Brüssellə Strasburq arasında qalan Bakı üçün kritik 2 ay
İlin sonunadək Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın formatı dəqiqləşəcək
Siyasət şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Miqrantlar üçün konslagerlər
Avropa Birliyi ölkələri pulsuz müayinəni kəsib, ödəmələri dayandırıb, sərhədləri bağlayıb, ...
-
“Cəsarət və liderlik lazımdır”
Şarl Mişel: “BMT TŞ-də daimi yer imtiyaz deyil, məsuliyyətdir”
-
İçərisində güllələr olan zərf
Sui-qəsdə uğrayıb möcüzə nəticəsində sağ qalan baş nazir növbəti dəfə təhdid olunub
-
100-dən çox şirkət paktı imzalayıb
Avropa Birliyinin süni intellekt qanunu 2026-da qüvvəyə minəcək
-
“Azadlıq qalmayıb”
Çinlilər Balkanlar vasitəsilə Avropa ölkələrinə qaçır
-
2,2 milyardlıq ziyan
İqlim dəyişikliyi Avropada daşqın ehtimalını iki dəfə artırıb
-
Avropa sellənir
Güclü yağışların fəsadı qitəni bürüyüb
-
1.5 milyardlıq cərimə ...
AB məhkəməsi “Google”a qərarı ləğv edib
-
Yeni təyinatlar açıqlanıb
Sədrin beş müavini olacaq
-
Sərt qaydalar gəlir
Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan
-
AB sammitində istefa gətirən qalmaqal
Fransanın Avropa Komissiyasındakı “ağır toplarından” biri sədri “şübhəli idarəçilikdə” günahlandırıb
-
Avropa sıxılmış qaza önəm verir
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
-
Hollandiya fövqəladə vəziyyətə hazırlaşır
Hökumət AB-nin immiqrasiya qaydalarından çıxmaq və problemi öz bildiyi kimi həll etmək istəyir
-
İnsan haqları və miqrant razılaşması arasında
Tunis demokratiyasının seçkilər öncəsi vəziyyəti Avropa Birliyini narahat edir
-
Almaniya nağılı bitirir
Şengen heç vaxt belə çətin vəziyyətə düşməmişdi
-
100 ildə bir ...
Avropada havanın temperaturunun qəfil enməsi bir çox ölkədə həyata iflic edib
Noyabrın 24-də Brüsseldə Avropa Birliyinin (AB) növbəti sammiti keçiriləcək. Sammitdə qurumun «Şərq tərəfdaşlığı» proqramına üzv ölkələrin rəhbərlərinin qatılması da gözlənilir. Həmin toplantı çərçivəsində AB ilə Ermənistan arasında ikitərəfli çərçivə sənədinin imzalanacağı deyilsə də, artıq məlumdur ki, bu, baş verməyəcək.
Ermənistanda səbəbin texniki xarakterli olduğu iddia edilsə də, əslində başqa, siyasi və iqtisadi xarakterli motivlərin rol oynadığı da istisna olunmur. Məsələn, sənəddə İrəvan qarşısında qəzalı vəziyyətdə olan Metsamor AES-in bağlanması tələbi var. Bu bəndə isə Ermənistanda ictimaiyyət və müxalifət səviyyəsində ciddi etiraz edilir.
Səbəb də o göstərilir ki, o halda işğalçı ölkə enerji təhlükəsizliyi ilə bağlı ciddi problemlərlə üzləşə bilər. AES-in bağlanması həmçinin, onun əsas istismarçısı olan Rusiyanın da marağında görünmür. Hər necə olmasa, Metsamor AES satellit Ermənistanı Kremlə bağlayan mühüm tellərdən biridir.
Bundan əlavə, bəzi məlumatlara görə, Ermənistan AB ilə ikitərəfli anlaşma sənədində Qarabağla bağlı məsələnin həll formulu kimi «öz müqəddəratını təyinetmə» prinsipinin də əks olunmasına çalışır. Bu isə təbii ki, Azərbaycanı qane edə bilməz. Rəsmi Bakı bununla bağlı öz birmənalı mövqeyini artıq prezident İlham Əliyevin dilindən bəyan edib: Azərbaycanla imzalanacaq ikitərəfli sazişdə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi əksini tapmalıdır. Əgər Ermənistanla sənəddə fərqli yanaşma olsa, bu, Bakının mövqeyinə də təsir edə bilər.
Yeri gəlmişkən, İlham Əliyev Brüssel sammitində iştirak edəcəyini də bildirib.
***
Yəqin ki, Ermənistanla tərəfdaşlıq sənədi daha tez imzalanacaq. Bunu AB-nin genişlənmə və qonşuluq siyasəti üzrə ali komissarı Yohannes Hanın hər iki məsələ ilə əlaqədar dünən verdiyi açıqlamalar da təsdiqləyir. Belə ki, o, Ermənistanla sazişin noyabrın 24-də - AB-nin sammitində deyil, «bir azca sonra, lakin mütləq imzalanacağını» deyibsə, Azərbaycanla tərəfdaşlığa dair danışıqların yaxın iki ayda başa çatmalı olduğunu söyləyib.
Musavat.com-un məlumatına görə, bu barədə o, Tallində keçirilən «Şərq tərəfdaşlığı»nın 4-cü biznes-forumunda bildirib. Yəni, Azərbaycanla çərçivə anlaşması təxminən ilin sonuna yekunlaşmalıdır. Demək, Azərbaycanın bir daha öz əsas şərti ilə bağlı situasiyaya qiymət vermək imkanı olacaq - hərçənd, AB-nin Azərbaycan və Ermənistanla çərçivə sənədləri eyni tarixdə imzalayacağını da tam istisna eləmək olmaz.
***
O da maraqlıdır ki, AB yetkilisi Ermənistanla sazişin ertələnməsinin konkret hansı səbəbdən baş verdiyinə aydınlıq gətirməyib. Ali komissar yalnız onu əlavə edib ki, «Ermənistanda islahatlar üçün büdcə vəsaitlərinin ayrılması şərtləri olduqca sərt olacaq və çatışmazlıqların heç biri nəzərdən qaçmayacaq».
Azərbaycana gəlincə isə Yohannes Han bunu da deyib ki, hazırda danışıqlar davam edir: «Müəyyən vaxt tələb olunurdu ki, anlaşmanın hansı sferaları əhatə edəcəyi dəqiq müəyyənləşdirilsin. Əminəm ki, anlaşma növbəti iki ayda əldə olunacaq».
Onu da qeyd edək ki, Azərbaycanla yeni anlaşma sazişi 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq haqda sazişi əvəz eləməlidir. Bu isə həm Avropa Birliyinə, həm də Azərbaycana imkan verəcək ki, ümumi hədəfləri və problemləri daha çox nəzərə alaraq əməkdaşlığa davam eləsinlər.
***
AB ilə çərçivə sazişinin imzalanması sözsüz ki, ölkəmizin Avropa ilə, bütövlükdə Qərblə münasibətlərə önəm verdiyinin nümayişi olacaq. Bunu ən əvvəl milli maraqlarımız, o sırada Dağlıq Qarabağ məsələsinin ədalətli həll zərurəti diktə edir.
Əksinə, xüsusən də Ermənistanın təşkilatla çərçivə sənədi imzalaması fonunda Azərbaycanın hansısa səbəbdən eyni addımı atmaması işğalçıya yaxşı bir sürpriz olardı - təbii ki, Qarabağ şərti təmin olunmayacağı halda. Bu şərti isə AB qəbul etməyə bilməz. Çünki Avropa Parlamentinin (AB-nin əsas orqanı) Ermənistanı işğalçı kimi tanıyan qərarı var.
O da maraqlıdır ki, məhz bu ərəfədə mənzil-qərargahı Strasburqda olan Avropa Şurasının Nazirlər Kabineti həbsdə olan REAL sədri İlqar Məmmədovun işi ilə bağlı noyabrın 29-dək Azərbaycana möhlət verib. Bu da Bakının Brüssellə anlaşma sənədinə dair müzakirələrin pik dövrünə təsadüf edəcək. Narahatedici məqam odur ki, bu dəfə də anlaşma olmasa, yəqin ki, məsələ Avropa Şurasının gələn ilin əvvəlində (yanvarda) keçiriləcək qış sessiyasına çıxarılacaq - nə vaxt ki, faktiki, Azərbaycanla Avropa Birliyi arasında çərçivə sənədi ilə bağlı müzakirələr də yekunlaşmalıdır.
***
Əlbəttə ki, Azərbaycanın düşmənləri çox istərdilər ki, İlqar Məmmədovun işinə görə Bakı-AB danışıqlarına da zərbə dəysin və Azərbaycan həm Avropa Şurasından çıxarılsın, həm də Avropa Birliyi ilə anlaşma sənədi baş tutmasın.
Yəqin ki, rəsmi Bakı bütün bunların fərqindədir və o, Avropa Şurasının möhləti ilə bağlı yekunda düşmən çevrələri məyus edəcək bir qərarı alacaq. Bununla da Azərbaycan Brüssellə Strasburq arasında seçim eləməli olmayacaq. Həm AB ilə həm də Avropa Şurası ilə konstruktiv əməkdaşlığa, yola davam edəcək.