vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
12:47 | 31 iyul 2019 | Çərşənbə Məqaləyə 2048 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan ermənilərsiz qala bilər

İşğalçı ölkə demoqrafik fəlakət astanasında - qurtuluş Qarabağdan keçir

Analitik xidməti

MÖVZU İLƏ ƏLAQƏLİ

Hər ölkənin əhalisinin sayı, doğum və ölüm faizləri, bütövlükdə demoqrafik göstəricilər onun üçün mühüm önəm daşıyır. Ən azından, genofondun hansı vəziyyətdə olduğunu müəyyən eləmək, əmək qabiliyyətli əhalinin sayını, bütövlükdə əhalinin qocalıb-qocalmadığını aşkara çıxarmaq baxımından bu göstəricilər daima diqqət mərkəzində saxlanılır.

Demoqrafik faktor sözsüz ki, həm də milli təhlükəsizlik amilidir. Çünki silahlı qüvvələrin komplektləşdirilməsi müstəsna olaraq əhalinin cavan və orta yaşlı kişi təbəqəsi hesabına formalaşır. Bu xüsusda işğalçı Ermənistanda vəziyyət kritik cizgiyə yaxınlaşmaqdadır. Bunu erməni rəsmiləri də etiraf edirlər.   

 

***

 

“1991-ci ildən indiyədək Ermənistan əhalisinin artımı 430 min nəfər olub. Əgər ölkədən köç olmasaydı, biz indi tamamilə məqbul demoqrafik göstəricilərə malik bir ölkə idik”.

Bu barədə Novostink.ru erməni portalına müsahibəsində Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin Demoqrafiya Şöbəsinin rəisi Artak Markosyan deyib.

“Nəticə etibarilə bu gün biz o xəttə yaxınlaşmışıq ki, artıq ailə qurmaq yaşına 90-cı illərin nəsli daxil olur və bu nəsil 80-cı illərdə doğulanlarla müqayisədə 41% azdır. Bura son 27 ilin miqrasiyasını da əlavə eləsək, demoqrafik planda mənzərə aydın olur: doğum və ölümlə bağlı bizi çox çətin zamanlar gözləyir”, - deyə idarə rəisi xəbərdarlıq edib.

Sözünə davam edən Markosyan söyləyib: “Qonşu Gürcüstanda da vəziyyət yaxşı deyil - hansı ki, 2000-2007-ci illərdə de-populyasiya (əhalinin azalması, nəslin tükənməsi - ”YM") problemi yaşamışdı. Arada situasiya bir qədər yaxşılaşsa da, son illər Gürcüstanda doğum faizi yenidən kəskin azalıb. Bu isə ölüm səviyyəsinin artması ilə müşayiət olunur".

Erməni ekspertin dəyərləndirməsinə görə, hazırda insan resursları baxımından Ermənistan müharibə vəziyyətində olduğu Azərbaycanla müqayisədə olduqca uğursuz bir durumdadır. Azərbaycan əhalisinin 10 milyon olması barədə rəsmi rəqəmi şübhə altına alan (?! - “YM”) Markosyan bildirib ki, hətta 8 milyonluq Azərbaycanın varlığı da onunla müharibə vəziyyətində olan Ermənistan üçün çox pis gerçəklikdir.

“Ermənistanla düşmən münasibətdə olan başqa bir qonşunun - Türkiyənin əhalisi isə hazırda 82 milyondur və BMT-nin hesablamalarına görə, 2050-ci il üçün 98 milyon təşkil edəcək. Azərbaycanın əhalisi 11 milyon, İranın əhalisi 103 milyon olacaq. Ermənistanın əhalisi bu müddətdə 2 milyon 861 minə kimi, Gürcüstanınkı isə 3 milyon nəfərədək azalacaq”, - deyə sonda o, həyəcanlı şəkildə bildirib.

 

***

 

Paşinyan hökumətinin nazirliyindəki idarəsi rəisinin təlaşı əslində tam əsaslıdır. Məsələ ondadır ki, 27 ildir “qalib Ermənistan”dan kütləvi köç davam edir. Bu prosesi ötənilki “məxməri inqilab” nəticəsində reallaşan rejim dəyişikliyi də dayandıra bilməyib. Özü də gedənlər bir qayda olaraq, reproduktiv, çağırışçı yaşda olan əhalidir və onların mütləq əksəriyyəti geri dönmür.

Yeri gəlmişkən, demoqrafik problemin təzahürüdür ki, Ermənistanda sağlam olmayan gənclər də sağlam adı ilə hərbi xidmətə göndərilir. Təsadüfi deyil ki, Ermənistan Müdafiə Nazirliyinin “Qaynar xətti”nə zəng edən əsgər valideynlərinin əksəriyyəti övladlarının yetərincə yaxşı tibbi müayinədən  kedirilmədiyindən şikayət edirlər.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin İnsan Haqları Mərkəzinin rəisi polkovnik Alik Avetisyan deyib. O, orduya çağırışla bağlı gələn zəngin daha çox hərbi xidmətə yararlılıq kateqoriyasına aid olduğu bildirilib. Polkovnik vətəndaşların yoxlamalar zamanı çağırışçılarda olan əsl xəstəliklər yerinə daha yüngül xəstəliklərin göstərilməsindən şikayət etdiklərini bildirib. O, cari ildə əsgər valideynlərindən 18 min şikayət zəngi aldıqlarını da deyib.

Lakin bütün bunlar səbəb yox, nəticələrdir. Səbəb isə əlbəttə ki, Azərbaycanla davam edən müharibə vəziyyəti, həlli uzanan Dağlıq Qarabağ konflikti və bundan dolayı blokada rejimi və işğalçı ölkənin iqtisadi inkişafdan qalmasıdır. Yoxsa ki, hesabla Paşinyan iqtidarı dönəmində əhalinin güzəranı yaxşılaşmalı idi.

Göründüyü kimi, hakimiyyət dəyişsə də, ölkənin köklü problemləri yerində qalır. Başqa sözlə, Ermənistan öz əhalisinin kəskin azalmasına - de-populyasiya tuş gəlmək istəmirsə, o zaman “de-okkupasiya”, yəni Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmaq barədə ciddi düşünməlidir. Əks təqdirdə, düşmən ölkə daha ağır demoqrafik problemlə üz-üzə gələcək, hətta Ermənistan ermənilərsiz qalacaq. Bunu hesablamaq üçün demoqraf olmağa gərək yox...