vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 fevral 2023
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MUSİQİ  
11:05 | 30 noyabr 2022 | Çərşənbə Məqaləyə 687 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rast”ın ideyası

Sənədli televiziya film-konserti təqdim olundu

Lalə AZƏRİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Televiziyası tərəfindən “Rast” filmi çəkilib. Film dünya şöhrətli dirijor, bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin (1912-1984) 110 illiyinə həsr olunub.

Noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində filmin təqdimatı keçirildi. Azərbaycan Milli Konservatoriyasının (AMX) prorektoru professor Lalə Hüseynova çıxışında bildirdi ki, hələ 1967-ci ildə lentə alınan “Şur” televiziya filmi (rejissor Arif Qazıyev) muğam və xalq mahnılarımızın rəngarəngliyini ortaya qoymuşdu. “Rast” filmi də bu ideya əsasında çəkilib: “110 illiyi ilə bağlı böyük maestronu yad etmək bizim borcumuzdur. Niyazi nəinki böyük dirijor, həm də təbliğatçı və maarifçi idi. Biz bu ənənələri qoruyaraq muğam sənətimizi musiqimizi gələcək nəsillərə çatdırmağa xidmət edən layihələri alqışlayırıq”.

Millət vəkili, akademik Ziyad Səmədzadə, Xalq artisti Sərdar Fərəcov və Bakı Musiqi Akademiyasında elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə çıxışlarında “Rast” filminin muğamlarımızın geniş kütlə arasında tanınmasına vəsilə olacağını vurğuladılar.

Qeyd edildi ki, Azərbaycan muğamı özünün qızıl dövrünü yaşayır. “Rast” muğamının musiqi sənətimizdəki yeri haqqında bəhs edən natiqlər filmin ərsəyə gəlməsində zəhməti olanlara təbriklərini çatdırdılar.

Çıxışlardan sonra film nümayiş olundu. Niyazinin “Rast” simfonik muğamı səslənən filmdə Xalq artistləri Ramiz Quliyev (tar), Şəfiqə Eyvazova (kamança), Alim Qasımov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və Əməkdar incəsənət xadimi Aqil Məlikovun (xanəndələr) ifaları lentə alınıb. Xanəndələri Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik orkestri və Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edir.

Filmin ideya müəllifi görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev, quruluşçu rejissoru Elnur Məmmədov, rejissoru Natiq Novruzov, musiqi redaktoru Əməkdar incəsənət xadimi Çingiz Abbasovdur.