vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
23:58 | 28 iyun 2017 | Çərşənbə Məqaləyə 2741 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İnturist» inzibatçısının etirafları

«SSRİ-də seks yoxdur» söhbəti necə yaranıb?

MÖVZU İLƏ ƏLAQƏLİ

17 iyul 1986-cı ildə mehmanxana inzibatçısı və «Sovet Qadınları Komitəsi» adlı təşkilatın üzvü Lüdmila İvanova bircə saatın içində dünya şöhrəti qazanıb. İlk Leninqrad-Boston Sovet-Amerika telekörpülərindən biri zamanı «SSRİ-də seks yoxdur» ifadəsini o işlətmişdi. Sonralar bu ifadə bir növ «qanadlı sözə» - zərb-məsələ çevrilmişdi.

BBC müxbiri Dina Nyuman «BBC Witness» (Şahid) adlı populyar proqram üçün Lüdmila İvanova, habelə telekörpünü amerikalı Fil Donahyu (Phil Donahue) ilə birlikdə aparmış sovet jurnalisti Vladimir Poznerlə söhbət edib.

Telekörpünün amerikalı qadın iştirakçılarından biri belə bir sual vermişdi: «Bizdə bütün günü telekanallardakı reklamlar seksin ətrafında dövrə edir, sizdə də belə reklamlar varmı?»

Məhz bu anda Pozner mikrofonu Lüdmila İvanovaya vermişdi.

Sonrasını qadının özü danışır.

 

Tapşırığı yerinə yetirdim

 

Lüdmila İvanova: Əvvəla bu seks sözünü heç kim eşitməmişdi, sadəcə təxmin edirdilər bunun nə demək olduğunu. Biz də başa düşürdük ki, bu sözün çox da yaxşı mənası yoxdur. Mən fəal qadın idim və Pozner də mikrofonu mənə verdi. Mən dedim: «SSRİ-də seks yoxdur, bizdə sevgi var». Amma bu hissəni kəsmişdilər.

 

- Siz dediniz «SSRİ-də seks yoxdur və biz onun əleyhinəyik?»

- Hə nəsə elə bir şey. «Biz bunun əleyhinəyik» və ya «biz bunu başa düşmürük». İndi yadımda deyil. Amma mən deyəndə ki, «SSRİ-də seks yoxdur» qəhqəhə partlayışı baş verdi. Mən daha heç nə eşitmirdim.

 

- Yəqin ki, qorxdunuz?

- Əvvəla qorxdum. Düşündüm ki, nəyisə elə deməmişəm və məni yaxşıca cəzalandıracaqlar. Belə də oldu. Amma məsələ burasında idi ki, biz tapşırığa görə onların nə deməsindən asılı olmayaraq bunları inkar etməli və razılaşmamalı idik. Bundan əvvəl Pozner bizimlə saat yarım söhbət aparmışdı. O deyirdi: «Gözlənilməz suallar olacaq. Onlar sizi bağlamağa çalışacaqlar. Təslim olmayın. Dərhal cavab verin, utanmayın«. Mən də çalışırdım ki, tapşırığı yerinə yetirim.

 

Lüdmila İvanovanı təəccübləndirən bir də amerikalı qadınların bu telekörpüyə münasibəti olub:

Biz əvvəlcə şoka düşmüşdük. Amerikalı qadınlar verilişə cırıq maykalarda, sürtülmüş şalvarlarda və kedalarda gəlmişdilər. Biz isə bəzənib-düzənmişdik, hazırlaşmışdıq. Mən qızıl broşunu mənə versin deyə anama iki gün yalvarmışdım. Bu bizim üçün birinci şok anı idi. Amma onlar özlərini çox sərbəst aparır, saqqız çeynəyirdilər. Bizsə parlaq gözlərimizlə Vətəni qorumağa gəlmişdik.

 

Nikahdankənar əlaqələr

 

- Amma axı qadınların tam sərbəstliyi vardı SSRİ-də. Hətta nikahaqədər cinsi əlaqələr də olurdu...

- Bəli, amma bunları hamı gizlədirdi. Mən «İnturist»də işləyirdim. Bizə hansısa ərsiz qadın işə gələndə, biz ona deyirdik ki, ya ərə getsin, ya da işdən getsin. Ailə özəyi deyilən bir şey vardı. Mən partiya üzvü idim. Bu barədə hətta partiyanın nizamnaməsində yazılmışdı.

 

- Deməli bir kommunist kimi sizin nikahdankənar əlaqələriniz ola bilməzdi?

- Ola bilərdi. Amma bunu ağıza gətirmək olmazdı. Məni «İnturist»dən rüsvayçılıqla qovardılar. Nə etmək olar. İndi heç kəs heç kimi qınamır. Doğrudan da azadlıq var. Amma məni o verilişdə dediyimə görə Sovet qadınları komitəsində əməlli-başlı sıxışdırmışdılar. Az qala komitədən qovacaqdılar. Mən ümumiyyətlə 1995-ci ilə qədər cınqırımı da çıxartmamışdım. 1995-ci ildən sonra məni axtarıb elə hey soruşurdular ki, bizdə seks var, yoxsa yoxdur.

 

Rusiyada hər şey sevgidir

 

- Yaxşı bəs siz ərinizlə məhəbbətlə məşğul olanda, buna sevgi deyirsiniz?

- Rusiyada ümumiyyətlə hər şeyə sevgi deyirlər. İndi bunun adı seks olub. Hələ buna görə pul da verirlər. Mən əlbəttə geridəqalmış deyiləm. Beş ərim olub. Dördü könüllü şəkildə dünyasını dəyişib. Amma gənclər üçün başqa cürdür. Onlar üçün seks, sevgi, birgünlük əlaqələr, görüşlər - bunlar tam normaldır.

 

Vladimir Poznerin xatirələri

 

Vladimir Pozner deyir ki, proqramın adı «Qadınlar qadınlarla danışır» idi. Bu ikinci kosmik telekörpü idi. Bundan əvvəl Leninqrad və Sitl (Seattle) arasında 1985-ci ildə birinci telekörpü olmuşdu.

Jurnalist deyir ki, ikinci körpü birinci qədər siyasi partlayışa səbəb olmamışdı. Amma tək bu fraza - «SSRİ-də seks yoxdur» nəyə desən dəyərdi.

Pozner deyir ki, Amerika tərəfində belə inam var idi ki, Sovet studiyasına DTK agentliəri olan qadınları yığacaqlar. Yeri gəlmişkən tok-şou janrını ixtira edən Phil Donahue bundan narahat idi. O deyirdi ki, bəlkə öz adamlarını göndərsin və onlar da qadınları seçsinlər.

Elə belə də olub. Amerikalılar gəlib sovet qadınlarını veriliş üçün özləri seçiblər.

İkinci veriliş hazırlananda isə qadınları Bostonda sovet tərəfi seçib.

Pozner bildirib ki, sovet studiyasında olan qadınlarla partiya söhbətləri aparılmışdı. Onlara ciddi təlimat verilmişdi.

Amma jurnalist bunu da bildirir ki, Lüdmila xanım təlimat məsələsini bir az şişirdir. Onlara hər şeyi inkar etmək tapşırılmamışdı. Qadın «İnturist»də işləyirdi. Bu isə ideoloji qurum idi. Sovet adamlarının çoxu belə hallarda nəyi deməyin mümkün olub-olmadığını özləri hiss edirdi.

Vladmir Pozner deyir ki, əslində Boston studiyasında yaşlı bir qadın sual vermişdi. O gileylənirdi ki, nəvəsi bütün günü televizora baxır, orada isə seks və zorakılığı göstərirlər.

Onda Lüdmila İvanova dedi ki, «bizdə seks yoxdur». Zal qəhqəyə qərq oldu. Buna görə də onun sonra dediklərinə heç kəs qulaq asmırdı. Halbuki İvanova televiziyada, məhz televiziyada seks olmadığını demək istəmişdi.

O SSRİ-də yox, bizdə demişdi. Amma nədənsə hamının hafizəsində SSRİ-də seks kimi həkk olunub.

Lüdmila İvanova sonralar Poznerə şikayətlənirmiş ki, adamlar onu küçədə tanıyırlar və bəzən hətta sataşırlar da: «Hə də, belə, SSRİ-də seks yoxdur...», - deyirlər.