vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
20:44 | 24 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2602 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milli Kitabxanada ədəbiyyat bayramı

Migel Delibesin «Seçilmiş əsərləri»nin təqdimat mərasimi keçirildi

RƏBİQƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Noyabrın 23-də M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri olan, görkəmli ispan yazıçısı Migel Delibesin «Seçilmiş əsərləri»nin geniş təqdimat mərasimi keçirilib. Tədbirdə İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Xose Luis Diez Xuares, Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva, Kolumbiya səfirliyinin konsulu cənab Kelly Çaib de Mares, eləcə də Meksika, Braziliya və Fransa səfirliklərinin nümayəndələri, Azərbaycanın tanınmış elm, sənət və ədəbiyyat adamları iştirak ediblər.

Təqdimat mərasimini giriş sözü ilə Mərkəzin direktoru Afaq Məsud açıb. O, qonaqları salamlayandan sonra deyib: «Bilirik ki, dünyada, eləcə də onun bir parçası olan Azərbaycanda hər gün xeyli bədii kitab nəşr olunur. Amma bu nəşrlərin hər biri insan duyğularına, psixologiyasına, ruhuna, taleyinə təsir edə, onun təfəkküründə dəyişiklik yarada bilirmi? Biz Tərcümə Mərkəzi olaraq hər zaman ciddi ədəbiyyata yer ayırmağa çalışırıq, kəmiyyətə yox, keyfiyyətə üstünlük veririk, əvvəlcə dəyərli mətnləri axtarıb tapır, sonra onların yüksək səviyyədə tərcüməsi üzərində çalışırıq. Mərkəz hər il 20-30 adda kitab çap edir, amma hər kitabın nəşrini bu cür təntənə ilə qeyd eləmirik. Dünya ədəbiyyatına böyük töhfələr vermiş yazıçı Migel Delibesin – ispan ədəbiyyatının son mogikanlarından birinin əsərlərinin Azərbaycan dilində işıq üzü görməsi, doğrudan da, ciddi hadisədir».

A.Məsud təqdim edilən bu nəşrin, ədibin Azərbaycan oxucusunun ixtiyarına verilən ilk kitabı olduğunu, yazıçının şərəfinə təşkil edilmiş bu tədbirin, həm də kitab və ədəbiyyat bayramı olduğunu, belə nəşrlərin və tədbirlərin cəmiyyətin diqqətini kitaba, ciddi ədəbiyyata yönəldilməsi  məramı daşıdığını bildirib: «Dünya yaranandan bəri  maddiyyata sürüklənib. Son illər dünyada baş verən sosial gərginlik, maddi dəyərlər uğrunda müharibələr, siyasi savaşlar fonunda insan ruhu, onun duyğusal aləmi ölməkdə, tədricən əriyib yoxa çıxmaqdadır. Bugünkü durumda dünyanı, cəmiyyətdəki, ailəsindəki problemlərlə baş-başa qalan insanı yaşadığı bütün gərginliklərdən, sıxıntılardan ədəbiyyat qurtara bilər. Mən bu gün ədəbiyyatı dinə bərabər xilas yolu kimi dəyərləndirirəm. Dünyadakı məişət vurnuxmalarının, maddi çaxnaşmaların, sosial-siyasi maraqların fonunda hər kəsi ədəbiyyatla, kitabla yaşamağa səsləyirəm».

İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Xose Luis Diez öz çıxışında  Delibesin ispandilli ədəbiyyatda tutduğu mövqedən, bioqrafiyasından, həmçinin, əsərlərinin bədii məziyyətindən söz açıb. İspaniyanın bu məşhur ədibinə, eləcə də ispandilli ədəbiyyata göstərilən diqqətə və marağa görə Tərcümə Mərkəzinə öz təşəkkürünü bildirib.

Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva ölkələrin yaxınlaşmasında mədəniyyətlərin əhəmiyyətindən danışaraq, Migel Delibesin Azərbaycan dilində işıq üzü görmüş kitabını Mərkəzin bu istiqamətdə növbəti uğuru kimi dəyərləndirib: «Diplomatlar adətən siyasətdən söz açır, onların nadir hallarda əbəbiyyatdan danışmaq imkanı olur. Amma bu da şəksizdir ki, mədəniyyət daim sərhədləri aşmağa kömək edir. Argentina ilə Azərbaycanı iyirmi dörd saatlıq yol ayırır, mədəniyyət bu zaman və məkan maneəsini aradan qaldırmağın yeganə yoludur. Bu istiqamətdə uğurlu layihələrə imza atan Tərcümə Mərkəzini çox məhsuldar bir qurum kimi təqdir edirik».

Daha sonra kitabı dilimizə çevirən yazıçı-tərcüməçi Saday Budaqlı ispandili ədəbiyyatın zənginliyindən söz açıb, Azərbaycanda həmişə bu ədəbiyyata xüsusi maraq və sevginin olduğunu vurğulayıb: «Ədəbiyyat tamam fərqli dəyərdir. Bədii əsər mənsub olduğu xalqın dünyagörüşünü, mədəniyyətini, adət-ənənələrini, təfəkkürünü, psixologiyasını öyrənməkdə oxucuya yardımçı olur. Beləcə, müəllif öz xalqını əcnəbi oxucularına da doğmalaşdıra bilir. Tərcümələrimlə xalqlarımızı azca da olsa doğmalaşdıra bilmişəmsə, buna görə özümü çox xoşbəxt hiss edirəm. Demək ki, zəhmətim hədər getməyib».

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid də kitabsevərləri bu kitab bayramı münasibəti ilə təbrik edib. R.Məcid çıxışçıların ədəbiyyatın dünyanı xilas edəcəyi barədə qənaətlərini bölüşərək, Tərcümə Mərkəzini bu inamın, əzmin, inadkarlığın bir nümunəsi adlandırıb: «Bu gün dünyada gedən proseslərlə bağlı ədəbiyyatçılar çox pessimist görünürlər. Amma sevinirəm ki, ədəbiyyatın dünyanı xilas edəcəyi ilə bağlı ümidlər bu gün diplomatların çıxışlarında da səsləndi. İşimlə bağlı müxtəlif ictimai-siyasi, iqtisadi tədbirlərdə, media ilə bağlı toplantılarda səfirlərlə tez-tez görüşürəm. Amma ilk dəfədir ki, onları bugünkü kimi rahat və xoşbəxt görürəm. Bu, həm də ədəbiyyatın gücüdür».

Azərbaycan Dillər Universitetinin İspan dili kafedrasının müdiri Aynur Quliyeva çıxışında ispandilli ədəbiyyatın Azərbaycanda bu qədər sevilməsinin səbəblərinə toxunaraq, bunu hər iki ədəbiyyatın çox qədim kökə malik olmasıyla əlaqələndirib. Migel Delibesin yaradıcılığı barədə danışan A.Quliyeva onun əsərlərinin Azərbaycan dilinə tərcümə olunmasından məmnunluq ifadə edib.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov nəşrin əhəmiyyətindən, Mərkəzin bu sahədə əldə etdiyi uğurlardan söz açaraq, belə nəşrlərin mədəniyyətlərarası əlaqələrin qurulmasında böyük önəm kəsb etdiyini bildirib. 

Qeyd edək ki, Migel Delibes məşhur «Sərv ağacının uzun kölgəsi» (1947), «Yol» (1950), «Sərsəm» (1953), «Qırmızı yarpaq» (1959), «Beş saat Mario ilə birlikdə» (1966), «Altmış yaşlı həyat aşiqinin məktubları» (1983) və digər romanlarının müəllifidir. O, 1993-cü ildə Servantes mükafatına layiq görülüb.