vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
KİNO-TEATR  
11:19 | 14 aprel 2017 | Cümə Məqaləyə 3238 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tamaşaçının zövqünü korlayıblar»

Rasim Balayevdən sərt sözlər; xalq artistinin çəkildiyi «Sara» filmi kinoteatrlardan yığışdırılır

Xalidə GƏRAY

MÖVZU İLƏ ƏLAQƏLİ

Xalq artisti Rasim Balayevin uzun illərdən sonra çəkildiyi «Sara» filmi kinoteatrlardan yığışdırılır. Halbuki film cəmi bir həftə bundan əvvəl kinoteatrlarda yayınlanmağa başlamışdı. Amma film təqdimatdan qalmaqallı başlamışdı.

Belə ki, xalq artisti uzun illərdən sonra çəkildiyi filmin qala gecəsinə qatılmadı. Filmin rejissoru Elvin Əhmədov bunun səbəbinin xalq artistinin səhhətində yaranmış ciddi problemlərlə bağlı olduğunu açıqladı. Elə Rasim Balayev də səhhətindəki problemlər üzündən gecəyə gələ bilmədiyini dedi. Amma yeniçağ.az saytına verdiyi açıqlama uzun müddət mətbuatda, sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Xalq artisti əvvəldən o filmə çəkilmək istəmədiyini, daha sonra isə pulunu ala bilməməsindən giley etdi: «Mən əslində o filmə çəkilmək istəmirdim. Gəldilər, yalvardılar, dostlarımı minnətçi saldılar. Qonorara çatanda dedilər çəkil, amma pulumuz yoxdur. Mən də dedim bu necə olur, dilənçixana-zaddır bəyəm? Əgər pulunuz yoxdursa, nə vacibdir film çəkirsiniz? Nə isə axırda razılıq verdim. Qonorarın miqdarı barədə isə heç danışmağa dəyməz. Necə idi, film xoşunuza gəldimi?»

Beləliklə, film 6 aprel tarixindən etibarən kinoteatrların ekranlarında nümayiş olundu. Az keçməmiş, filmin artıq kinoteatrlardan yığışdırıldığı barədə xəbərlər yayıldı. Səbəb?


Rejissor: «Danışıqlar baş tutsa, film bir daha Azərbaycanda yayımlanmayacaq»


Filmin rejissoru Elvin Əhmədov bununla bağlı «Yeni Müsavat»a danışıb. Rejissor qeyd edib ki, film əslində hələ kinoteatrlardan yığışdırılmayıb, ən azı gələn həftəyə qədər yayımlanacaq: «Sadəcə, bizim öz istəyimizdir ki, tamaşaçılar öz filmimizə, öz sənətkarlarımıza dəyər vermədiyi üçün filmi çıxardaq. Və filmi MDB ölkələrinə satmaq istəyirik. Hətta bu haqda danışıqlar da gedir».

Rejissor qeyd edib ki, əgər bu danışıqlar baş tutsa, film Azərbaycanda bir daha yayımlanmayacaq: «Və bununla bərabər «Youtube» saytına qoyulmayacaq».

«Rasim Balayevin çəkildiyi film niyə tamaşaçı marağı qazana bilmədi» sualımıza isə rejissor bu cür cavab verdi: «Bu sualı mənə digər jurnalistlər də verib. Sualın cavabını bilsəydim, ən azı tamaşaçıdan gileylənməzdim. Azərbaycan kinosunun sütunlarından olan aktyoru bu filmə çəkmişik, siz isə soruşursuz ki, niyə tamaşaçı maraq göstərmir? Mən soruşardım, hansı haqla? Qala gecəsində film elə bir alqışlar aldı ki... Bu alqışlar filmin uğurundan bəhs edirdi. Qeyd edim ki, o zalda hər sahədən olan insanlar var idi, həm kino ictimaiyyəti, həm jurnalistlər, həm də sıravi tamaşaçılar». Rejissor xalq artisti ilə aralarındakı son münasibətə də aydınlıq gətirdi: «Bizim münasibətlərimizdə problem yoxdur. Xalq artisti son olaraq bizə uğurlar arzuladı və filmə baxmağa gələ bilmədiyi üçün üzüldüyünü bildirdi. Rasim Balayev filmi izləyə bilməyib. Qala gecəsindən əvvəl mən bir dəfə filmi ona göstərmək istədim, onda isə evində xəstəsi var idi. Bunu da hamı bilir, xalq artistinin həyat yoldaşı əməliyyat olunmuşdu».


Rasim Balayev: «Filmlərə çəkilib, özümü biabır etmək istəmirəm... »


Məsələ ilə bağlı xalq artisti Rasim Balayevin də mövqeyini öyrənməyə çalışdıq. Əfsanəvi aktyor filmin kinoteatrlardan yığışdırılmasından xəbərsiz olduğunu dedi: «Mənim heç bir məlumatım yoxdur... Bu qalmaqal mənlik deyil axı, orda çox komponentlər var... »

Xalq artisti çəkildiyi filmə marağın az olmasına bu cür aydınlıq gətirdi: «Çünki tamaşaçını korlayıblar, tamaşaçını hör-hörə öyrədiblər. Onlar səviyyəsiz, arvad paltarı ilə cürbəcür meymunluq etməklə aktyorluğu səhv salıblar. Bununla da tamaşaçının zövqü korlanıb, artıq tamaşaçılar filmlərdə ciddi, düşündürücü, nəsə ibrət götürməli şeyləri qəbul etmək istəmir. Bir sözlə, tamaşaçıları korlayıblar».

Rasim Balayev qonorar qalmaqalından da danışdı: «Azərbaycanda onsuz da sözün əsl mənasında qonorar yoxdur. Bizdə simvolik ödəmələr olur. Baxın Rusiyaya, orda cavan bir uşağı çəkib, 100-120 min pul verirlər. Türkiyənin özündə də belədir».

Xalq artisti artıq filmlərə çəkilmək istəmədiyini bildirdi: «Daha filmə çəkilmərəm. Çünki mənim dövrüm getdi... o ssenarilər, o rejissorlar yoxdur. Gedib özümü biabır etmək istəmirəm. Çəkilərdim, gözəl bir ssenari, rejissor, kollektiv olsaydı onda. Mən də bunu görmürəm. Ona görə də mən çəkilməsəm daha yaxşı olar».


100 minlik filmin aqibəti...


Qalmaqallarla üzləşən «Sara» filminin qısa hekayəsi belədir: həyat yoldaşı bir il əvvəl müəmmalı şəkildə rəhmətə gedən Saranı bir il sonra bir nəfər uzaqdan-uzağa narahat edərək həyatını dəfələrlə təhlükə altına atır. Sara tanınan iş adamı Cavanşir Nəbiyevin gəlini olur. Qızı kimi sevdiyi gəlini Saranın dəhşət içində olduğunu görən Cavanşir onu qorumaq və Saranı narahat edən adamı ifşa edib zərərsizləşdirmək üçün yaxın dostu polkovnik Cəbrayılovun məsləhəti ilə ehtiyatda olan hərbi kapitani Bəxtiyar Əliyevə şəxsən müraciət edir. Qeyd edək ki, filmdə xalq artisti Rasim Balayevlə birgə əməkdar artistlər Qurban İsmayılov, Fuad Osmanov, Duyğu Dəvəli, Zarina Qurbanova, Cəmil Cəfərov, Elvin Əhmədov və başqaları çəkilib. Mətbuatda yayılan məlumata görə, filmin ərsəyə gəlməsi üçün 100 min manat xərclənib. Bu amil də geniş müzakirələrə səbəb oldu ki, «niyə 100 minə başa gələn filmdə Rasim Balayevin zəhməti cüzi qiymətləndirilib?»

Rejissor «Yeni Müsavat»a açıqlama verərək filmin 100 min manata ərsəyə gəldiyini təkzib edib, bunun doğru olmadığını bildirib.