vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MƏHKƏMƏ, İSTİNTAQ  
16:32 | 9 fevral 2022 | Çərşənbə Məqaləyə 1061 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

16 iş yenidən istintaqa qaytarıldı

“Tərtər işi” üzrə 281 zərərçəkmiş müəyyən edildi, 4 nəfər həbs olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

Baş prokurorluq ötən ilin dekabrında istintaqı təzələnən “Tərtər işi” barədə yeni rəsmi bəyanat yayıb.

Bəyanatda deyilir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnib. Və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılır.

Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib. Onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin olunub. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən olunub. İş üzrə zərərçəkmiş şəxslərin müəyyən edilərək dindirilməsi prosesi davam etdirilir. 2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, habelə qanunsuz olaraq azadlıqdan məhrum edilən, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, habelə (012) 361-16-47 nömrəli telefonla əlaqə saxlanılaraq dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur.

Əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxslərlə bağlı cinayət işləri öyrənilərkən müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü Baş Prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib.

Eyni zamanda, Quliyev Elçin Mətləb oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılmış cinayət təqibinə öldüyünə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilmiş 19 dekabr 2017-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan Baş Prokuror tərəfindən ləğv edilmiş və onunla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarın qəbul edilməsi təmin ediləcək.

Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

“Bununla yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə bir daha çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir”, - bəyanatda bildirilir.