vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 31 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
Qəhqəhə qalası ... 20:40 | 18 mart 2025 | Çərşənbə axşamı Məqaləyə 131 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qəhqəhə qalası ...

Babək Xürrəmidən üzü bəri tarixi hadisələrə şahidlik etmiş daş abidə

Y.CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanda, Ərdəbil ostanında sıldırım qala üzərində yerləşən qədim və alınmaz Qəhqəhə qalasının nə vaxt tikildiyi dəqiq məlum deyil. Arxeoloji qazıntılar burada hələ İslamdan əvvəl yaşayış məntəqəsinin olduğunu sübut edir.

Qəhqəhə artıq Xürrəmilər üsyanı zamanı ciddi istehkam kimi tanınsa da, məşhurluğu zindan kimi istifadə olunduğu Səfəvilər dövləti, xüsusən də I Təhmasibin hakimiyyət dövrü ilə bağlıdır.

Şahın üsyankar qardaşı Əlqas Mirzə bir neçə ay burada saxlanılandan sonra 1550-ci il aprelin 9-da qayadan aşağı atılaraq öldürüldü. I Təhmasibin başqa bir qardaşı Sam Mirzə 1562-ci ildə Qəhqəhəyə salındı və 1567-ci ildə özünün iki, eləcə də Əlqasın iki oğlu ilə birlikdə öldürüldü. Amma elə məlumat verildi ki, şahzadələr guya zəlzələ zamanı həlak olublar. Yəqin həmin vaxt zəlzələ olubmuş.

Başqa bir məşhur dustaq isə 1585-ci ildə Təbriz yaxınlığında baş verən döyüşdə qızılbaşlara əsir düşən Osmanlı sərkərdəsi Kuyucu Murad paşadır. 1590-cı ildə iki dövlət arasında sülh bağlanandan sonra paşa azad edildi.

Qalanın ən məşhur məhbusu isə I Təhmasibin oğlu İsmayıl Mirzə idi. İgid döyüşçü və məharətli sərkərdə olan İsmayıl osmanlılarla döyüşlərdə Səfəvi qoşununun böyük sevgisini qazandı. Bu populyarlıqdan narahat olan və oğlunun onu devirə biləcəyini düşünən Təhmasib 23 yaşlı İsmayılı 1556-cı ildə həbs etdirdi və Qəhqəhə qalasına göndərdi.

Şahzadə burada 19 il 6 ay keçirib atasının ölümündən sonra 1576-cı ilin avqustunda taxta çıxdı və üçüncü Səfəvi şahı oldu. Amma cəmi 15 ay sonra ya zəhərlənərək, ya da tiryək “peredoz”undan öldü.

Qəhqəhə qalası 5 hektar ərazini tuturdu. Burada mühasirəyə davam gətirmək üçün ərzaq anbarları tikilmişdi. Su çıxmadığında yağış və qar suyunu saxlamaq üçün xüsusi rezervuarlar vardı.

Qalanın etibarlılığını nəzərə alan Səfəvilər xəzinənin də  bir hissəsini burada saxlayırdılar. Şahzadə İsmayılın dustaq olduğu zaman burada 600 qızıl və 600 gümüş külçə saxlanılırdı. 1571-ci ildə bir neçə qızıl və gümüş külçə yoxa çıxdı. Qalanın komendantı Həbib bəy Ustaclu iddia etdi ki, külçələri İsmayıl götürərək tərəfdarlarını hərəkətə gətirmək üçün çölə ötürüb. Şahzadə isə komendantın özünü oğurluqda günahlandırdı.

Təhmasib insidenti araşdırmaq üçün qalaya Şamlı, Rumlu, Ustaclı və Qaradağlı tayfalarının hərəsindən bir nəfər olmaqla xüsusi “komissiya” göndərdi. Amma onlar da vahid rəyə gələ bilmədilər. Pirə Məhəmməd xan Ustaclı və  Ənsar xəlifə Qaradağlı komendantın, Hüseynqulu xəlifə Rumlu və Vəli xəlifə Şamlı şahzadənin tərəfini tutdular. Sonralar məlum oldu ki, külçələri həqiqətən İsmayıl götürüb.

Bu konfliktin nəticəsi idi ki, Uctaclı tayfası Təhmasibin ölümündən sonra İsmayılın şah olmasının qatı əleyhdarı idi və başqa bir şahzadəni, Heydər Mirzəni dətəkləyirdi.

Hakimiyyət mübarizəsindən qalib çıxan II İsmayıl tayfanın sədaqətini yoxlamaq üçün qardaşlarından birini, Mustafa Mirzəni “himayə etməyi” Pirə Məhəmməd xan Ustaclıya tapşırdı. Xan anladı ki, bu “himayə” əslində şahzadəni öldürmək tapşırığıdır. O da şahın istədiyini yerinə yetirdi.

Təxminən 20 illik məhkumluğun psixikasını pozduğu deyilən II İsmayıl hakimiyyətdə olduğu qısa müddət ərzində doğma (atabir və anabir) qardaşı Məhəmməd Mirzə – gələcək şah Məhəmməd Xudabəndə - istisna olmaqla digər qardaşları və qardaşı uşaqlarının hamısını qətlə yetirdi.