vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9326 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1384 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3191 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
OLAY  
20:24 | 12 aprel 2017 | Çərşənbə Məqaləyə 1326 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sovetski»də məscid etirazı

İcra başçısı dindarların bir neçəsini özüylə zirzəmiyə apardı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Sovetski» məhəlləsindəki «Hacı Cavad» məscidinin söküntüsü müvəqqəti dayandırılıb. Bunu jurnalistlərə açıqlamasında Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib. O, qeyd edib ki, bir qədər əvvəl icma üzvləri ilə görüşdə onlara ölkə rəhbərliyinə müraciət etməyi məsləhət görüb.

İ. Mehdiyevin sözlərinə görə, yeni məscidin tikintisi üçün yer ayrılandan sonra sökntü işləri aparılacaq:

«Məscidin sökülməsi müvəqqəti olaraq dayandırılıb. Yeni məscidin tikilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti yer ayırmalıdır. Bunun üçün icma üzvləri Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlara İş üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər. Bu məscid tarixi abidə kimi siyahıda yoxdur. Məscid kimi də icması qeydiyyata alınmayıb, ancaq insanlar burada ibarət edirlər», - deyə icra başçısı bildirib.

Bakı şəhərinin Baş Planına uyğun olaraq ərazidə abadlıq-quruculuq işləri aparıldığını deyən İ.Mehdiyev bildirib ki, bu bina da plana düşübsə, sökülməlidir.

«Rəhbərlik də tapşırdı ki, binanın söküntüsünü hələlik dayandıraq, yeni məscidin tikilməsi üçün yer müəyyənləşdirilsin, sonra söküntü aparılsın. Belə binalar Rayon İcra Hakimiyyətinin tabeliyində deyil. Bir məscid kimi mövcud olmadığı üçün Dövlət Komitəsinə, tarixi bina olmadığı üçün də Mədəniyyət və Turizm Nazirliyinə hər hansı aidiyyatı yoxdur. Məsləhət gördüm ki, dövlət məscidin tikintisinin dayandırılmasını tapşırıbsa, icma üzvləri də aidiyyəti qurumlara müraciət etsinlər. Onlar da bununla razılaşdılar».


***


15:16

Bu dəqiqələrdə Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev «Sovetski»də «Hacı Cavad» məscidinin söküləcəyi haqda xəbərləri eşidib etiraza toplaşan dindarlardan beş nəfərini danışıqlar aparmaq üçün özüylə aparıb.

Virtualaz.org hadisə yerindən xəbər verir ki, icra başçısı həmin nümayəndələrlə danışıqları yaxınlıqdakı yeni tikilməkdə olan çoxmərtəbəli binanın zirzəmi hissəsində, bağlı qapı arxasında aparır. İbrahim Mehdiyev bundan əvvəl jurnalistləri xəbərdar edib ki, baş verənlərlə bağlı rəsmi açıqlama verməyəcək.


***


14:48

Bakının «Sovetski» məhəlləsi yaxınlığındakı «Hacı Cavad» məscidinin sökülməsi xəbərlərini eşidərək ora toplaşmış dindarların radikal qismi aksiyanı davam etdirir.

Virtualaz.org-un əməkdaşı hadisə yerindən xəbər verir ki, əraziyə yenidən polis qüvvələri cəlb edilir. Lakin polis hələ dindarlara müdaxilə etmir. Yasamal rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev də hazırda hadisə yerindədir. O, toplaşanlara deyib ki məscid sökülməyəcək. Polis rəisinin bildirdiyinə görə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı birazdan gəlib məscidin sökülməyəcəyi haqda sakinləri məlumatlandıracaq.

Yaxınlıqda yaşayan, dindarların «Qurban əmi» deyə tanıtdıqları ağsaqqal aksiyaçıların qarşısında bildirib ki, o, rəsmi orqanlarla danışıb və məscidin hələlik sökülməyəcəyini dəqiqləşdirib. Buna görə də dağılışmaq lazımdır. Ağsaqqalın bildirdiyinə görə, rəsmilər ona deyiblər ki, «Sovetski» məhəlləsinin yenidən qurulması layihəsi çərçivəsində orada yeni məscid də inşa ediləcək və «Hacı Cavad» məscidi ancaq bundan sonra söküləcək. Lakin dindarların radikal qismi onun dağılışmaq çağırışına əməl etmək niyyətində deyillər.


***


14:24

Bakının sökülməkdə olan "Sovetski" məhəlləsinin yaxınlığında yerləşən «Hacı Cavad» məscidinin ərazidəki yenidənqurma işləri ilə bağlı söküləcəyi barədə xəbərləri eşidib məscidin qarşısına toplaşan dindarlardan bir qismi dağılışıb.

Virtualaz.org-un əməkdaşı hadisə yerindən xəbər verir ki, etirazçıların bir qismi dağılışsa da qalanları daha aqressi görünürlər, bildirirlər ki, axşama qədər gözləyəcəklər, hətta gecəni də burada qalmağa hazırdırlar, "Məscidin sökülməsinə imkan verməmək üçün lazım olsa günlərlə buradan çəkilən deyilik"-dindarlar deyir.

Ərazidə polis gözə dəymir və dindarlara müdaxilə edilmir. Bununla belə məscidin qarşısına toplaşanlardan 3-4 nəfərinin daha əvvəl saxlanıldığı məlum olub.


***


14:02

Son məlumatlara görə polis «Sovetski» məhəlləsi yaxınlığında yerləşən, sökülməsi gözlənilən «Hacı Cavad» məscidinin ətrafından çəkilib.

Hazırda ərazidə heç bir polis gözə dəymir. Məscidin qarşısında 200-dən çox dindar gözləməkdədir. Onlar təkcə həmin ərazidə yaşayanlar deyil, Bakının müxtəlif yerlərindən-Günəşlidən, Binədən, Hövsandan gələnləri də var. Toplaşanlar deyirlər ki, «Hacı Cavad» məscidinə ibadət üçün gəlirdilər və indi binanın sökülməsi xəbərlərindən narahat olublar. İstəmirlər ki, tarixi abidə kimi qorunan bu məscid sökülsün.


***


13:49

«Sovetski» məhəlləsinin yaxınlığında yerləşən, söküləcəyi gözlənilən «Hacı Cavad» məscidinin qarşısındakı etirazlarla bağlı hadisə yerinə gedən baş nazirin müavini Yaqub Eyyubov artıq ərazini tərk edib.

Virtualaz.org-un əməkdaşı hadisə yerindən xəbər verir ki, məscidin qapısı bağlanıb, dindarlar içəri buraxılmır, onlar məscidin qarşısında gözləməkdədir. Gərginlik müşahidə olunmur, polis hələlik dindarlara müdaxilə etmir.


***


13:35

Bakıda «Hacı Cavad» məscidinin söküləcəyi haqda xəbərlərə görə məscidin qarşısına toplaşan yüzlərlə dindarın kütləvi namazı başa çatıb. Polis namaza müdaxilə etməyib. Baş nazirin müavini Yaqub Eyyubov və Yasamal rayon icra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev hazırda hadisə yerindədir. Lakin onlar jurnalistlərə açıqlama verməkdən imtina ediblər.

Məscidin qarşısına toplaşan sakinlər deyirlər ki, «Hacı Cavad» məscidinin «Sovetski» məhəlləsində yenidənqurma işləri ilə bağlı söküləcəyini eşidiblər. Bu səbəbdən məscidin qarşısına toplaşıblar və söküntüyə imkan verməməyə çalışacaqlar. Sakinlər deyiblər ki, yaxınlıqdakı «Hacı Əbdülrəhimbəy Qulubəyov» məscidi gecə ilə qəfil sökülüb, bu səbəbdən «Hacı Cavad» məscidinin də qəfil söküləcəyi onları narahat edib.

Bunu Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov isə bildirib ki, Bakının Yasamal rayonu «Sovetski» adlanan ərazidəki «Hacı Cavad» məscidinin heç bir qeydiyyatı yoxdur. (APA) O qeyd edib ki, həmin ərazidəki bütün tikililər plana düşüb: «Məscid kimi fəaliyyət göstərən həmin tikili də plana düşənlər siyahısındadır. Tikilinin aqibəti ilə nə qərar qəbul ediləcəksə, o da olacaq».

S.Bağırov sözügedən ərazidə gərginliyin artması barədə sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib: «Mən də həmin ərazidəydim, heç bir gərginlik yoxdur. Qanun nə tələb edirsə, o da olacaq».

Qeyd edək ki, Bakının «Sovetski» adlanan ərazisindəki «Hacı Əbdülrəhimbəy Qulubəyov» məscidi sökülüb, «Hacı Cavad» məscidinin isə sökülməsi nəzərdə tutulur.


***


13:20

Bu dəqiqələrdə «Hacı Cavad» məscidinin sökülməsi xəbərlərindən narahat olaraq məscidin ətrafına toplaşmış yüzlərlə dindar küçədə kütləvi namaz qılır.

Virtualaz.org xəbər verir ki, polis küçədə kütləvi namaza müdaxilə etmir. Bununla belə daha əvvəl məscidin qarşısına toplaşanlar arasında bəzilərinin polis tərəfindən saxlanıldığı məlum olub.

Azərbaycanda dini etiqad barədə qanunvericiliyə ötən il edilmiş dəyişikliklərə görə ictimai yerlərdə, o cümlədən küçədə dini ritualların yerinə yetirilməsi qadağandır və qanunla sərt cəzalandırılır.


***


13:08

Bakı şəhəri, Çingiz Mustafayev küçəsi, 20-də yerləşən «Hacı Cavad» məscidinin söküləcəyi ilə bağlı xəbərlər yayılıb.

Virtualaz.org xəbər verir ki, bu barədə həmin ərazidə yaşayan sakinlər deyiblər. Məscidin sökülməs xəbərlərindən narahat olan insanlar binanın ətrafına toplaşıblar. Hazırda həmin ərazidə 200-dən çox insan var, post-patrul avtomobilləri də gözə dəyir.

Sakinlər bildiriblər ki, hələlik söküntü başlamayıb, amma onlara məscidi boşaltmaqla bağlı xəbərdarlıq edilib. Bu gün 200-ə qədər şəxs həm məscidin önündə, həm də içərisində gözləyərək buna mane olmaq istədiklərini deyirlər. Şikayətçilər bildirirlər ki, bu məscidin çox hissəsi sökülmüş keçmiş «Sovetski» məhəlləsinə yaxındır. Onun söküləcəyi ilə bağlı cəmiyyət arasında çoxdandır narahatlıqlar dolaşsa da, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi belə məlumatları təkzib etmişdi.

«Azadlıq» radiosu xəbər verir ki, iki gün öncə, aprelin 10-da isə vəkil Cavad Cavadov məscidin taleyinə aydınlıq gətirməkdən ötrü Yasamal rayon İcra Hakimiyyətinə sorğu göndərmişdi. «Bu məscidi Mədəniyyət və Turizm Nazirliyi yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edib. Məscidin sökülüb-sökülməməsi ilə bağlı vəziyyət qeyri-müəyyəndir», - deyə vəkil jurnalistlərə də bildirmişdi.

C.Cavadov əlavə etmişdi ki, sökülmə qərarı verildiyi halda həmin qərarın məhkəmə qaydasında mübahisələndirilməsi məsələsi nəzərdən keçiriləcək: «Lakin reallıqda bu tipli söküntülərin ildırım surəti ilə həyata keçirildiyini anlayırıq. Yenə də inanırıq ki, belə niyyətləri olan məmurlar bundan vaz keçəcəklər». Vəkilin sorğusuna, isə hələlik cavab verilməyib.

Hazırda Yasamal rayon İcra Hakimiyyəti başçısı İbrahim Mehdiyev də hadisə yerindədir. Ancaq məsələ ilə bağlı o, jurnalistlərin sualına cavab verməkdən imtina edib. Hadisə yerində indi polislərin də olduğu bildirilir.

Məscidin söküləcəyi ilə bağlı məsələyə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də münasibət bildirib. (APA) O, bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar olmadığını deyib. O qeyd edib ki, bu məscidlərin heç biri QMİ-də qeydiyyatdan keçməyib: «Mən heç o məscidlərin yerini belə tanımıram. Əgər söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, əlbəttə mən bunun tərəfdarı deyiləm. Lakin bütün dünyada da qəbul olunub ki, xalq üçün əhəmiyyətli işlər görülərkən, məsələn, yol çəkilərkən və digər işlər həyata keçirilərkən məqsədli şəkildə, danışıqlar yolu ilə bu işlər həyata keçirilir. Mən bu haqda fikrimi aidiyyəti qurumlara da çatdırmışam».

Qeyd edək ki, «Hacı Əbdülrəhimbəy Qulubəyov» məscidi artıq sökülüb. Sökülməsi gözlənilən məscidi isə Hacı Cavad adlı tacir tikdirib. Məscidin giriş qapısının üstündə üç daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən, məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir. Bu milad təqvimi ilə XIX əsrə düşür. Divarlarının qalınlığı 1 metr olan bu məscid yonulmuş sal daşlarla tikilib.

Virtualaz.org məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlayıb. İcra Hakimiyyətinin əməkdaşı bildirib ki, «Hacı Cavad» məscidinin söküləcəyi haqda rəsmi qərar yoxdur və baş verənlər barədə məlumatlı deyillər. Əməkdaşımız hazırda hadisə yerindədir və təfərrüatlar haqda daha sonra məlumat saytda yerləşdiriləcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *