vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 iyul 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
12:50 | 26 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 299 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xocalılı körpəyə göndərdiyim oyuncaq

Bəs bizim itirilmiş uşaqlığımızı kim qaytaracaq?

Günay YELMARQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

26 fevral səhəri Ağdamda qəribə bir hüzn var idi. Hər kəsin üzündə bir kədər, hər kəsin gözündə yaş... Hamı Xocalıya ağlayırdı... Əslində şəhər o gecəni yatmamışdı, səhəri dirigözlü açmışdı. Xocalıların pənah yeri idi Ağdam, ümid yeri idi...

O gecə də son ümidlərini Ağdama bağlamışdılar. Canını qurtara bilən Ağdama sığnmışdı, Xocalıdan olan yaralıların yarasını Ağdam sarıdı. Meyitlərin son ünvanı da Ağdam Məscidi oldu. Bu gün Ağdam torpağında nə qədər Xocalı sakini yatır görəsən?! Bilmirəm... Bircə onu bilirəm ki, qırğından sonra günlərlə Ağdama gətirilən xocalıların dəfn edildiyini eşidirdim böyüklərdən. Yaralılara üzülürdülər, şəhərimizə gələn xocalılara nə kömək edə biləcəklərini danışırdılar. Ağdam yas içindəydi... Ağdam başdan-başa Xocalıydı...

...Ağdam Xocalıdan qaça bilən insanlarla doluydu. Ermənilərin qəfil hücumundan xəbərsiz olan bu günahsız insanlar ayaqyalın, başıaçıq canlarını götürüb qaçmışdılar. Çoxu yaralı idi. Yaralıların ah-naləsi, ana-bacıların fəryadı ərşə qalxmışdı. Amma hamının gözü Xocalıya zillənmişdi, hamı Xocalıda qalanları düşünürdü. Yaxınlarını, doğmalarını axtarır, göz yaşı tökürdülər. Necə insanlıq dramının, insanlıq faciəsinin baş verdiyini dərk etmək üçün bu mənzərəni görmək kifayət idi... Mən bu mənzərəni görməmişdim. Böyüklərdən eşitmişdim...

Cəmi 11 yaşım vardı, Xocalı faciəsinin ağrısını, böyüklüyünü dərk etmirdim hələ. Və məni yalnız bir sual narahat edirdi: Görəsən məktəbdə xocalılar üçün hazırladığımız yardımın içində (Xocalı aylarla mühasirədə qaldığı üçün məktəbdə ərzaq, isti corab, geyimlər toplayıb göndərirdik onlara. Bəlkə bir köməyimiz dəyər deyə. Mən göndərdiyim payın içərisinə öz oyuncaqlarımdan birini qoymuşdum) göndərdiyim oyuncaq hansı uşağa çatıb? Görəsən o uşaq indi hardadır, görəsən o da Ağdama gəlibmi? Bunu sadəcə ürəyimdə düşünürdüm. Amma heç kimə demədim, içimdə qaldı...

O uşağın kim olduğun heç vaxt bilmədim. O uşağın taleyinin necə olduğunu da heç vaxt bilməyəcəm. Bəlkə də o həmyaşıdım Xocalıda vəhşicəsinə qətlə yetirilən 63 uşaqdan biri oldu. Bəlkə oyuncağını da götürüb qaçanda namərd düşmənin gülləsinə tuş gəldi, ya da yolda qarda, buzda dondu həyatı - oyuncağı ilə bir yerdə. Ya da bəlkə şans əsəri qurtula bildi...

...Mən də şans əsəri qurtulmuşdum düşmən gülləsindən. Xocalı faciəsindən təxminən il yarım sonra. Ağdamda “qrad” güllələrinin yağışı altında gözlərim qorxudan o qədər böyümüşdü ki... Nə baş verdiyini anlamırdım belə... Bizə niyə hücum edirlər ki, evimizə niyə “qrad” atırdılar sualları ilə ölümdən qaçanda, ağlıma da gəlməzdi ki, bu, mənim Ağdamdan son çıxışımdır. Bir oyuncağımı belə götürməmişdim... Bu, mənim evimdən, doğulduğum torpaqdan və uşaqlığımdan son qaçışım idi...

Sonra Bakı... Yataqxana həyatı... Bir dəfə ABŞ-dan hansısa bir təşkilatdan yardım gətirmişdilər. Amerikalı uşaqlardan. O vaxt nə yazıldığını anlamadığım şəkilli kitablar, bloknotlar, geyimlər və bir də balaca bir oyuncaq var idi mənim payıma düşən yardımın içərisində...

...Müharibələrə nifrət edirəm... Onlar bizim uşaqlığımızın qatilidir... Xocalıda 63 uşaq böyümədən öldü, o faciədən sağ qurtula bilən uşaqlarınsa uşaqlıqları elə Xocalıda qaldı. Biz uşaqlığımızı yaşamadan böyüdük... Bu dünyada hər şeyi bərpa etmək mümkündür. Torpaqlarımız geri alınacaq, buna inanram. Daha gözəl evlər tikiləcək o torpaqlarda, əvvəlkindən daha gözəl həyat olacaq. Bəs bizim itirilmiş uşaqlığımızı kim qaytaracaq? Dünya birliyindən soruşuram bunu - kimin müharibə uşaqlarının itirilmiş uşaqlığını qaytarmaq gücü var?..

...Mən Xocalıya Ədalət istəyirəm, Ağdama Ədalət istəyirəm, bütün itirilmiş torpaqlarımıza Ədalət istəyirəm. Hanı sənin ədalətin Dünya?..


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *