırlamır.

Fəqət, yenə də düşünürəm ki, bir az öncə sadaladığım böyük musiqiçilərimiz həyatda olsaydılar, özləri də etiraf edərdilər ki, sovet dövrü və onun ideoloji ştampları, senzura və nəzarət institutları vaxtında onlar üçün də az problem yaratmayıb və bəlkə də yaradıcılıq potensiallarının tam reallaşmasına imkan verməyib.

Azərbaycan musiqiçiləri arasında Vaqif Mustafazadədən savayı dövrün rəsmi musiqi ştampları, hətta ola bilsin, rejimin özü ilə problemləri olan başqa birisini tanımıram. Amma ümumi halda götürəndə, məsələn, D.Şostakoviç kimi bəstəkarın tez–tez sovet rejiminin «gözündən düşmə»sini, çox ciddi problemlər yaşadığını kim bilmir ki? Yaxud yaxın keçmişimizdə «Slava! Slava!» deyib pişvazına çıxdığımız M.Rostropoviçin yazıçı Aleksandr Soljenitsını müdafiə etdiyinə görə az qala, SSRİ-dən qovulduğunu kim bilmir ki?!

Bəli, bizim musiqi aləmində belə hallar ilk baxışda, zahirən yox idi – hamı təltif olunur, yüksək adlar alır, əsərlər səslənirdi... Amma burada bir detalı yada salmaq istəyirəm. Q.Qarayev haqda demək olar, bütün verilişləri izləmişəm. Bir detal diqqətimi xüsusi cəlb etdi. ABŞ-dan ilk səfərindən qayıdan maestronun ilk sözləri bu olub: «Ən azı əlli il geri qalmışıq!»...

Təbii, bu, o demək deyil ki, ABŞ ən demokratik və ya ən qüdrətli ölkədirsə, hər şeyin gözəli də oradadır və ya orada olub! Əlbəttə ki, belə deyil. Onun «qulağının dibi»ndə, latın Amerikası ölkələrində elə böyük yazıçılar vardı və indi də var ki, «yanki»lər onları yalnız yuxularda görə bilərlər!

Amma bütün hallarda, demokratiya bir şeydir, totalitar quruluşsa tamamilə başqa. Sovet dövründə əsl yazıçılar, musiqiçilər, rəssamlar, rejissorlar sistemin nəzarət şəbəkəsində kiçik boşluq arayırdılar ki, bir cümlə, not, rəng və ya jestlə bizə nəsə çatdırsınlar!..

Ona görə də o dövrün mədəniyyətinə aid verilişlərdə, filmlərdə, hətta yazılarda vurğunu məhz buna–totalitar quruluşda əsl yaradıcı insanın və ümumiyyətlə, mədəniyyətin yaşadığı faciəyə yönəltmək lazımdır.

Həbs düşərgələrindən və ölümdən keçən, mühacirətə yollanmağa məcbur olan və yaxud bu səviyyəyə çatmaq iqtidarında olmayan, amma vaxtaşırı DTK–ya və ya Mərkəzi Komitəyə çağırılıb «danlanılan», rejimin gözündən düşərək müvəqqəti də olsa, məhrumiyyətlər yaşayan, bir əli daim cibindəki valokordində və ya başqa həbdə olan sovet mədəniyyət insanları da az olmamışdı axı!..

Nə yaxşı ki, onlar olub və heç də hamısı istədiyini, yaradıcılıq potensialını tam ortaya qoya bilməsə də, hər halda, az da iş görülməmişdi! Və biz, guya ki, artıq azad ölkənin azad vətəndaşları, niyə belə detalları diqqətdən qaçırırıq?..

İndi çətin olsa da, gələk, söhbətimiziin ən ağrılı yerinə - bu günümüzə... Təbii ki, ən azı Alim Qasımov kimi xanəndə, Firəngiz Əlizadə kimi bəstəkar, hətta Sevda Ələkbərzadə kimi hələ yaradıcılıq axtarışlarında olan müğənni varsa, dövrün musiqi ab-havasından tamam bədgüman olmağa da dəyməz.

Düzdür, ən yeni musiqi hələ yaranmayıb və yaxud da ki, yaranmaqdadır... Əslində belə tezliklə yarana da bilməzdi o! İndi digər sahələrdəki kimi, musiqidə də informasiya seli duyulur və hələ xeyli onu «həzm» etmək lazım gələcək.

Onu da deyim, «yeni» sözünün özündə də azacıq bolşevizm ruhu var. Hər on ildən bir köhnənin üstündən xətt çəkib «yeni» nəsə yaratmağa da çalışmaq olmaz axı!

Amma hər millətin həyatında elə dönəmlər olur ki, yeniliyə elə həqiqətən də zərurət yaranır. Bu, bir dəfə, uzağı, iki dəfə olar... Biz imperiyadan və totalitar quruluşdan çıxmış xalqıq, ona görə də yeniliyin həsrəti, haradasa, labüddür.

Sözsüz, 26 il böyük müddət deyil. Biz də nəinki musiqidə, eləcə də digər sahələrdə dərhal fövqəldəyişikliklər gözləmirik.

Amma yenilik ruhu duyulmalıdır, hər halda... Fəqət, görürsən, musiqi aləmində də çoxu üçün az şey dəyişib: bir az dövlətin, bir az quruluşun, ən əsası da, hakim partiyanın adı dəyişibdir, - qalan, hər şey olduğu kimi qalıb onlar üçün....

Son bir neçə ildə musiqimizdə əməlli–başlı «yeni» janr yaranıb–siyasi musiqi! Nələr oxumur, nələr «bəstələmirlər»! Hətta sovetin vaxtında belə bayağılıq yox idi!

«Siyasi–ideoloji təyinatlı» mahnılar bir yana, hətta iri həcmli simfonik əsərlər də yarandı bu illərdə! Ən dəhşətlisi isə odur ki, dövrün «damarını tutmağa» çalışan kiçik «kalibr»li bəstəkarlarla yanaşı sanballı simalar da qoşuldu bu prosesə!

Başa düşürəm ki, spesifik sahələr var. Məsələn, hərbi orkestrlər üçün əsərlər, hərbi marşlar və hərbi – vətənpərvərlik mahnıları... Burada hətta azca ifrata da varmaq olar.

Digər sahələrdə isə bunu etmək və bu cür bayağılıqla təbliğat - təşviqat musiqisilə məşğul olmaq–inanın, kənardan bizə gülürlər...

Ən dəhşətlisi odur ki, proses güclü şəkildə stimullaşdırılır, belə musiqiçilər mükafatlandırılır, efirlərdən düşmür, daim irəli çəkilirlər... Ona görə əvvəldə yazdım ki, kaş, onlar biləydi ki, biz musiqisevərlərə necə işgəncəli anlar yaşadırlar!

Ümumi fona baxanda hətta sovet dövrü ilə müqayisədə keyfiyyətcə geriləmə duyulur, nəinki bir irəliləyiş, sanki yağışdan çıxıb, lap yağmura düşmüşük...

Bu, məsələnin bir tərəfi... Digər tərəfdən, olan-qalan azadlıq və sərbəstlik də əsl inkişafa yol açmaqdansa, əksinə geriliyə aparır. Sovet vaxtlarının «toy müğənniləri» vardı ki, bir vaxt efir onlar üçün əlçatmaz xəyal idi və hətta sovet dönəmində heç kim onlara meydan verməzdi.

Di gəl, indi bu adamlar dönüb az qala, «klassik»lər olublar! Bəlkə bizim də «dissident» musiqiçilərimiz elə bunlar imiş?..

Uşaqlığım rayonda keçib və o dövrün yalnız toylarda səslənən bəzi bayağı, zövqsüz mahnılarını gözəlcə xatırlayıram. Bir də gördüm ki, o mahnılar artıq efirə yol tapıb! Bir dəfə, iki dəfə oldu, axır alışdım və indi dinləyici kimi gücüm yalnız televizorun pultuna çatır.

Hansı kanala çevirirsən, beş–on «müğənni»dir, bütün günü «O kanal sənin, bu kanal mənim!» deyib efirdən çıxmırlar. Adam elə doğrudan –doğruya düşünməyə başlayır ki, bəlkə həqiqətən keçmiş «bədii şura»lara ehtiyac var?

Təbii, bunu ritorik olaraq deyirik, əslində elə bu şəraiti yaradan həmin gözəgörünməyən, açıq hiss olunmayan «bədii şura»lardır! İndi sözsüz ki, heç bir kanalda belə struktur, belə ştat yoxdur, amma ümumi siyasi və ya ideoloji fon var, bayağılığı stimullaşdıran amillər var...

Qərəz, çalışdıq bir – iki yazı ilə sovet mədəniyyətini və onun qısa post – sovet dönəmini saf - çürük edək özümüzçün.

Mədəniyyət adamlarımızın bir ümumi cəhəti də var. Bunların az qala, hamısı ağızlarını açan kimi başlayırlar irili – xırdalı məmurlarımıza, başbilənlərimizə və idarəedənlərimizə minnətdarlıq dolu dua - sənalar etməyə!

Böyük qismi aydın məsələdir–onlar elə həqiqətən də indiki televiziyalara və bu qaydalara minnətdar olmalıdırlar, çünki başqa vaxt axtaran da olmazdı onları!

Amma aralarında ara-sıra dəyərli sənət adamları və həqiqətən də sevdiymiz–saydığımız simalar da olur. Onlardan ricamız budur ki, əgər mümkünsə, belə etməyin!

Siz, məsələn, özlərinin kiçik təqaüdlərindən pul ayırıb konsertinizə, tamaşanıza və görüşünüzə gələn, kitablarınızı alan təqaüdçülərə və ya tələbələrə minnətdarlıq edə bilərsiniz və etməlisiniz də! Öz qazancından sizə yardım edən və dəstək olan iş adamlarına da minnətdarlıq izhar edə bilərsiniz!

Amma məmurlara və yaxud dövlət adamlarına münasibətdə bunu etməyin və ya heç olmasa, indiki kimi bayağı formada etməyin! Onlar bunu ciblərindən xərcləmir, dövlətin və millətin, deməli sizin hər birinizin vəsaitidir! Ən azı nəzəri baxımdan bundan sonra hakimiyyətlər və hakim partiyalar çox olacaq–hərəsinə bir mahnı yazılsa, musiqimiz tamam əldən gedər...

Əslinə qalsa, onların sizə ehtiyacı var – ictimai dəstəyinizə və ya səslərinizə (ən azı nəzəri baxımdan!) ehtiyacları var! Özü də bu, təkcə indiki məmurlara və siyasətçilərə yox, sonrakılara da aiddir - təbii, əgər siz də sovet qaydalarının arxada qaldığını qəbul edirsinizsə!..

Yox, etmirsinizsə, özünüz bilərsəniz! Biz də müşkül qalmayacağıq – dünyada istənilən qədər oxumalı kitab, dinləməli musiqi, hətta baxmalı telekanal var...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *