


Qaziantepdə xüsusi bir xəstəxanada liposaksiya əməliyyatı etdirən iki uşaq anası, Fransada yaşayan Burcu Xasgül əməliyyatdan sonra yaranan ağırlaşmalar nəticəsində həyatını itirdi.
Parisdə yaşayan və bədənin artıq yağlarını çıxarmaq məqsədilə Qaziantepə gələn iki uşaq anası Burcu Xasgül (33), xüsusi bir xəstəxanada əməliyyata alındı. Əməliyyat zamanı vəziyyəti pisləşən Xasgülün əməliyyatı yarımçıq dayandırıldı və reanimasiya şöbəsinə yerləşdirildi.
Həkimlərin xəstədə faktor 8 çatışmazlığı olduğu üçün əməliyyatı dayandırdığı bildirilir.
Reanimasiya prosesindən sonra başqa bir xüsusi xəstəxanaya köçürülən gənc qadın, bütün müdaxilələrə baxmayaraq xilas edilə bilmədi.
Burcu Xasgülün cənazəsi xəstəxananın morqundan “normal ölüm” rəsmi ilə ailəsinə təhvil verildi və göz yaşı ilə dəfn olundu. Lakin bir neçə gün sonra eyni xəstəxanada oxşar əlamətlərlə başqa bir xəstənin də həyatını itirməsi ailəni şübhələndirdi.
İtki ilə barışmayan ailə, xəstəxana rəhbərliyi və əməliyyatı həyata keçirən həkimlərin laqeydliyini əsas gətirərək prokurorluğa şikayət etdi.
Prokurorluğun qərarı ilə Burcu Xasgülün məzarı açılaraq ekspertiza aparılıb. Ailə, məsuliyyət daşıyan xəstəxana və həkimlərin cəzalandırılmasını tələb etdi.
“Mənim tək istəyim ədalət”
Əməliyyat zamanı laqeydliyi olan həkimlərin cəzalandırılmasını tələb edən Burcu Xasgülün əri Gökxan Xasgül bildirib:
“Biz Parisdə yaşayırıq. Xanımımı Türkiyəyə göndərdim. Estetik əməliyyat olacaqdı. Əməliyyat düzgün getmədi, bir səhv etdilər və bu səhvi bizdən gizlətməyə çalışırlar. Hələ heç kim bizə bir şey deməyib və mən bu vəziyyəti eşitdim. Həmin an Fransadan Türkiyəyə gəldim. Həyat yoldaşımı əməliyyat otağından reanimasiya şöbəsinə yerləşdirmişdilər. Ondan sonra bizə “yaxşıdır, hazırda yatır, qan çatışmazlığı var” dedilər. Əməliyyat düzgün getməmişdi. Mənim tək istəyim ədalət yerini tapsın. Dövlətimə güvənirəm. Hansı yolla bizə kömək edə bilərlərsə, onların yalanlarını üzə çıxartsınlar. Yəni bir şey olub, bir səhv ediblər. Bunu da tapmalıdırlar. Hamı bizdən gizlətdi və xəstəxanadan çıxarkən təbii ölüm yazdılar. Əvvəl Allaha, sonra dövlətə güvənirəm. Əlimizdən gələni etdik. Dövlət də mütləq edəcək”.