vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
17:41 | 10 noyabr 2022 | Cümə axşamı Məqaləyə 805 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sən nə günə qaldın, Tehran?

Azərbaycana ünvanlanan absurdun səbəbi varmış

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan terrorizmdən ən çox əziyyət çəkmiş ölkələr arasındadır. Ermənistanın terrorçu siyasəti və erməni terrorçularıın ölkəmizdə törətdikləri qanlı aksiyalar, habelə düşmənin hazırlayıb təlim keçdiyi və ölkəmizə yolladığı cəlladların törətdikləri əməllər qan yaddaşımızdadır.

Ölkəmizi terrorizmdə suçlamaq bəlkə əsl mənəvi terrorizmdir bu səbəbdən.

Lakin görünür, İranın rəsmi qurumları, mediası və təhlükəsizlik strukturları merkantil maraqlarını təmin etmək üçün heç bir mənəvi sərhəd tanımırlar.

Hadisələrin xronologiyası rəsmi Tehranın ölkəmizə qarşı yönəlmiş iddialarının absurdluğunu göstərir.

Beləliklə...

İran əxlaq polisi sentyabr ayında 22 yaşlı Məhsa Əminiyə hicab qaydalarına riayət etmədiyinə görə təzyiqlər göstərib və onu qətlə yetirib. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb. Rəsmi Tehran etirazları amansızlıqla yatırıb, eləcə də internetin bağlanması da daxil olmaqla digər məhdudlaşdırıcı tədbirlərə əl atıb. Yerli hüquq müdafiəçiləri ən azı 185 nəfərin öldürüldüyünü bildirirlər.

İranda etiraz aksiyaları başlamazdan az əvvəl cənub sərhədimiz boyunca “İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və İran silahlı qüvvələrinin genişmiqyaslı təlimləri başladı.

Məhsa Əmininin qətlindən sonra etiraz aksiyaları alovlananda təlimlər də intensivləşdi.

Daha sonra İran Ermənistanın Qafan şəhərində baş konsulluğunu açdı.

Səbəb bəsitdir: Azərbaycanın cənub-qərb bölgələrini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizini İran reallaşmış formada görmək istəmir.

Tehran anlayır ki, bu dəhliz Bakını ekslavımız Naxçıvanla bahəm, İranın regional rəqibi Türkiyə ilə birləşdirəcək. Dəhliz istifadəyə veriləndən sonra Türkiyə Cənubi Qafqaz bölgəsinə yeni quru yolu əldə edəcək və bu da təbii ki, Ankaranın geosiyasi mövqelərini möhkəmləndirəcək.

Eyni zamanda Türkiyə Orta Asiya bazarlarına daha qısa və sürətli çıxışa malik olacaq. Belədə Ankara məqsədlərini gerçəkləşdirmək üçün nəqliyyat plasdarmına yiyələnəcək ki, bəhs etdiyimiz vəziyyət Azərbaycanla Türkiyənin ciddi geosiyasi uğuruna çevriləcək.

İranın bölgədəki mövqeləri isə zəifləyəcək, çünki tranzit quru yolu baxımından Bakının Tehrandan asılılığına son qoyulacaq və ümumiyyətlə, İran Cənubi Qafqaz bölgəsində quru nəqliyyat daşımaları sahəsində tranzit inhisarçısı olmaq idefiksi ilə vidalaşmaq məcburiyyətində qalacaq.

Tehrandakı mollakratiya rejimini ifrat qıcıqlandıran, İran mediasının, ekspertlərin, analitiklərin, siyasətçilərinin, yüksəkçinli hərbçilərinin və s.-nin ölkəmizin ünvanına hədyanlar yağdırmasının əsas səbəbi də budur.

Cənubdan səslənən hədyanlar yenilik deyil.

Tehrandakı teokratik-klerikal rejimin əsl “innovasiyası” isə Şirazdakı məşum terror aktı ilə bağlı bəyanatlar oldu.

Xatırladaq ki, oktyabrın 26-da İranın Fars əyalətindəki Şiraz şəhərində, məşhur Şahçıraq məscid kompleksində “Kalaşnikov” avtomatı ilə silahlanmış şəxs qarşısına çıxan hər kəsə atəş açmışdı.

Nəticədə 15 nəfər həlak oldu, 40 nəfər yaralandı.

İranın təhlükəsizlik strukturları terroru törədənlərin və ya törədənin axtarılaraq müəyyənləşdirilmə prosesinin qısa müddətdə başa çatacağını vəd etmişdilər.

Belə də oldu, amma “axtarış və müəyyənləşdirmə” tragikomik nəticələr verdi.

Sən demə, həddən ziyadə ciddi mühafizə olunan məscid kompleksindəki terror aktını planlaşdıran Azərbaycan vətəndaşıdır.

Belə ki, İranın rəsmi xəbər agentliyi olan İRNA Şirazdakı terror aktını törədən əsas şəxslərin şəxsiyyətini təsdiq edən sənədin və şəkillərini dərc edib.

Məlumatda Şirazda törədilən terror aktının əsas səbəbkarı İŞİD üzvü olduğu iddia edilən “Əbu Aişə” ləqəbli Sübhan Komroninin şəxsiyyətini təsdiq edən sənəd dərc olunub.

Sənəddə S.Komroninin Tacikistan vətəndaşı olduğu göstərilir.

Eyni zamanda, Əbu Ayişənin yanında Azərbaycan vətəndaşı olduğu iddia edilən əməliyyatın baş koordinatorunun şəkli də dərc edilib.

Əslində, bu gülünc ssenari Azərbaycanda ifşa olunmuş İran kəşfiyyatının özünü təmizə çıxarmaq cəhdi, yaxud Azərbaycana təzyiq mexanizmindən başqa bir şey deyil.

Molla rejimi bu qədər mənasız və heç bir effekt doğurmayan saxta məlumatlar paylaşmağa pul xərcləməkdənsə, öz xalqının rifahı üçün vəsait xərcləsin.

Azərbaycanı hədəfə almaq mollaları xalqının qəzəbindən qurtarmır.

Tehran rejiminin, onun media qurumlarının Azərbaycanın Vətən müharibəsində şanlı Zəfərini həzm edə bilmədiyi göz önündədir.

Fəqət bu, olayın mənəvi tərəfidir.

Gələk texniki prosedurlara və faktlara.

SEPAH-ın İranın İnformasiya və Milli Təhlükəsizlik Nazirliyi ilə birlikdə hazırladıqları məzkur bəyanatda absurd məqamlar çoxdur.

Bəyanatda vurğulanır: “Şirazdakı Şahçıraq məscidində törədilən son terror aktının hazırlanmasının, aksiyanın istiqamətləndirilməsinin və əlaqələndirilməsinin əsas elementi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportundan uçan və İmam Xomeyni hava limanının hava sərhədindən ölkəyə daxil olan Bakı vətəndaşı olub.

O, İŞİD terror təşkilatının Əfqanıstandakı bölməsi ilə əlaqə saxlayıb, terror aktına hazırlıqlar görüb”.

Məntiqlə, İranda ən ciddi şəkildə mühafizə olunan dini obyektlərdən birində qanlı terror aktının törədilməsi üçün uzun müddət hazırlıq görülməli, bunun üçün həmin məkandakı və ya yaxınlıqdakı şəhərlərdən birinin sakinləri ilə əlaqələr qurulmalı və s. əməliyyatlar aparılmaydı.

Teraktın planlaşdırılmasını, hazırlıq mərhələsini və reallaşdırılmasına nəzarəti yalnız təcrübəli terrorçu həyata keçirə bilərdi.

Fotolarda isə iki yeniyetmədir. Üstəlik, “koordinator və rəhbər” kimi təqdim edilən şəxs adi yeniyetmədir.

Həmin yeniyetmə şər əməllərin vunderkindi olsa belə, Şahçıraqdakı terroru gerçəkləşdirə bilməzdi.

Bundan başqa, rəsmi Tehranın bəyanatında vurğulanır ki, yeniyetmə “koordinator” Bakıdan Tehrana yollanıb, sonra da İŞİD-in Əfqanıstandakı bölməsi ilə əlaqə saxlayıb, göstərişlər verib, “işə başlayıb”.

Terakt anlarının müşahidə videokameraları vasitəsilə çəkilmiş kadrları yayılandan sonra bəlli oldu ki, terrorçu təcrübəsiz şəxsmiş – kadrlardan birində o, əlindəki Çin istehsalı olan “Kalaşnikov”un güllə darağını çətinliklə dəyişir.

Həmin şəxsin yaxalanma anı güllələnməsi kadrını da diqqətlə izləyənlər terrorçu diri ələ keçirməyin mümkünlüyünü sezdilər.

Lakin terrorçu güllələnəndi.

Niyə? Bəlkə ona görə ki, kimlərinsə hansısa məqsədlər üçün hazırlayaraq gerçəkləşdirdikləri, dinc və günahsız insanların qətlə yetirildiyi terror aktını bilavasitə törədən şəxs sağ qalarsa, sifarişçilərin və təlimatçıların kim olduğunu etiraf edər, bu məlumat da mediaya və sosial şəbəkələrə sızar?

Kriminal aləmlə bağlı nəsr əsərlərində və kinofilmlərdə şahidləri qətlə yetirəndə “o, həddən ziyadə çox bilir” ifadəsi işlənir.

Mümkündürmü ki, Şahçıraqda da “çox bilən adam”ın sağ qalmasını müəyyən qüvvələr, yaxud qüvvə istəməyib və hadisələrin belə ehtimal variantı əsla arzuolunmaz sayılıb?

İranın təhlükəsizlik qüvvələri “koordinator Azərbaycan vətəndaşı olub” deyirlərsə, həmin “şəxs”in fotosunu yayırlarsa, nə üçün bu yeniyetmənin ad və soyadını açıqlamırlar? Axı dediklərinə və bəyanatlarına görə, danılmaz faktlara, əşyayi-dəlillərə və sübutlara malikdirlər. Hətta şəxsiyyət vəsiqəsi də var.

Belədirsə, məşum terror aktını planlaşdıran, İŞİD-lə bağlı olan şəxsin adını açıqlamaq niyə müşkül iş olsun ki...

Amma rəsmi Tehran susur.

Çünki iddialarının absurdluğunun fərqindədir.

Anlayır ki, bəhs etdiyimiz bəyanat əslində İrandakı genişmiqyaslı, İslam inqilabından sonra misli görünməmiş vüsət almaq etiraz aksiyalarını yatırmaq, küçələrə çıxan insanlara qarşı qeyri-adekvat dərəcədə sərt zor tətbiq etmək üçün triqqer, səbəbdir.

İran parlamentində qəbul edildiyi, həbs olunmuş 15 min aksiya iştirakçısının edam ediləcəyini nəzərdə tutan qərar iddiası təki.

Bir qədər emosional səslənsə də, sual yaranır: sən nə günə qaldın, Tehran?

Gerçəkdənmi əvvəlki illərdən fərqli olaraq, ustacasına hazırlanmış yalan, peşəkar böhtan və hiyləgər iftira tirajlamaq bacarıqlarını itiribsən?

Əks təqdirdə “teraktın Azərbaycan vətəndaşı olan koordinatoru” kimi absurdun yayılmasını necə izah edək?

Rəsmi Bakının mövqeyi bəlli və konkretdir: terrorizmin istənilən formasını qətiyyətlə pisləyir, lənətləyirik.