vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
17:42 | 7 oktyabr 2019 | Bazar ertəsi Məqaləyə 4024 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ankara deyən oldu

ABŞ Suriyadakı mövqelərini Türkiyəyə verir?!

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Ağ Evin Türkiyə ilə bağlı son açıqlaması Ankaranın xeyrinədir, yoxsa ziyanına? Bu suala cavab vermək üçün açıqlamanın hər cümləsinin mənasına varmaq lazımdır. Açıqlamanın birinci cümləsi belədir: “Türkiyə yaxın zamanda Suriyanın şimalında uzun müddətdir planlaşdırdığı hərbi əməliyyata başlayacaq”.

Bu cümlə Türkiyənin xeyrinədir. Yəni Ağ Ev Türkiyənin qətiyyəti qarşısında faktiki geri çəkildi. Türkiyənin Suriyanın şimalına hərbi əməliyyata başlaması qardaş dövlətin haqqıdır. Çünki, Türkiyə PKK və onun uzantılarının Suriyanın şimalındakı varlığına seyrçi qala bilməz. Sonda Vaşinqton bunu anladı. Halbuki, Pentaqon PKK uzantıları ilə Suriya ərazisində faktiki ittifaq qurmuşdu. Türkiyənin qətiyyəti bu ittifaqı ortadan qaldırmaq üzrədir. Amerika PKK uzantılarına verdiyi dəstəyə görə Türkiyə ilə qarşı-qarşıya qalmaq istəmir.

Ağ Evin açıqlamasının ikinci cümləsinə diqqət yetirək: “ABŞ Türkiyənin hərbi əməliyyatını dəstəkləməyəcək və bu əməliyyata daxil olmayacaq”. Yəni Ağ Ev Ankaraya “sənin əməliyyatında mən yoxam” demək istəyir. Bu da bir mənada Türkiyənin ziyanına deyil. Baxmayaraq ki, Vaşinqton bir müddət Türkiyənin hərbi əməliyyatına mane olmaq istədi və bu məqsədlə görüntü yaratməq məqsədilə türkiyəli hərbçilərlə Suriya ərazisində ortaq patrul xidməti formalaşdırdı. Ancaq bu gözə kül üfürmək idi və bunu Ankara anlayırdı. Türkiyə genişmiqyaslı əməliyyata başlamaq, terrorçuları neytrallaşdırmaq və sərhədə yaxın bölgədə bufer zonası yaratmaq istəyir. Ortaq patrulla buna nail olmaq mümkün deyildi. Ankara deyən oldu. Türkiyə Suriya ərazisində tərəfdaşı amerikanlarla toqquşmaq ehtimalından da qurtuldu. Ancaq amerikalı hərbçilər Suriya ərazisini tam tərk etmirlər. Amerikalılar Suriyanın o məntəqələrində olmayacaqlar ki, həmin məntəqələrə Türkiyə ordusu müdaxilə etmək istəyir.

Açıqlamanın sonuncu cümləsi belədir: “Türkiyə bundan sonra Amerikanın Suriyada iki ildir mübarizə apardığı və ələ keçirdiyi DAİŞ terrorçularıyla mübarizəyə məsuliyyət daşıyacaq”. Ağ Ev bu açıqlamasıyla demək istəyir ki, “mən çıxıram, ancaq bundan sonra Suriyanın şimalında nə baş versə, sən məsuliyyət daşıyacaqsan”. Bu cümlədə də Türkiyə üçün zərərli gedişat görmürəm. Türkiyənin Suriya əraizisində DAİŞ-lə mübarizə təcrübəsi var. Digər tərəfdən DAİŞ onsuz da Suriya ərazisində zəifləyib. DAİŞ-ə qarşı yalnız Amerika və Türkiyə savaşmırdı ki. Rusiya, İran, Əsəd ordusu, “Hezbollah” bunların hamısı DAİŞ-lə savaşırdı. Bu savaş DAİŞ terrorçularını taqətdən saldı. Türkiyəni Suriya ərazisində narahat edən DAİŞ deyil, PKK və onun uzantılarıdır.

Beləliklə, Türkiyə ordusu Suriyanın şimalında növbəti hərbi əməliyyata başlaya bilər. Amerika maneəsi özü istəyərək ortadan qaldırıldı. Bəlkə də bu gedişat elə ABŞ prezidenti Donald Trampın da maraqlarına cavab verirdi. Çünki Tramp ABŞ ordusunun Suriyada qalmasının mənasını anlamır, buna pul xərcləmək istəmir. İndi isə amerikalı generallara “Türkiyə ilə toqquşa bilmərik ki” deyib Suriyada hərbi fəaliyyətini minimuma endirə bilər. Tramp Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla dostluğuna davam etmək istəyir. Təsadüfi deyil ki, Ağ Evin açıqlamasından bir neçə saat əvvəl Tramp Ərdoğanla telefonla danışdı. Ərdoğan ABŞ-a rəsmi səfər də dəvət edildi.

 

Buna baxmayaraq, Amerikanın hərbi təyyarələri Suriyanın şimal hissəsindədki hava sahəsinə nəzarət edirlər, uçuşlar həyata keçirirlər. Yəni Türkiyə öz quru qoşunlarını Suriyaya istiqamətləndirsə də, hava sahəsində Amerika ilə irtibat içində olmalıdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)