vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ƏDƏBİYYAT  
23:18 | 5 iyun 2022 | Bazar Məqaləyə 2751 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çəkələk ...

Məzarıma nə daş qoyun, nə heykəl, bir cüt ayaqqabı qoyun ayağıyalın geyib getsin

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Vaqif Səmədoğlu Strasburqdan Ankaraya gəlirdi. Deyəsən AŞPA-nın növbəti sessiyasından. Bir gün əvvəl zəng elədi ki, heç yerə tərpənmə, çoooox vacib işim var. Arxasınca da dedi ki, aeroporta gəlmə, evdə otur, məni gözlə.

Ha düşündüm, ha daşındım ki, bu nə vacib iş ola bilər… ağlıma bir şey gəlmədi.

Ertəsi gün günorta naməlum bir nömrədən zəng gəldi. Cavab verdim, “Bu işi həll etməliyik, bax haaa, çox vacibdir”, – Vaqif əmi idi. Dedim çartlatdın axı məni maraqdan, nə baş verir.

Dedi gəlirəm, yoldayam, Şeratona gəl tezcənə.

Evim (həm də “Home Office”) Çankayada, məşhur Üsküp Caddəsində, Şeraton otelinin yaxınlığında idi. Maşına minmişdim ki, yenə zəng elədi, “Maşınla gəlmə” dedi. 

Marağım artıq əndişəyə çevrildi, dedim ki, nəsə əlləm-qallam bir iş çıxarıb yəqin. 

Otelə gələndə baxdım ki, 7-8 millət vəkili girişdəki lobbidə oturublar.

Ortada isə İlham Əliyev.

Bir neçə millət vəkili nəsə danışır, indiki prezident isə diqqətlə qulaq asırdı.

Mən bir az yaxınlaşıb dayandım.

Uzaqdan məni görən gələcəyin prezidenti əli ilə boş kreslolardan birini göstərdi.

Salam verib oturdum. Gözlərimlə Vaqif əmini tapıb diqqətlə üzünə baxdım. Üz ifadəsindən nəsə bir şey oxumağa çalışırdım.

İlham Əliyevin vacib bir görüşü var idi, qalxıb gedəndə məni də axşam yeməyinə dəvət etdi.

Vaqif Səmədoğlu üzünü turşutdu, yaxınlaşıb “Bu axşam yeməyi heç yerinə düşmədi. Bizim vacib işimiz var” dedi.

Artıq özümü saxlayammadım, “Əşşi nə işdi axı bu, niyə iki gündür intizarda, qorxu içində saxlayırsan məni?” deyə etiraz etdim.

“Dərdiş, kirimiş dur” deyib, məni kənara çəkdi. 

Sağa-sola baxdı, heç kimin eşitmədiyinə əmin olandan sonra əyilib yavaşca qulağıma “Çəkələk tapmalıyıq” dedi…

Bir müddət özümə gələ bilmədim.

Sakitləşib “Çəkələk nədir” deyə soruşdum.

“Tapoçka, dərdiş tapoçka. Xavər xalana çəkələk almaq lazımdır”, – ciddiyyətini pozmadan dedi.

Axşam yeməyinə bir neçə saat qalmışdı. Tez Şeratonun arxasındakı Karum alış-veriş mərkəzinə getdik. Onlarla mağazaya girdik, ancaq anasının istədiyi çəkələyi tapa bilmədik ki, bilmədik.

Axşam yeməyində Vaqif əmi ayağa qalxıb sağlıq dedi, sözlərini də Səməd Vurğunun “Salam, Ata” şeiri ilə bitirdi. Mənim bu şeiri çox sevdiyimi bilirdi. Çəkələk məsələsinə görə könlümü almaq istəmişdi.

Ertəsi gün nümayəndə heyəti Bakıya uçdu. 

Gedəndə “Çəkələk məsələsi çooox vacibdir. Artıq sən həll eləməlisən” dedi Vaqif əmi.

Bir neçə həftə sonra Bakıya gedirdim. Tunalı Hilmidə yeni açılmış “Mark & Spencer” mağazasından 2 cüt çəkələk aldım – birini Xavər xalaya, birini isə anama.

Anam Xavər xalanın çox sevdiyi döşəmə plov dəmlədi. Aybəniz xala, Aygün və Xavər xala ilə atamgildə gözəl bir axşam keçirdik. Çay süfrəsində iki cüt çəkələyi çıxarıb verdim. Anamın üz ifadəsindən bir şey anlamadım. Xavər xala isə dönə-dönə təşəkkür elədi, “Gör bir Vaqif nə əziyyət verib” dedi.

Ertəsi gün anam məni məzəmmət elədi – Çəkələkləri nə o bəyənmişdi, nə də Xavər xala.

Vaqif əmi zəng elədi – “Dərdiş, sənə dedim axı çəkələk çooox vacib məsələdir”…


SALAM, ATA

Salam, ata, salam.

Bilirəm,

arxamdasan.

Məzarından cəmi əlli-altmış

addım bu yanda dayanıb

trolleybus gözləyirəm.

Trolleybusa minib,

sənin yanına

gələnə qədər

yaşamağa gedəcəyəm.

Ömür bu imiş, ata?

Gəldi...

Salam trolleybus,

əlvida ata...


Əziz, doğma, bənzərsiz Vaqif Səmədoğlunun doğum günüdür bu gün...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)