vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 31 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ANALİZ  
Qlobalist şeytanlar... 10:51 | 21 fevral 2025 | Cümə Məqaləyə 291 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qlobalist şeytanlar...

ABŞ imperializmi adlı medalyonun üzü Bayden, astarı isə Trampdır

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Buldozer”, “tornado” və ya “torqaş” ləqəbləri ilə son günlər gündəmin əsas personasına çevrilən Donald Tramp Vladimir Putini bataqlıqdan çəkib çıxartması, onu dirçəltməsi və ona yenidən beynəlxalq legitimlik qazandırması ilə bir daha göstərdi ki, əslində, Birləşmiş Ştatların hər iki üzü (Demokratlar da, Respublikaçılar da) dünya üçün, bəşəriyyət üçün eyni dərəcədə təhlükəli bəladır.

Klinton, Obama, Bayden kimi demokrat qırğıların, qlobalist şeytanların əsarətindən qurtulan amerikalılar və bəşəriyyət Tramp kimi kapitalistin, alverçinin, böyük pul hərisinin Ağ Evə qayıdışı ilə yağışdan çıxıb yağmura düşdü.

Demokratlar qlobal siyasəti tam olaraq mənəviyyatsızlaşdırmışdılar. Onlar üçün hər hansı mənəvi prinsiplər, dəngələr, dəyərlər, “qırmızı xətt”lər yoxdur. “Demokratiya”, “söz azadlığı”, “insan hüquqları” adı altında dünya ağalığına can atan demokratların hər addımı ikili standartlara əsaslanırdı. Onlar hətta transgenderləri, LGBT-ni, satanizmi də dünya üçün yeni dəyərə çevirməyə çalışırdılar. Tramp hakimiyyətə gəldi və dərhal bütün bu şeytani cəhdlərin qarşısını alan addımlar atmağa başladı.

Lakin Ukraynaya münasibətdə tutduğu ədalətsiz mövqeyi ilə Tramp son həftələrdə qazandığı bütün rəğbəti, reytinqi ayaqlar altına atdı. Onun Putini deyil də, Zelenskini günahkar çıxarmağa çalışması, Ukraynanın təbii sərvətlərinə sahib çıxmaq istəməsi Amerikanın çoxdan keçmişdə qalmış sömürgəçi, kolonialist, imperialist cəhətlərini yenidən gündəmə gətirdi.

Üstəlik də Zelenskini “seçkisi olmayan diktator” adlandıran Trampın Rusiya ilə danışıqlar üçün məkan kimi məhz seçkilərin nə demək olduğunu bilməyən Səudiyyə Ərəbistanı kimi qeyri-demokratik bir ölkəni seçməsi Trampın nə qədər riyakar lider olduğunu göstərdi. Hər kəs gördü ki, Trampın ikili siyasəti Baydenin ikili standartlarından əslində heç nəyi ilə fərqlənmir.

Rusiya və ABŞ nümayəndə heyətləri arasında fevralın 18-də Ər-Riyadda (Səudiyyənin paytaxtında) aparılan danışıqların çox yaxşı keçdiyini və bunun irəliyə doğru böyük bir addım olduğunu deyən Tramp, iki gün sonra (fevralın 20-də) Mayamidə Səudiyyə Ərəbistanının təşkil etdiyi investisiya forumunda çıxışı zamanı  krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuda “çox yaxşı keçən bu tarixi danışıqlara ev sahibliyi etdiyinə görə” minnətdarlığını bildirir.

Məgər bu, təsadüfdürmü?

Yox, əsla!

Tramp Səudiyyənin neft dollarlarını növbəti dəfə ABŞ-ın iqtisadi inkişafına yönəldir.

Necə deyərlər, əl əli yuyar, əl də üzü...

Beləliklə, Tramp qlobalistlərin, avroatlantiklərin, solçu-liberal demokratların son 35 ildə dünyada formalaşdırdığı “demokratik” diktaturanı kapitalist diktatura ilə əvəzləməyə başlayır. O, özünün ifrat praqmatizmi və biznes yanaşmaları (biznesmen təfəkkürü) ilə qlobalistlərin “demokratiya”, “insan hüquqları”, “söz azadlığı” kimi universal şüarlarına əsaslanan əvvəlki yırtıcı dünya düzənini sökür və   yerinə başqa bir daha yırtıcı düzəni (18-19-cu əsrlərin vəhşi kapitalizm anlayışını) gətirir.

Onun Putinlə sövdələşmələri və Ukraynaya (Zelenskiyə) qarşı tələbləri də sırf biznes maraqlarına, mənfəət anlayışına əsaslanır. Beləliklə, dolların hökmranlığı yenidən önə keçir.

Tramp müharibəyə də biznes mənbəyi kimi baxır. O cümlədən sülhə də ABŞ-ın qazancları tərəfindən yanaşır. Ona görə də Trampın Zelenskiyə qəbul etdirməyə çalışdığı şərtlər gerçək SÜLH şərtləri yox, soyğunçu, sömürgəçi TƏLİM OLMA mükəlləfiyətləridir.

Bir sözlə, Trampın ana hədəfi puldur, kapitaldır. Ona görə də komanda üzvlərinin və çevrəsindəki şəxslərin də bir çoxu məhz böyük biznes adamları, transmilli şirkətlərin rəhbərləridir.

Bu kontekstdə Trampın inaqurasiya mərasimində böyük biznes adamlarının yan-yana dayanması da əsla təsadüfi hadisə deyildi. Eləcə də İlon Maskın Ağ Ev administrasiyasında idarəetmənin səmərələşdirilməsi kimi çox önəmli, strateji bir sahəyə rəhbər təyin edilməsi də ABŞ-ın yeni qlobal siyasətində kapitalın, kapitalistlərin ön plana keçməsinin göstəricisidir.

Beləliklə, Trampın Putinlə yaxınlaşmasının pərdəarxası motivləri də ilk növbədə məhz Ağ Evin təməl siyasətində kapitalın, kapitalistlərin önə keçməsindən qaynaqlanır. Yəni ki, əsas hədəf kapitaldır, mənfəətdir. Kapital isə heç bir mənəvi dəyərləri qəbul etmir.

Mənfəət olan yerdə mənəvi dəyərlər arxa plana keçir. Ona görə də Tramp dünənə qədər Baydenin "diktator", "qatil" adlandırdığı Putinlə bu gün çox rahatlıqla, heç bir vicdan əzabı çəkmədən ünsiyyət qurur, dil tapa bilir, sövdələşir.

Çünki Trampın Putinlə bir araya gəlməsini əngəlləyə biləcək “demokratiya”, “insan haqları”, “söz azadlığı” kimi mənəvi sərhədləri, “qırmızı xətt”ləri yoxdur.

Bu arada Trampın komanda üzvləri də onunla oxşar düşüncələrə malikdirlər. Ona görə də bəzi ekspertlər tamamilə haqlı olaraq Trampın yeni komandasına “menecerlər hökuməti”, onun gətirdiyi ideoloji dəyərlərə isə “işbazların inqilabı” kimi yarlıqlar yapışdırırlar.

Əsl həqiqətdə isə, Trampın yaratdığı yeni (köhnə) dünya reallıqlarına İNQİLAB demək mümkündürmü?

Yox, bu, bizim bildiyimiz klassik anlamda inqilablardan deyil. Çünki Trampizm ideologiya deyil. Klassik inqilablardan fərqli olaraq trampizmin elmi-nəzəri əsasları da yoxdur. Bu, sadəcə insanın qədim dövrlərdən gələn pul və hakimiyyət hərisliyinə əsaslanan ənənəvi davranış sistemidir.

Demokratlar dünyanı ideoloji “dəyər”lər sistemi ilə idarə etməyə çalışırdılarsa, Tramp isə dünyanı kapitalın gücü ilə idarə etməyi planlaşdırır. Bu mənada, bəli, Trampın qələbəsi iri kapitalistlərin qələbəsi, böyük kapitalın inqilabıdır. Və qarşıdakı dörd il kapitalın dünya ağalığı dövrü kimi tarixə düşəcək. Trampın işbazlar komandası bu ağalığı qurmaq üçün tələsir.

Bu baxımdan Zelenski hazırda olduqca qorxunc bir reallıqla üzləşib. Qırğılar (demokratlar) gedib, onların yerinə onlardan da betər quzğunlar (respublikaçılar) gəlib. Qırğılar öz geosiyasi maraqlarından çıxış edib Zelenskiyə pul və silah verirdilər. Quzğunlar da öz geoiqtisadi hədəflərindən çıxış edib Zelenski “offsayd”a atır, Ukraynanı Rusiyaya peşkəş verməyə hazırlaşırlar.

Tramp Ukraynanın kapitulyasiyası hesabına müharibəni bitirib, Rusiyanı sanksiyalardan azad etmək istəyini heç də gizlətmir. Bu da Baydenin Azərbaycana qarşı ədalətsizliyini Ukraynada Trampın ədalətsizliyinin əvəzləməsi deməkdir. Başqa sözlə desək, dünənə qədər Azərbaycan Bayden administrasiyasının ədalətsiz və riyakar siyasətindən əziyyət çəkirdisə, bu gün isə Ukrayna Trampın ədalətsiz siyasətinin güdazına gedir.

Bir sözlə, Bayden medalyonun üzü, Tramp isə astarıdır. Medalyon isə ABŞ imperializmidir.

İndi Ukrayna birdən-birə iki yırtıcı imperialist güclə qarşı-qarşıya gəlib. Məsələ “olum, ya ölüm” məsələsidir.

Və bu halda Zelenskinin yalnız iki yolu qalır. O ya siyasi intihara getməli, yada ki, dünyanın bütün mütərəqqi qüvvələrinin koalisiyasını yaradıb həm Putinə, həm də Trampa qarşı yeni cəbhə yaratmalıdır.

Əks təqdirdə, iki qeyri-adekvatın ittifaqı dünya üçün qlobal fəlakətlə nəticələnə bilər. Tramp Putin üçün əsl tapıntıdır, göydəndüşmə bir şansdır.

Gördüyümüz kimi qlobal siyasət səhnəsini tərk edən Bayden və onun demokrat-qlobalist yırtıcılar sürüsünün ardınca, bu dəfə də Tramp bütün dünyaya ağalıq etmək, ABŞ-ın dünya hegemonluğunu davam etdirmək istəyir. Hərçənd ki, o, seçki kampaniyasının gedişində dəfələrlə “Öncə Amerika!” şüarı ilə çıxış etmişdi.

Lakin səlahiyyətlərinin icrasına başlayan kimi isə, Tramp Kanada, Qrenlandiya, Panamaya iddialarını ortaya qoydu, Meksika və Kolumbiyaya barmaq silkələdi, Yaxın Şərqdəki proseslərə fəal surətdə müdaxilə etməyə başladı, Qəzza ilə bağlı qeyri-insani plan irəli sürdü, Çin və Avropa ilə ticarət tariflərini artırdı və nəhayət dünyadan təcrid olunmuş işğalçı Rusiyaya yenidən dirçəlmək və Ukraynanı qamarlamaq üçün şans verdi.

Bütün bunlar prezidentliyinin ilk 30 günü ərzində dünyanın gündəminə bu qədər fəal surətdə nüfuz edən Trampın seçki kampaniyasındakı “Öncə Amerika!” şüarının, əslində, böyük bir yalandan başqa bir şey olmadığını isbatlayır.

P.S. Yeri gəlmişkən, erməni lobbisi də məhz Trampın pulgirliyindən istifadə edib onu Azərbaycana qarşı sərt mövqe tutmağa kökləməyə çalışırlar. Azərbaycan da eyni "kart"dan istifadə edə və dünya erməniçiliyini neytrallaşdıra bilər.

P.P.S. Bir məqam da önəmlidir ki, bu gedişlə Tramp tezliklə impiçmentlə hakimiyyətdən uzaqlaşdırıla bilər. Və ya Kennedinin aqibəti ilə üzləşə bilər.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)