vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MÜSAHİB  
18:39 | 26 avqust 2017 | Şənbə Məqaləyə 3460 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«O qabiliyyət məndə yoxdur»

Qurban Qurbanov: «Çox utanıram və belə şeyi bacarmıram; gəlin bu haqda danışmayaq, olarmı?»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağ» futbol klubunun uğurlarının memarı, baş məşqçi Qurban Qurbanov apasport.az-a müsahibə verib. VAXT.AZ həmin müsahibəni təqdim edir.


- Bütün ölkə «Qarabağ»dan və şəxsən sizdən danışır. Mətbuatı, sosial şəbəkələri izləyə bilirsinizmi? Yoxsa yaxınlarınız, köməkçiləriniz məlumat verir?

- Sosial şəbəkələrdən, ümumiyyətlə, istifadə etmirəm. Son vaxtlara qədər «iPhone» işlədirdim, ondan da imtina etdim. Çünki vaxtımı həddən artıq alırdı. İndi adi telefonla danışıram. Bilirsiniz ki, bu telefonların da imkanları məhduddur. Ona görə sosial şəbəkələrdən uzaq düşmüşəm. Hətta çalışıram, uşaqları da belə yerlərdən uzaqlaşdırım. Amma görürəm, tam mümkün deyil. Heç kimdən də soruşmuram ki, mənim haqqımda nə yazırlar, nə deyirlər? Sadəcə, futboldan kənar olan dost-tanışımla oturub çörək yeyəndə deyirlər, filan yerdə filan yazını oxudum. Bəzən internet saytlarında yazılanları oxuyuram. Bilirsiniz, əslində belə tərifli yazılara ehtiyac görmürəm. Biz nə etmişik ki, bu qədər yazılsın?


- Bu, həqiqi təvazökarlıqdır?

- Əlbəttə. Mənə inanmağınızı istəyirəm. Bu, bizim işimizdir. Biz sadəcə, öz işimizi görürük. Və bilirəm, məşğul olduğumuz elə bir işdir ki, sabah bir məğlubiyyətdə hamısı yox olacaq. Hamısı. Bütün fikirlər, inanmaqlar... Ona görə bunun tərəfdarıyam: futbolçular haqqında onları yoldan çıxarmamaq şərti ilə nə isə yazılsın. Elə futbolçular var, tam peşəkardır, onlara təsir etməz. Elələri də var, cavandırlar, gəncdirlər, ...


- ... ulduz xəstəliyinə tutularlar...

- Yox, yox, belə də demək istəməzdim. Ümumiyyətlə, bu ifadəni işlətmirəm. Bir müsahibəmdən sonra «ulduz xəstəliyi» ifadəsini işlətmişdilər. Demişdim, çox insan şan-şöhrətə, pula tab gətirmədi. Fikrimi də təkcə idmançılara, futbolçulara aid etməmişdim. Tarixə baxsaq, şan-şöhrət çox sərkərdələri, zəngin, güclü insanları yoldan çıxarıb.


- Futbolçu kimi populyarlıq yaşamısınız. Özü də təkcə Azərbaycanda yox, Rusiyada da. Voronej klubunda oynayanda sizi tanıyanların sayı daha da artdı. Həyat təcrübənizin az olduğu vaxtlarda şöhrəti necə yaşayırdınız?

- Bəli, o dövrdə populyarlığı hiss etmişəm. İnsanıq və bunu danmıram da: özündənrazılıq olub. Amma mənim bir üstün cəhətim də olub ki, heç vaxt məşqdən qalmamışam. Potensialıma, bacarığıma baxanda o qədər də güclü futbolçu olmamışam. Nə etmişəmsə, işgüzarlığımın hesabına olub. İnsan futbolu daha çox 27-28 yaşında anlayır. O vaxt «Neftçi»yə gəldim, güclü kollektivin arasında düşdüm. Sonra Rusiyaya getdim və 25-26 yaşında məndə futbol bacarığı formalaşmağa başladı.


- Uşaq futbolu məktəbini keçməmisiniz, görünür, bunun təsiri olub...

- Uşaq futbolu məktəbini keçməməyimin bunda yüz faiz rolu olub. Hər kəsin güclü və zəif tərəfləri olur. Kimsə topla yaxşı davrana bilir, kimsə də gücün və sürətin hesabına oynayır. Bir də indiki dövrlə o vaxtkı dövrü eyni tutmaq olmaz. O vaxt nə internet, nə sosial şəbəkələr vardı. Bu dövrə düşsəydim, bəlkə mənim də fikrim başqa yerlərə gedərdi. Yenə deyirəm, istəmərəm, mənim haqqımda bu qədər yazılsın. Azərkeşdirlər, sağ olsunlar, bizimlə bir oldular. Bununla da məsələ qurtarmalıdır. Çünki işimiz bununla bitmir. Qarşıda bizi görün necə oyunlar gözləyir? Ona görə də tərif haqqında düşünəsi vaxtımız yoxdur. İdmandır, uğurlu günlərimiz də olacaq, uğursuz günlərimiz də. Hissə qapılmaq lazım deyil.


«Bu uğuru çox şişirmək lazım deyil...»


- Deyirsiniz, bir məğlubiyyətdə o xoş fikirlər, o inamlar yox olacaq. Futbol tamaşaçısının sevgisi bu qədərmi etibarsızdır?

- Yox, dediyim qətiyyən belə anlaşılmasın. Dəfələrlə şahidi olmuşuq ki, uduzanda bizi alqışlayanların sayı daha çox olub. Bu hər yerdə belədir: məğlubiyyət olanda əks fikirlər mütləq şəkildə yazılır. Bu, mənim haqqımda da olub, digərləri haqqında da. Hətta bir nəfər əks fikir yazsa, istər-istəməz ona qoşulanlar, fikirlərini dəyişənlər olur. Dünyanın hər yerində belədir. Məsələn, Türkiyədə. Belə şeylər həddindən artıq çoxdur. İstədiyim odur, uduzanda da, udanda da bir yerdə olaq. Gənc ölkəyik, futbolumuz Avropa ilə, onların çempionatı ilə yanaşı qoyulası deyil. Hər an bir yerdə olmalıyıq ki, onlara çata bilək. Bura gələn komanda görməməlidir ki, mənim komandam, yaxud «Qəbələ», «Neftçi», digərləri məğlub olanda azərkeş oyunun sonunu gözləmir, durub stadiondan gedir. Bu, mənə pis təsir edir. Kənar ölkə gəlib görür ki, bizim birliyimiz zəifdir. Sona kimi bir olanda bizə qarşı düşüncə dəyişir, pozitiv fikirlər yaranır. «Uddum yaxşıdır, uduzdum pisdir» düşüncəsini istəmirəm. Ümumiyyətlə, mən stabil həyatı, stabil işi xoşlayıram. Ona görə bu uğuru çox şişirmək lazım deyil.


- Nə vaxt əmin oldunuz ki, «Qarabağ» Çempionlar Liqasının qrupuna düşəcək?

- Bir şeyə əminəm: işimizi daha da yaxşılaşdırmalıyıq. Və bir şeyə də əminəm ki, futbolçuların potensialını daha çox üzə çıxara bilərəm. Çempionlar Liqasının qrupuna düşməyimizə əvvəldən əminliyim ola bilməzdi. Bizim güclü bildiyimiz komandalar Avropa Liqasının, Çempionlar Liqasının qrupuna düşə bilməyiblər. Futbolda əminlik ola bilməz. Sadəcə, inanıram, möhkəm inanıram ki, daha yaxşı çalışsaq, bundan da böyük uğurlar qazana bilərik. Stabil oyun olan yerdə nəticə də olur. Qayda belədir: uğura görə arxayınlıq qətiyyən olmaz!


- İnsanlar sizi soyuqqanlı biri kimi tanıyırlar. Hətta oyunun başa çatması haqqında hakim fiti çalınanda ağlamağınız çoxlarına qəribə gəlmişdi. Yazırdılar ki, Qurbanı da ağlayan gördük...

- Yazırdılar ki, Qurban yalandan ağlayır? (Gülür).


Fasilə.

Hakim fitinin səsi. 

İkinci hissə başlayır...


- Yox, qətiyyən. Bu, insanların sizə xoş münasibətinin göstəricisi idi. Mən bilmək istəyirəm: soyuqqanlı olmaq xarakter məsələsidir, yoxsa bu keyfiyyəti insanda peşə gərginliyi formalaşdırır?

- Bəlkə sizin özünüzdə də belə olub: elə bir yerdə gözünüz yaşarıb, elə yerdə özünüzü saxlaya bilməmisiniz ki, kənardan baxsam, sizin niyə ağladığınızı anlaya bilmərəm. Bunun səbəbini sizdən soruşsam da, izah edə bilməzsiniz. O cümlədən, mən də dəqiq deyə bilmərəm, niyə ağladım. Sadəcə, emosiyalara çox qapıldım. Oyun haqqında həddən artıq çox düşünmüşdüm. Telefonuma həddindən artıq mesajlar gəlirdi: «Hamımız sizi gözləyirik», «Azərbaycan sizinlədir» və s. İstər-istəməz bu fikirlər beynimdə qalırdı və oyun vaxtı məsuliyyəti hiss edirdim.


- Bu mesajlar, gözləməklər əlavə məsuliyyətdən başqa, həm də adamın yorulmağı, gərginliyi deməkdir...

- Yüz faiz. Adamın gərginliyi daha çoxalır. Ümumən, normal haldır ki, təkcə futbolda yox, digər peşələrdə də uğur qazananda insan kövrəlir. Soyuqqanlılıq məsələsinə bir də qayıdaq. Böyük mənada düşünürəm, hər bir rəhbər öz əməkdaşlarından daha sərbəst, rahat olmalıdır ki, onlar da baxıb rahat olsunlar. Mən gərginliyimi göstərsəm, oyunçular da çox narahat olacaqlar və bu, ümumi işimizə təsir edəcək.


- Uşaq futbolu məktəbini keçməməyin fəsadları nə olur?

- Bilirsiniz ki, mən Zaqatalanın Tala kəndində doğulmuşam. Kənd yerində belə şərait olmur, ona görə də mən uşaq futbolu görməmişəm. Məktəb stadionunda özümüz yığışıb futbol oynayırdıq. Hətta topumuz da olmurdu. Köhnə voleybol toplarının içində klyonka, köhnə parçalar yığıb oynayırdıq. Səkkizinci sinifdən sonra «Daşqın» komandasına məşqlərə getməyə başladım. Müəllimim Şaban Şirdanovun futbola gəlməyimdə böyük rolu olub. «Daşqın» komandasında təcrübəli futbolçulardan çox şey öyrəndim.


- İndi burdan o günlər necə görünür?

- Çox yaxşı. Kiçik bir kənddən çıxmışam və geridə qalan günləri tez-tez xatırlayıram. O qədər insan var ki, uşaqlığı kasıbçılıqla keçib, amma 30-40 ildən sonra zənginlər sırasında olub. Mən də hansı çətinliklərdən keçib bu səviyyəyə çatdığımı yaxşı bilirəm. Əlbəttə, bütün bunlara görə, Allaha şükür edirəm. Vaxt olub, belə şeyləri xəyal etməzdim, amma mənə qismət olub. Həm də çalışıram, qazandıqlarımı gözümdə çox böyütməyim, sadə, təvazökar olum.


- Bir dəfə demişdiniz ki, tələbə olmağı arzu edirdim, qismət olmadı...

- Bəli, universitetə qəbul olub tələbə olmaq istəmişəm. Özü də yaxşı tələbə. Amma qismət olmadı. Və indi bu haqda danışmaq gecdir.


- 33 yaşında futbolçu karyerasını bitirmisiniz. Hərçənd, sizin yaşınız üçün bunu danışmaq tezdir, amma yenə soruşum: məşqçilik üçün də yaş məhdudiyyəti varmı?

- Mütləq şəkildə. Futbolçu kimi meydandan vaxtında uzaqlaşdım. Hiss edirdim, əvvəlki oyunumu oynaya bilmirəm, gücüm əvvəlki deyil. Zədələrim çox idi. Məncə, məşqçilikdən də tam zamanında uzaqlaşmaq lazımdır.


- Səhv etmirəmsə, Voronejdə sizin haqqınızda təqvim çap olunub. Bunu necə xatırlayırsınız?

- Tək mənim yox, bütün futbolçuların şəkli olan təqvim çap olunmuşdu. Mən komandaya qoşulan ili Super Liqaya çıxdıq. Xatırlayıram ki, ona görə bu cür təqvim buraxılmışdı.


- Kəndinizdə sonuncu dəfə nə vaxt olmusunuz?

- Anamın yasında.


-  Qardaşınız demişdi, oyundan sonra danışanda ananızdan da danışmısınız...

- Hə, belə bir söhbət oldu. Amma gəlin bu haqda danışmayaq. Olarmı?


- Oyunçu kimi meydana çıxmaq arzunuz olurmu?

- Yox. Hər şeyə real baxmaq lazımdır. Mümkünsüz şeyə meyl göstərmirəm. Hərdən məşqlərdə oynayıb, yola verirəm. (Gülür).


- Püşkatmadan sonra qrupu dəyərləndirmişdiniz. Amma yenə də fikirlərinizi bilmək istərdik, rəqibləriniz, qrup mərhələsi barədə nə düşünüsünüz?

- Nə deyim. Rəqiblərimizi hamı tanıyır, gücləri də məlumdur. Püşkə münasibət bildirəndə də demişdim, hər üç rəqibimiz - «Çelsi», «Atletiko» və «Roma» Avropanın ən güclü çempionatlarını təmsil edir. Qrup mərhələsi bizim üçün yaxşı bir təcrübə olacaq. Azarkeşlərimizi, ölkəmizi sevindirmək üçün əlimizdən gələni etməyə çalışacağıq.


- Hamı transfer tələb edir. Bu, qrup oyunlarına qədər gözlənilirmi?

- Daha çox qrupa düşməyi tələb edirdilər. Allaha şükürlər olsun ki, uşaqlarla buna nail olduq. Həqiqətən böyük əziyyət çəkdilər. Mənim ilk məqsədim kollektivi qoruyub-saxlamaq, düşüncələrində yaxşılığa doğru dəyişiklik yaratmaq olmalıdır. Qaldı transferlərə, dəfələrlə demişəm: bəli, istəyirik, axtarırıq. Qrup oyunlarına görə yox, ümumiyyətlə, komandaya bir neçə futbolçunun cəlb olunmasını istəyirik. Düşdükcə, imkan olduqca, istifadə edirik. Hazırda bir neçə futbolçu ilə danışıqlar aparılır. Alınarsa, dəvət edəcəyik. Alınamsa da, öz cavanlarımız var, onlarla davam edəcəyik.


- Sonuncu oyundan sonra fikirlər səsləndi ki, Qurban Qurbanova xaricdən dəvətlər olacaq. Nə düşünürsünüz bu haqda?

- Olmayan bir şey haqqında fikir bildirmirəm. Qısa cavab versək, təkliflər olmayıb. Olmağı haqqında da düşünmürəm. Hətta təkliflər olsa, necə rəftar edəcəyim, hansı qərarı verəcəyim haqqında da düşünmürəm.


Əsas vaxta əlavə


- Məşhurluğunuzdan istifadə edib xahişlə üstünüzə gələnlər olurmu? Qonşular, qohumlar, doğmalar...

- Olur. Amma adımdan, mövqeyimdən istifadə etmək xoşuma gəlmir. Heç bəyənmədiyim bir şeydir. «Sizə Qurban zəng edir, bu işi düzəldin...». Qəti xoşlamıram. Kiminsə yanına getmək də istəmirəm ki, mənə görə bu işi düzəlt. Çox utanıram və belə şeyi bacarmıram. O qabiliyyət məndə yoxdur. Dost-qardaş da xarakterimi bilir. Buna görə, o dərəcədə zənglər olmur. Zəng etməyə, deməyə ehtiyac yoxdur, əgər gücüm çatırsa, köməyə ehtiyacı olan adamın əlindən özüm tutacağam.


- Sizi imkanlı adam sayırlar?

- Şükürlər olsun ki, bu gün bizim üçün hər bir şərait yaradılıb. Ailəmizi dolandırırıq, yaxınlarımıza, dostlarımıza az da olsa kömək edə bilirik. Bu bizim üçün böyük şeydir. Naşükür insan deyiləm, milyonçu olmaq niyyətim də yoxdur. Vacib olan düzgün yaşamağı bacarmaqdır. Bir dəfə müsahibəmdə də demişəm: insan təkcə bu günü üçün yaşayırsa, əlbəttə, çox şeyi itirə bilər. Amma sabahını da düşünürsə, həyatda stabil olursa, çətinliklər çox olmayacaq.