vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
15:46 | 14 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 659 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bataqlıq böyüyür ...

İran Azərbaycanın hərbi sirrini ermənilərə bu yolla ötürüb

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Əvvəllər Azərbaycan üçün başağrısı Ermənistan idisə, belə görünür ki, indi həmin tərəfin adı İrandır.

Elə bunu erməni türkoloq Karen Hovhannisyan da öz “Facebook” səhifəsində qeyd edib: “10 il əvvəl biz Azərbaycan, kürdlər Türkiyə üçün başağrısı idik, indi İran faktoru ön plana çıxıb. Bu gün İran Azərbaycan və Türkiyə üçün böyük başağrısına çevrilib”.

Proseslər göstərir ki, elədir ki, var! 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı aqressiv davranışları, görməyə alışmadığımız addımları (Araz vadisi boyu Azərbaycanla sərhəddə iri miqyaslı təlimlər) ilə diqqət çəkən molla rejiminin kini-küdurəti sən demə daha dərinə gedib çıxır.

Müharibə zamanı İrandan Qarabağa daşınan humanitar yük, yanacaq adı altında silah-sursatdan, Qafanda tezbazar erməni qardaşları ilə açılışını etdikləri konsulluq binasından tutmuş, ölkədə baş verən etiraz aksiyaları fonunda törədilən terakta görə Azərbaycanı terrorçuluqda ittiham etməkdən ta Gəncə, Naxçıvan kimi tarixi, əzəli torpaqlarımızı qədim İran ərazisi kimi təqdim etmələrinə kimi bütün bu addımları burnumuzun ucundakı bu fars-molla rejiminin Azərbaycan üçün nə qədər böyük təhlükə mənbəyi olduğundan xəbər verir.

Amma təəssüf ki, İran rejiminin Azərbaycan üçün təhlükəli ssenarisi bununla yekunlaşana bənzəmir. Belə deməyə artıq bir həftə içində ikinci dəfə İran xüsusi xidmət orqanlarının Azərbaycanda yaratdığı casus şəbəkəsinin ifşa edilməsi faktı əsas verir.

İran casus şəbəkəsinin ifşası ilə bağlı DTX-nin son məlumatı molla rejiminin Azərbaycana qarşı uzun illərdir hazırladığı təhlükəli planı növbəti dəfə qənşərə çıxardı. İrana casusluq etdiyinə görə həbs edilmiş Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlunun etdiyi açıqlamalar Azərbaycan üçün ermənidən də çox təhlükəli görünən molla rejiminin iç üzünü növbəti dəfə ortaya qoydu.

Məlum olub ki, İrana casusluq etdiyinə görə həbs edilmiş Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.

O bildirib ki, dənizdə olan bütün gəmilərə gələn hərbi əməliyyatlar barədə məlumatları İran xüsusi xidmət orqanlarına çatdırıb: “Vətən müharibəsi dövründə İran tərəfinin nümayəndələri bizim Türkiyədən aldığımız PUA-lar, hərbi obyektlərin yerini soruşurdular. O zaman mənə məlum oldu ki, İran bunu Ermənistana ötürmək üçün istəyir”.

Göründüyü kimi İrana təhsilə və ya müalicəyə gedən Azərbaycan vətəndaşlarının bəzilərinin müxtəlif yollarla İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunduğu faktları bir-birini əvəz edir. Çox güman ki, bu fakt birinci olmadığı kimi heç sonuncu da deyil.

Bəzi soydaşlarımızın buna təzyiq, şantaj yolu ilə məcbur edildiyi də istisna edilmir. O da istisna edilmir ki, ehtimallara əsasən İrana gedən soydaşlarımızın bir çoxu sənədləri oğurlanaraq, yaxud başqa problem yaradılaraq, sonra həmin problemin həlli qarşılığında müxtəlif yollarla əməkdaşlığa cəlb edildiklərini deyə bilərik. Bu rejimdən hər pisliyi, hər cür murdar addımı gözləməyə dəyər. Lakin Tehranın bu oyununa gedən həmən insanlar anlamalıdırlar ki, gec-tez ifşa olunacaqlar. Nə qədər ki gec deyil, özləri könüllü şəkildə Azərbaycanın müvafiq orqanlarına gedərək olub-keçənləri etiraf etməlidirlər. Ziyanın yarısından dönmək daha faydalıdır. Ən azından həm özünü müəyyən qədər məsuliyyətdən azad etmiş olacaq, həm də xalqına-dövlətinə qarşı hazırlanan çirkab oyunların, teraktların iştirakçısı olmaqdan yaxa qurtaracaq.

Odur ki, soydaşlarımız bundan sonra daha ayıq-sayıq olmalı və İran xüsusi xidmət orqanlarının tələlərinə düşməmək üçün bir addım atmamışdan öncə xalqını, onu gözləyən bəlaları, dövlətini və dövlətçiliyini mütləq göz önünə gətirsin.

Bu gün xüsusilə də molla rejimi dini zəmində iğtişaşlar yaratmaqla Azərbaycan daxilində xaos, vətəndaş müharibəsi kimi xoşagəlməz hadisələrə yol açmaq niyyəti artıq kimsəyə sirr deyil.

Əslində mola rejiminin hansı yuvanın quşu olduğunu bilmək üçün bu istintaq nəticələrindən, ortaya çıxan faktlardan öncə 30 illik işğal zamanı 67 məsciddən 65-ni dağıtmaqla, orada donuz saxlamaqla bütün müsəlman dünyası təhqir edən Ermənistana qucaq açdığını xatırlamaq kifayət edər. Onsuz da “İslam” adı altında pərdələnib, min hoqqadan çıxan molla-fars rejimi bu addımı ilə ermənidən çox erməni olmaq istədiyini, Azərbaycana qarşı nifrətini açıq ifraz etmiş olur.

Azərbaycan tərəfindən axtarışda olan cinayətkarların bu gün də İranda məskunlaşmalarına şərait yaradılması, gizlədilməsi ilə bağlı kifayət qədər faktların mövcud olması deyilənləri bir daha təsdiqləyir. İran molla rejimi anlamalıdır ki, Azərbaycana qarşı bu cür fəaliyyətlərin davam etdirilməsi qəbuledilməz olduğu kimi Bakı tərəfindən həzm də edilməyəcək. Revanş isə rejimin çöküşünü daha da tezləşdirə bilər.