vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
KİNO-TEATR  
16:55 | 13 may 2022 | Cümə Məqaləyə 1861 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Köhnə çamadanlar” yenidən “açıldı”...

Müharibənin qadın taleyində buraxdığı ağrılı izlərə yeni ekran həyatı

Xəbər verdiyimiz kimi, mayın 12-də Bakı Konqres Mərkəzində “Köhnə çamadanlar” bədii filminin möhtəşəm qala gecəsi keçirilib. Birinci və İkinci Qarabağ müharibələrindən, tarixi qələbəmizdən bəhs edən filmin təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müxtəlif qurumların rəhbər şəxsləri, mədəniyyət və incəsənət xadimləri, Vətən müharibəsi qəhrəmanları, şəhid ailələri və filmdə bəhs edilən hadisələrin şahidləri iştirak ediblər.

Real həyat hekayələri əsasında çəkilən film müharibənin qadının taleyində buraxdığı ağrılı izlərə yeni ekran həyatı verib. Birinci Qarabağ müharibəsində el-obasından didərgin düşən, işgəncələrə məruz qalan, doğmalarını itirən müxtəlif insan obrazları, onların yaşadıqları psixoloji travmalar filmdə öz əksini tapıb.

Filmdə 44 günlük Vətən müharibəsini əks etdirən real müharibə kadrları ilə yanaşı, ön cəbhədən gələn böyük Zəfər müjdəsini qürurla qeyd edən Azərbaycan xalqının sevinci də xüsusi vurğulanır. Ekran əsərində İkinci Qarabağ müharibəsinin iştirakçıları, Sərhəd Qoşunlarında xidmət edən hərbçilərin, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslərin aktyorluq potensialından da istifadə edilib. Nikbin sonluqla yekunlaşan ekran işi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. 

Nəzərinizə çatdıraq ki, müharibə və qadın mövzusunun ana xətt olaraq keçdiyi filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru isə Şahmar Səfəroğludur. Filmin quruluşçu rəssamı Əfşan Əsədova, art direktoru Tahir Tahiroviç, bəstəkarı Vüqar Camalzadə, montaj rejissoru Rza Almasi Pərqu, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədovdur. Xronometrajı iki saata yaxın olan bədii ekran əsərinin baş prodüseri Pərvinə İsmayılova, layihə rəhbəri Səidə Haqverdiyeva, redaktoru Həmidə Rüstəmovadır.

Real hadisələr əsasında çəkilən tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır. 

Tamaşaçı ekran əsərində döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın düşmüş Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcəklər.

Ekran işində Birinci və İkinci Qarabağ müharibəsində baş verən hadisələr kəsişir, hər iki dövrü əhatə edən ayrı-ayrı epizodlar dramaturji və vizual baxımdan bir-birini tamamlayaraq hekayənin vahid strukturunu yaradır. Ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri - əlil və qaziləri, həmçinin əlilliyi olan həvəskar aktyorlar da rol alırlar.

Psixoloji dramda əsas rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Qızılgül Quliyeva, Zemfira Əbdülsəmədova, Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Nəzər Məmmədova, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva, Oksana Rəsulova, Zarina Qurbanova, Cavanşir Məhərrəmov, Namiq Ağayev, Vüqar Hacıyev, Səmimi Fərhad, Aqil M. Quliyev ifa edirlər. Uşaq rollarını isə “Oyuq” teatr-studiyasının yetirmələri oynayırlar.

2021-ci ilin payızından çəkilişlərinə başlanılan “Köhnə çamadanlar” tammetrajlı bədii filmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “RS Prodakşn” və “OYUN” inklüziv teatrının birgə layihəsidir. 

Böyük maraqla qarşılanan filmin rejissoru Səidə Haqverdiyeva ekran işinin ideyası barədə bunları deyib: “İki il bundan qabaq - hələ Vətən müharibəsindən əvvəl bir tamaşa hazırlamaq fikrinə düşdük və onun adını “Müharibənin qadın üzü olmur” qoymaq istəyirdik. Sonra düşündük ki, öz qadınlarımızın, Birinci  Qarabağ savaşında olmazın əziyyətlər çəkən müxtəlif taleli xanımların hekayələrindən film çəkək, onları dilləndirək. Nəticədə Zəfər qazanmış qalib ölkənin qadınları olaraq Birinci Qarabağ müharibəsində əzab-əziyyətlərə düçar olmuş qadınların həyatından film çəkdik. Mən bu gün təkcə bir rejissor kimi deyil, bir qarabağlı olaraq həyəcanlıyam. Onu da xüsusi qeyd etməyə dəyər ki, bu filmin çəkilişlərində iştirak edən 78 nəfər təmənnasız olaraq çalışıblar. 25 gün davam edən çəkilişlər Bakıda, Lənkəranda, Astarada və Qubada aparılıb.

Filmin adına gəldikdə isə qeyd etməliyəm ki, hamımızın illərlə yığıb saxladığımız və heç vaxt açmadığımız sirlər var. Elə zaman gəlir ki, biz onların haqqında danışırıq. Köhnə çamadanlar da içərisində köhnəlmiş xatirələr olan ürəyimiz, qəlbimizdir”.

Filmin baş prodüseri, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılova belə bir layihəyə dəstəkdən məmnun olduqlarını deyib: “Film ötən ilin payızında çəkilməyə başlanılıb və onun sponsorlarından biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzidir. Film Birinci Qarabağ müharibəsinin çətinlik və məhrumiyyətlərini yaşayan Azərbaycan qadını haqqındadır. Onların həyatı haqqında Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra tammetrajlı film ərsəyə gətirmək istədik. Ən vacib məqam ondan ibarətdir ki, buradakı qadınlar torpaqlarımız işğaldan azad edilənədək susur, öz həyatları barədə olan ağır hadisələr haqda danışmırdılar. Filmdə könüllülər, qazilər, Vətən müharibəsi iştirakçıları və nazirliyin tabeliyində olan müəssisələrin sakinləri iştirak edib və özlərini aktyor kimi sınayıblar”.

Onu da qeyd edək ki, filmə müəllif baxışı aprelin 30-da Nizami Kino Mərkəzində təşkil olunmuşdu.