vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
20:27 | 8 dekabr 2017 | Cümə Məqaləyə 3199 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AFFA-dan sona qədər gedəcək

Araşdırma davam edir: yenə cəzalanan(lar) olmalıdır

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Danışılmış oyunlarla bağlı yeni faktlar futbol təsərrüfatını yerindən oynadıb. 2 futbolçu və 1 məşqçinin ömürlük diskvalifikasiyası böyük təlatümün ilkin əlamətləridir.

Nə baş verir? Dəqiq cavab vermək çətindir. Lakin bu, yalançı görüntü deyil, təsadüfi, epizodik, ötəri qalmaqala da bənzəmir. İllərdi təmizlənməyən zibillər üst-üstə yığılıb, indi hər yan üfunət içindədir, qoxu ətrafı bürüyüb. 1-2 zibil yeşiyini ərazidən kənarlaşdırmaqla olmayacaq, ciddi dezinfeksiya işləri aparılmalıdır.

«Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundov istintaqın başladılmasında əsas səbəbkardır. Bir çox faktlar onun sayəsində tapılıb, deyilənlərə inansaq, artıq videolar, yazışmalar və etiraf izahatları da var. İndi növbədə AFFA-dı – bu qurum isə estafeti ötürərək susan Axundovun açdığı cığırla gedib, məsələnin sonuna çatmalıdır. Nəyisə gizlətmək, ört-basdır etmək olmaz, tapşırıq var və sonadək gedilməlidir.

Təbii ki, bu işin sonuna çıxılsa, hətta kreslosunu itirənlər də olacaq. Ramin Musayevin dediyi kimi: «Heç bir futbolçu nəyisə özbaşına edə bilməz. Olubsa, onu buna vadar edən qüvvələr var».

Danışılmış oyunlar sayəsində varlanan, geniş şəbəkə quran insanların üzə çıxacağı da istisna deyil. Amma cəzaların hamısı birdən verilə bilməz. Kütləvi təmizlənməyə gedilsə, beynəlxalq futbol qurumlarının diqqətini şəkər və sanksiyalar qaçılmaz olar. Bu səbəbdən AFFA günahkarları yavaş-yavaş təmizləyir.

AFFA-nın baş katibi Elxan Məmmədov çox şey bilir. Ona kifayət qədər məlumat ötürülüb. Amma informasiyaları o hansısa komitədən, komissiyadan yox, bu işdə maraqlı olan, araşdırmalar aparan bəzi insanların sayəsində öyrənib. Həmin adamlar materialları hüquq-mühafizə orqanlarına da göndərdiyindən, baş katibin nəyisə gizləmək şansı yoxdur. Əslində, gizlətmək fikri də yoxdur, çünki «Kəpəz» qalmaqalı, uşaq futbolundakı problemlər, millilərin biabırçı nəticələri, Qurban Qurbanovun gəlişiylə AFFA-da azalan nüfuz onu sarsıdıb. Katib situasiyadan faydalanmaq şansını da qaçırmayacaq, şəxsi reklamı ilə məşğul olacaq. UEFA-dan gələn siqnalları da nəzərə alsaq, bütün məsələlər sonunadək araşdırılmalıdır.

İş ondadır ki, Mirhüseyn Seyidov, Nizami Hacıyev və Ağakişi Mehdiyevin günahının cəzası həbs olmalıydı. Amma «yuxarılar» bu işin futbol təsərrüfatı çərçivəsində həllini istəyir. Bu səbəbdən qarşıdakı həftələrdə futboldan ömürlük uzaqlaşdırılanların sayı artmalıdır. Qaydaya görə, «Neftçi» – «Keşlə» matçı da yenidən keçirilməlidi. Lakin bu da mümkün deyil. Çünki şübhəli olduğu deyilən 7 matçın bir neçəsi bu mövsümə aiddir və onlar hamısı yenidən keçirilsə, qalmaqalın əhatə dairəsi böyüyər. Üstəlik, ötən mövsümün də bir neçə qarşılaşması araşdırılır və zamanı geri qaytarmaq mümkün deyil.

Gürcüstan, Ukrayna, İndoneziya, Malayziya və Çin kontorları ilə işbirliyi şübhələri var, bəzi faktların aşkarlandığı deyilir. Belə əhatəli şəbəkəyə görə isə 3 nəfərin cəzalanması doğru olmazdı. Adı çəkilənlər bütöv prosesin yeganə qurbanları olmayacaq, onlar yalnız ilk qaranquşlardı. Bu siyahıya məşqçilər, klub rəsmiləri də əlavə edilə, onlar da ömürlük diskvalifikasiya oluna bilər.

Deyilənlərə, yazılanlara inansaq, «Keşlə»nin 6 futbolçusu danışılmış oyunlarda iştirak edib. Təklifdən imtina edərək, qalmaqalın üstünün açılmasında rol oynayan Adrian Skarlatake ilə yanaşı, Sertan Taşkın, eləcə də təklifi söyüşlə qarşılayıb hamını rədd edən İlkin Qırtımov istisna olmaqla, «Keşlə»nin digər futbolçularının bu məsələlərdə hansı rol oynadığı araşdırılmalıdır. Nizami və Mirhüseynlə yanaşı, daha 4 «Keşlə» futbolçusu ciddi sorğu-sual olunur. Bu səbəbdəndi ki, klub rəhbərliyi onların mətbuata açıqlama verməsini yasaqlayıb, lazım olanı hüquq-mühafizə orqanlarında deyirlər.

Və bütün bu araşdırmalar AFFA-da deyil, hüquq-mühafizə orqanlarında aparılır. Elxan Məmmədov da açıqlamasında bunu bildirib: «Bu məsələyə həssas yanaşdığı üçün hökumətimizə minnətdarlığımı bildirirəm. Çox qısa zaman ərzində müvafiq qanun qəbul olundu, Cinayət Məcəlləsinə idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı xüsusi maddə əlavə edildi... AFFA-nın və məndə olan məlumata görə, hüquq-mühafizə orqanlarının araşdırması davam edir. Sevindirici məqam ondan ibarətdir ki, futbolumuzun şəffaflığını arzulayan şəxslər – klub idarəçiləri, məşqçilər, futbolçular və futbolumuzda bu və ya digər şəkildə təmsil olunan başqa şəxslər araşdırmanın aparılmasına öz yardımını göstərir, bizimlə sıx əməkdaşlıq edir. Fürsətdən istifadə edib həm hüquq-mühafizə orqanlarına, həm də bizim əməkdaşlıq edən futbol ictimaiyyətinin nümayəndələrinə təşəkkür edirəm».

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də oxşar açıqlama verib: «Hüquq-mühafizə orqanları qanun çərçivəsində aidiyyəti materiallar üzrə operativ araşdırmalar apardılar və məlum oldu ki, günahını etiraf eləyənlər var. Diqqətlə fikir verək, məsələni hüquq-mühafizə orqanları araşdırır. Bu, ən ali araşdırma sayılır. Bundan o yana yoxdur. Hər şey qanun çərçivəsində, dəqiq və obyektiv müəyyənləşdirirlir, cəzalar da ona uyğun tərtib edilir... Araşdırmalar davam etməlidir və hər şeyə aydınlıq gəlməlidir».

Amma Məmmədovdan fərqli olaraq, Musayev sanki məsələlərdən kənardadır və informasiya qıtlığı var: «Heç bir futbolçu nəyisə özbaşına edə bilməz. Olubsa, onu buna vadar edən qüvvələr var. Bax, o vadar eləyən qüvvələr aşkarlansın... Qoy bu işlərin kökündə olan, vadar eləyən qüvvələr üzə çıxarılsın. Bu, mütləq olmalıdır... Bütün bu prosesin araşdırılması birbaşa AFFA prezidenti Rövnəq Abdullayevin şəxsi tapşırığıdır və gündəlik nəzarətindədir. Yaxından maraqlanır, hüquq-mühafizə orqanlarından xahiş edib ki, günahkarlar varsa, dəqiq araşdırılsın, problem kökünə qədər müəyyən edilsin... Yenə cəzalananlar ola bilər. Çünki araşdırmalar gedir. Hamımız bu prosesin şəffaf getməsi, günahkarın cəzalanması üçün çalışırıq».

AFFA rəsmilərinin açıqlamalarından da aydın olur ki, proses bitməyib və cəzalananlar olacaq. Amma əhatə dairəsi necə olacaq, hansı həddə kimi yüksələcək – bax, bunu zaman göstərəcək.