vaxtlı-vaxtında oxuyun! Şənbə, 3 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
Vardanyan reallığı 21:27 | 2 may 2025 | Cümə Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vardanyan reallığı

Atası kimi fırıldağa meylli David Ruben qədər istedadlı deyil

Sahib ALIYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq dərəcəli dələduz, pulyuyan və fırıldaqçı kimi tanınan hazırda Bakıda məhkəmə qarşısına çıxarılaraq savaş qanun-qaydalarının pozulmasında, terrorizmdə, onun maliyyələşdirilməsində və Azərbaycanın Cinayət Məcəlləsinin daha bir neçə maddəsi üzrə ittiham edilən Ruben Vardanyanın oğlunun “Fox News”da pulla köşə yeri alaraq orada atasının guya xristian olduğu üçün tutulduğunu yazması iki reallıqdan xəbər veirir.

Birinci, reallıq odur ki, görünür, David Vardanyan da atası Ruben kimi fırıldağa meyllidir, amma bu baxımdan onun qədər istedadlı deyil. Çünki damğası alnında birinin xristiandır deyə, həbsə atıldığını iddia etmək sadəcə gülüş doğurur. Özü də harada, harada mərhum Roma Papası Fransisin tolerantlıq baxımından örnək ölkə adlandırdığı, multikulturalizm təkcə dövlət siyasəti yox, həm də həyat tərzi olan Azərbaycanda.

David Vardanyana bu cəfəngiyatı yazdıran ikinci bir reallıq isə məncə, odur ki, atasına qarşı irəli sürülən bütün ittihamların arxasında konkret faktlar dayandığından, “günahsızlığı” haqda indiyədək gətirilən bütün arqumentlər darmadağın edildiyindən o da əclafların axırıncı sığınacaq yeri məntiqinə uyğun olaraq xristianlıq faktorundan yapışıb. Yəni bu onların pulları çox olsa da, əlacsızlıqlarını, gücsüzlüklərini göstərir.

Vardanyanlar ABŞ Konqresində Kris Smit kimi ünsürlərin, onun Avropa Parlamenti və AŞPA-dakı əqidədaşlarının Qarabağdakı keçmiş “miatsum”çu rejimin təmsilçilərinin azadlığa çıxmalarıyla bağlı davamlı təzyiqlərinin heç bir nəticə vermədiyini, verməyəcəyini görüb indi də bu kartı ortaya atıblar. Yeri gəlmişkən, muzdla ələ alınan, yaxud da makronlardan gələn tapşırıqla işləyən və ya islamofobiyaya yoluxdurduqları kütlənin rəğbətini qazanmaq üçün bu cür hüquqa zidd tələbdə bulunan qərb “parlamentariləri” azacıq özlərinə hörmət etsə idilər, diqqətlərini “miatsum”çu rejimin Bakıda məhkəmə qarşısına çıxarılan bosslarına yox, İrəvanda həbsdə yatan “general”larına yönəldərdilər. Və Ermənistan rəhbərliyindən soruşardılar ki, “Qarabağ Ordusunun” “komandan”ları kimi təqdim edilən Calal Harutyunyanla, Mikael Arzumanyan nə haqla birinciyə “vəzifəsində yol verdiyi səhlənkarlığa”, ikinciyə isə “Şuşanın təsliminə şərait yaratdığına” görə Zəngəzurdakı məhkəmənin hökmü ilə iş kəsilib.

“Qarabağ Ordusu komandanları”nın Azərbaycanın şəhərlərinin azad edilməsinə lazımi maneçiliyi törətməmələri nədən Ermənistan qarşısında cinayət sayılmalıdır. Bu faktın özü də onun təsdiqi deyilmi ki, Azərbaycan torpaqlarının işğalının arxasında Ermənistanın durması, “Qarabağ ordusu” adlandırılanın Ermənistan Silahlı Qüvvələrinin tərkib hissəsi olması haqda Bakıdakı məhkəmədə “miatsumçu rejim”in təmsilçilərinin etirafları rəsmi İrəvanla havadarlarının iddia etdikləri kimi guya onlara göstərilən təzyiqin nəticəsi deyil. Həmən ittiham olunanlar Azərbaycanın uyğun strukturlarının əllərində bütün faktların olduğunu gördüklərindən və bunu danmağın mümkünsüzlüyünü dərk etdiklərindən reallığı dilə gətirməklə yəqin veriləcək cəzanı yüngülləşdirməyə çalışırlar.