vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
19:53 | 28 may 2019 | Çərşənbə axşamı Məqaləyə 3954 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

1 milyonluq uşaq oyuncağı

Britaniya KİV-ləri Zamirə Hacıyevanı hər addımını izləyir

Natiq HÜSEYNZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən Britaniyanın “The Telegraph” nəşri Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda misli görünməmiş xərclərinin yeni təfərrüatlarını dərc edib.

Xatırladaq ki, Zamirə Hacıyeva barəsində Böyük Britaniyada pulların yuyulması ilə mübarizə haqqında yeni qanunun tətbiq edildiyi ilk əcnəbi vətəndaşdır. O, Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə milli agentliyi (National Crime Agency) tərəfindən qanunsuz əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə mübarizə qanunu çərçivəsində həbs edilmişdi.

Z.Hacıyevaya vəsaitlərin mənimsənilməsi ilə bağlı iki ittiham irəli sürülüb və sonra o, istintaq təcridxanasına salınıb. Lakin sonradan onu 500 min funt sterlinq müqabilində zaminə buraxıblar. Hazırda Z.Hacıyeva Londondakı evində yaşayır, ona şəhəri tərk etmək qadağan olunub və hər gün polisdə qeydiyyatdan keçməlidir.

London Yüksək Məhkəməsi Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə milli agentliyinin (National Crime Agency) sorğusu əsasında həmçinin Zamirə Hacıyevaya məxsus olan bəzi əmlaklara həbs qoyub. Bunlar Naytsbricdə yerləşən. qiyməti 15 milyon funt sterlinq olan malikanə, 11 milyon funt sterlinq dəyərində qolf-klub, qiyməti təxminən 50 milyon dollar olan “Gulfstream” təyyarəsi və zinət əşyalarıdır.

Dünən üç loyallıq kartının və Azərbaycan Beynəlxalq Bankının buraxdığı 35 kredit kartının tranzaksiyaları haqqında məlumatlar KİV-lərin əlinə keçib. Bildirildiyinə görə, Cahangir Hacıyevin həyat yoldaşı Londonun məşhur “Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib.

Xərclər arasında “Boucheron” təmtəraqlı zərgərlik əşyalarına xərclənmiş 4 milyon funt sterlinq seçilir. 1,75 milyon funta Hacıyeva saatlar və “Cartier” zərgərlik məmulatları alıb. 1 milyon “Harrods”un oyuncaq satılan bölümündə xərclənib ki, burada hansısa bir alışa 790 min funt verilib. Daha 250 min funt parfümeriya şöbəsində xərclənib.

Hacıyeva dəbli dizayner geyim brendlərinə yüz minlərlə funt sterlinq sərf edib. O cümlədən, 131 300 – “Dennis Basso”dan paltara, 144 000 – “Celine”nin mallarına, 136 000 funt – “Fendi”nin məhsullarına, 143 000 funt – “Christian Dior” brendinə. Qeyd edək ki, bütün bunlar cəmi bir dəfə mağazaya daxil olmaqla alınıb.

“Godiva” şokolad satışı mağazaları şəbəkəsində Hacıyeva 30 min funt sterlinqlik şirniyyat alıb. Daha 2400 funt şəraba və spirtli içkilərə sərf olunub.

Bəzi tranzaksiyalar pulların məhz nəyə xərcləndiyini göstərmir. “Harrods”da illik 10 min funtdan artıq xərcləmiş müştərilər üçün mükafatlandırma sxemi mövcuddur. Varlı müştərilər üçün hər sərf olunmuş funt müqabilində 3 bal hesablanır. Toplanmış 500 bal loyallıq kartının sahibinə 5 funt qazandırır. Bu səbəbdən, 16 milyon xərcləyərək, Zamirə Hacıyeva 480 min funtluq bonus əldə edə bilərdi.

“The Telegraph” xatırladır ki, 55 yaşlı Zamirə Hacıyeva ötən il pulların yuyulmasına qarşı “McMafia” adlı yeni qanun qüvvəyə mindikdən sonra Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə milli agentliyinin (National Crime Agency) izlənmə obyektinə çevrilib.

Böyük Britaniya hakimiyyəti bilmək istəyir ki, Cahangir və Zamirə “Harrods”dan piyada bir neçə dəqiqəlik məsafədə olan 11,5 milyon funtluq evi və 10,5 milyon futluq qolf-klubu necə alıblar.

Ev 2009-cu ildə Britaniya Virginiya adlarında qeydiyyatdan keçmiş şirkət tərəfindən alınıb. Hazırda ev 15 milyon funt həcmində qiymətləndirilir. Qolf-klub sövdələşməsi isə 2013-cü ildə Hernsi adasında qeydiyyatdan keçmiş şirkət tərəfindən bağlanıb, lakin müstəntiqlər hesab edirlər ki, hər iki obyekt Hacıyevaya və onun ərinə məxsusdur.

Varlı investorlar üçün nəzərdə tutulmuş Britaniya vizasının alınması məqsədilə Hacıyeva İsveçrə bankındakı 1 milyon funtdan artıq hesab təqdim edib. Böyük Britaniya istiqrazlarına o, 1 milyondan artıq vəsait yatırıb.

Sənədlərdə həmçinin İtaliyanın Sardiniya adasındakı 15 milyon funtluq evin. Bakıda 5 milyon funtluq evin və 2 milyon funtluq mənzilin adları çəkilir.

Müstəntiqlər güman edirlər ki, Hacıyevlər cütlüyü “Gulfstream G550” təyyarəsinin alışına 33 milyon funt xərcləyib.

Həmçinin bildirilir ki, ola bilsin, Zamirə Hacıyevaya günlərin birində təcili pul lazım olub və bu səbəbdən o, 2016-cı ildə təxminən 3 milyon funt sterlinq dəyərində zinət əşyalarını satıb.