vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
17:53 | 28 iyul 2020 | Çərşənbə axşamı Məqaləyə 12948 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ankaranin Qarabağ planı

İşğalçı Ermənistanla yanaşı həm də Rusiyaya ciddi mesaj

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə və Rusiya prezidentləri iyulun 27-də telefonla danışdılar. İki ölkənin prezidenti il ərzində bir neçə dəfə telefonla danışır, söhbətlərində əsasən Suriya və Liviyadakı vəziyyəti müzakirə edirlər. Bu dəfə belə olmadı. Türkiyə və Rusiya prezidentləri ilk dəfəydi ki, Azərbaycan-Ermənistan qarşıdurmasını detallı şəkildə müzakirə etdilər.

Bu baxımdan bu dəfə telefon danışığının təşəbbüskarının hansı prezidentin olduğu maraq doğururdu. Çünki, telefon danışığının kimin təşəbbüskar olmasından məhz hansı prezidentin həmkarı ilə Azərbaycan-Ermənistan qarşıdurmasını müzakirəsinə marağı ortaya çıxacaqdı. Xəbərlərdə telefon danışığının təşəbbüskarı haqqında məlumat yox idi, sadəcə yazılırdı ki, “prezidentlər arasında telefon danışığı olub”.

“Atlas” Araşdırmalar Mərkəzinin məlumatına görə telefon danışığının təşəbbüskarı Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan olub. Demək məhz Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Azərbaycan-Ermənistan qarşıdurmasını müzakirə etmək istəyib.

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə heç vaxt maraq göstərməyib. Buna dair sadəcə iki misal göstərmək olar.

Birinci misal. Rusiya prezidenti Vladimir Putin bir neçə il əvvəl Moskvada geniş mətbuat konfransı keçirirdi. Mətbuat konfransında iştirak edən azərbaycanlı jurnalistlərdən biri tədbir boyu Rusiya prezidentinə israrla sual vermək istəyirdi. Mətbuat konfransı bitdikdə ayağa qalxan Putin azərbaycanlı jurnalistin israrını müşahidə edərək ayaqüstü ona kinayəli şəkildə belə cavab vermişdi: “... yəqin yenə Qarabağdan sual verəcəksiniz”. Bu cavabın özü Qarabağ mövzusunun Kreml sahibi üçün maraqsız olduğunu göstərirdi.

İkinci misal. Rəcəb Tayyib Ərdoğan bir neçə il əvvəl rusiyalı həmkarıyla görüşdükdə müxtəlif mövzularla yanaşı Qarabağ mövzusunu müzakirə etmək istədikdə Putin ona qısaca belə cavab vermişdi: “Bu çox mürəkkəb məsələdir”. Putin bununla faktiki Ərdoğana demək istəmişdi ki, mən Səninlə Suriyanı müzakirə etməyə hazıram, ancaq Cənubi Qafqazdakı əsas problemi Səninlə müzakirə etməyə marağım yoxdur. Başqa sözlə Kreml Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığını qəbul etmirdi.

Ancaq indi durum fərqlidir. Moskva istəməsə belə Türkiyə Cənubi Qafqazda əsas oyunçulardan birinə çevrilib. Bunun bir səbəbi Azərbaycanla Türkiyə arasındakı strateji münasibətlərin inkişafıdırsa, ikinci səbəbi Azərbaycanın iştirakçısı olduğu böyük enerji və nəqliyyat layihələrinin Türkiyəyə uzanmasıdır. Yəni Azərbaycana qarşı istənilən həmlə Türkiyənin təhlükəsizlik maraqlarına toxunur və Ankara baş verənlərə seyrçi qala bilməz. Türkiyə bundan sonra Azərbaycanın milli və təhlükəsizlik maraqlarına toxunacaq proseslərdən kənarda qala bilməz və qalmayacaq. Bu səbəbdən Tovuz istiqamətindəki döyüşlərə ən sərt reaksiya verən dövlət məhz Türkiyə oldu. Türkiyənin rəsmiləri sərhəddəki döyüşlər fonunda açıq şəkildə dedilər ki, Azərbaycana istənilən hərbi dəstəyi verməyə hazırdırlar. Bu işğalçı Ermənistanla yanaşı həm də Rusiyaya ciddi mesaj idi. Buna görə də artıq Rusiya prezidenti də anladı ki, Türkiyəni Cənubi Qafqazdakı proseslərdən kənarda saxlamaq fiziki baxımdan mümkün deyil.

Ərdoğan Putinə telefon zəngindən bir neçə saat əvvəl vacib strateji gediş etdi, Türkiyənin ordu birlikləri Naxçıvana daxil oldu və bununla Kreml fakt qarşısında qaldı. Bundan başqa Türkiyə Azərbaycanla birgə ölkəboyu geniş hərbi təlimlərə başlayır. Türkiyə bir sıra ölkələrdə olduğu kimi bir anda Cənubi Qafqazda da oyun qurucusuna çevrildi. Bu vəziyyətdə Vladimir Putin Rəcəb Təyyub Ərdoğanla Azərbaycan-Ermənistan qarşıdurmasını geniş şəkildə müzakirə etməyə bilməzdi.

Aydındır ki, Ankaranın Azərbaycanla bağlı strateji planı Kremli narahat edir. Məhz ona görə Putin Ərdoğanla telefon söhbətində gərginliyin eskalasiyasına kömək edəcək hər cür fəaliyyətə imkan verməməyin vacibliyini qeyd edib. Kremldə şübhələnirlər ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların faydasız olduğunu anlayan rəsmi Bakı işğal altındakı torpaqların azad olunması üçün müxtəlif variantlar üzərində ciddi düşünür və bu planların reallaşmasında Türkiyənin dəstəyi olacaq. Bu baş verməsin deyə Putin Ərdoğanla söhbətdə diqqəti münaqişənin yalnız danışıqlar yolu ilə həllinə yönətlməyə çalışıb. Məsələn telefon danışığıyla bağlı yayılan xəbərdə belə bir hissə var: “Hər iki tərəf münaqişəli vəziyyətin istisnasız sülh yolu ilə həllində maraqlı olduqlarını bildiriblər. Liderlər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında Azərbaycan və Ermənistan xalqlarının maraqları çərçivəsində siyasi diplomatik yolla nizamlanmasının alternativsizliyi qeyd olunub”.

Beləliklə, Kreml Türkiyənin Azərbaycanda var olduğunu qəbul edib. Bundan sonra Putin Ərdoğanla görüşlərində və telefon söhbətlərində Suriya, Liviya və digər mövzularla yanaşı Azərbaycan-Ermənistan qarşıdurmasını da müzakirə etmək məcburiyyətindədir. Rusiya informasiya agentliklərinin prezidentlərin telefon danışığı barədə yaydığı xəbərdə “regionda sabitlik məqsədi ilə səylərin koordinasiyasına hazırlıq vurğulanıb” cümləsi də bundan verir. Bu cümlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni Rusiya-Türkiyə formatının yaradılmasına yol aça bilər.

Türkiyənin və Azərbaycanın Qarabağ planı sadədir:

1. Ermənistan işğal altındakı Azərbaycan ərazilərini boşaldır;

2. Azərbaycanlılar geri qayıdırlar;

3. Dağlıq Qarabağa geniş muxtariyyət və təhlükəsizlik təminatı verilir;

4. Azərbaycan və Türkiyə Ermənistanla kommunikasiya xətlərini açırlar və beləcə regional əməkdaşlığa Ermənistanın da qoşulması imkanları açılır.

Ermənistan bu təklifləri əvvəlki kimi rədd edib danışıqların uzanmasına çalışarsa, gərginliyin artmasına və bundan doğan nəticələrlə barışmalı olacaq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)