Qanla həyat verənlər
Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondu qanvermə aksiyası keçirdi
Koronavirus bəşəri bəlaya çevrilsə də, bu digər xəstəliklərdən əziyyət çəkən insanları 2-ci plana ata bilməz.
Ölkəmizdə təxminən 1500-ə yaxın irsi qan xəstəsi var ki, onların da əksəriuyyəti talassemiya və hemofiliyalı xəstələrdir. Məlum olduğu kimi bu xəstəliklərdən əziyyət çəkən insanların daimi olaraq qana ehtiyacı olur. Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə adı çəkilən xəstəliklərdən əziyyət çəkən insanların qan ehtiyatını hər bir sağlam vətəndaşımız öz damarlarında daşıyır. Heydər Əliyev mərkəzində keçirilmiş könüllü qanvermə aksiyasında Heydər Əliyev Fondu və Mərkəzin əməkdaşları iştirak etdi. Məqsəd isə aydındır.
Qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etmək, və cəmiyyətin diqqətini bu sosial məsələyə yönəltmək.
Qan vermək bir həyat bəxş etməkdir, həm başqasına həm də özümüzə. Belə bir sual yaranır.
Necə yəni özümüzə?
Belə ki, qan verən insanda ürək xəstəliklərinin baş vermə riski 90 faiz azalır. Bundan başqa insan orqanizmində beş-altı litr qan dövr edir. 19-65 yaş arası hər bir sağlam şəxs il ərzində iki-üç dəfə qan verərsə, öz sağlamlığını gücləndirmiş olur. İnsanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edir.
Qeyd edək ki, Heydər Əliyev Fondu talassemiya problemi ilə bağlı ölkədə mühüm tədbirlər, o cümlədən 2005-ci ildən «Talassemiyasız həyat naminə» layihəsini həyata keçirir. Bu sahədə ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri, eləcə də tibbi xidmətlə təmin olunması məqsədilə Fondun təşəbbüsü ilə Talassemiya Mərkəzi yaradılıb. Hər kəs vətən üçün canından, vətəndaş üçün qanından keçməyi bacarmalıdır.