“İncəsənətə ikinci nəfəs”
Mədəni-xeyriyyə layihəsinin ikinci mövsümü yekunlaşıb
MÖVZU İLƏ ƏLAQƏLİ
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və “YARAT” Müasir İncəsənət Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “İstedArt” mədəni-xeyriyyə layihəsinin ikinci mövsümü üzrə bağlanış mərasimi keçirilib.
“İncəsənətə ikinci nəfəs” adı ilə “YARAT” Müasir İncəsənət Mərkəzində təşkil edilən mərasimdə qonaqlara rəsm əsərləri, keramika və plastilindən hazırlanmış əl işlərindən ibarət sərgi nümayiş olunub, həmçinin qədim yunan təmsil ustası Ezopun “Qurdlar və quzular” əsəri əsasında hazırlanmış tamaşa təqdim edilib.
Qeyd edək ki, ötən ilin martından start götürən layihənin məqsədi sağlamlıq imkanları məhdud və ya maddi sıxıntı çəkən uşaqlara incəsənət sahəsində bacarıqlarını aşkarlamaq və inkişaf etdirməkdə dəstək olmaqdır. Layihə Bakı şəhərinin 9 internat məktəbində təhsil alan valideyn himayəsindən məhrum və fiziki məhdudiyyətli, həmçinin Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə olunan uşaqları əhatə edir.
Layihənin ötən ilin mart-iyun aylarında baş tutan birinci mövsümündə 43, oktyabr-yanvar aylarında baş tutan ikinci mövsümündə isə 55 uşaq iştirak edərək rəssamlıq, qrafika, keramika və aktyor sənəti üzrə məşğələlərdə bilik və bacarıqlara yiyələnib.
Ustad dərsləri İçərişəhərin müxtəlif yaradıcı məkanlarında və “YARAT” Müasir İncəsənət Mərkəzində keçirilib.